Dünən

Müasir Azərbaycan öz müstəqilliyinin 20 ili ərzində mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir.

XX əsrin 90-cı illərinin əvvəllərində sosializm ictimai-siyasi quruluşunun dərin iflası və SSRİ kimi nəhəng bir dövlətin süqutu digər postsovet ölkələri ilə yanaşı, Azərbaycanda da siyasi xaos, iqtisadi iflic və sosial tənəzüllə müşayiət olunmuşdu. Üstəlik həmin vaxt Azərbaycanın hərbi təcavüzə məruz qalması - erməni millətçilərinin soyqırımı və işğal siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin  işğalı, bir milyon azərbaycanlının öz yurdlarından didərgin düşməsi vəziyyətin son dərəcə ağırlaşmasına səbəb olmuşdu.

Bütün bu çətinliklərə baxmayaraq, 90-cı illərin ortalarından etibarən ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında tədricən dirçəlməyə və taleyüklü problemlərin həlli istiqamətində inamlı addımlar atmağa başladı. İlk növbədə, ölkə daxilində siyasi sabitliyin bərqərar olması təmin edildi.

Eyni zamanda, iqtisadi tarazlığın bərqərar edilməsi istiqamətində təsirli tədbirlər görüldü, böyük əzmlə sosial məsələlərin həllinə başlanıldı.

Azərbaycanın karbohidrogen ehtiyatlarının xalqın maraqlarına sərf olunmasının əsası məhz bu dövrdə “Əsrin müqaviləsi”nin bağlanılması ilə qoyulmuş, eyni zamanda genişmiqyaslı iqtisadi islahatların həyata keçirilməsinə start verilmişdir. Sovet dönəmindən qalmış inzibati amirlik idarə üsulunun yeni sərbəst rəqabət münasibətləri ilə əvəzlənməsi sahəsində köklü institusional dəyişikliklərin, bazar iqtisadi sistemini formalaşdırmaq istiqamətində məqsədyönlü siyasət aparılmasının, dövlət mülkiyyətinin özəlləşdirilməsi və yeni mülkiyyət münasibətlərinin formalaşdırılması, torpaq islahatları kimi vacib dəyişikliklərin özülü məhz sözügedən illərdə qoyulmuşdur.

Həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkənin enerji təhlükəsizliyi təmin edilmiş, Azərbaycan dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilmişdir. Karbohidrogen ehtiyatlarının hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır.

Təbii resursların geniş miqyasda hasilatına və ixracına nail olmaqla yeni impuls qazanan iqtisadi artım dinamikası, 2009-cu ildə qlobal iqtisadi böhran şəraitində belə Azərbaycan iqtisadiyyatında artımın qeydə alınması seçilmiş strateji kursun uğurla həyata keçirilməsinin təzahürüdür. 2011-ci ildə real ÜDM 2003-cü illə müqayisədə 3 dəfə artmış, 2011-ci ilin yekunlarına əsasən Azərbaycan Cənubi Qafqaz üzrə yaradılan əlavə dəyərin 70 faizindən çox hissəsinə sahib olmaqla, regionun lider dövləti kimi mövqeyini gücləndirmişdir.

Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi ilə bu sahənin inkişafında da ciddi nailiyyətlər qazanılmış Qeyri-neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misli görünməmiş miqyasda inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası sözügedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir.

İqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmağa başlamışdır. Sözügedən dövrdə böyük əksəriyyəti respublikanın bölgələrində olan 400-dən artıq tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunmuş, tibb müəssisələrinin hamısı müasir texnika və avadanlıqla təchiz edilmişdir.

Respublika əhalisinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün bir sıra zəruri tədbirlər görülmüşdür.

Son illərdə təhsil sahəsində nəzərəçarpan nailiyyətlərin əldə olunması da bilavasitə ölkəmizin modernləşdirilməsinə istiqamətlənmiş sosial-iqtisadi siyasətlə bağlıdır.

Ötən dövrdə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli addımlar atılmış, nəticədə 1 milyondan artıq şagirdin təlim şəraiti yaxşılaşdırılmışdır. Təhsilin məzmunca yenilənməsinə istiqamətlənmiş islahatlar aparılmış, Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bununla bərabər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı” çərçivəsində indiyədək 1204 nəfər Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə, xaricdə təhsil almağa göndərilmişdir. Ümumilikdə isə, Proqram, digər mənbələr və şəxsi təşəbbüslər hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində təhsil alır.

Təhsilin informasiyalaşdırılması sahəsindəki nailiyyətlər də ürəkaçandır. 2004-cü ildə hər 1063 şagirdə bir kompyuter düşdüyü halda, hazırda hər 20 şagirdə bir kompyuter nisbəti təmin olunmuşdur. “Xalq kompyuteri” layihəsi çərçivəsində 10 mindən çox müəllim kompyuterlə təmin olunmuş, 1200 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, inzibati, pedaqoji və texniki heyət əhatə olunmaqla, 75 min nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir. Müxtəlif fənlər üzrə elektron tədris resursları hazırlanıb məktəblərə verilmiş, 20 məktəbdə “elektron məktəb” layihəsi həyata keçirilməyə başlanmışdır.

Sosial-iqtisadi sahələrdə əldə olunan uğurlar beynəlxalq reytinq agentliklərinin (“Fitch Ratings”, “Moody’s”, “Standard & Poor’s”) Azərbaycan iqtisadiyyatı ilə bağlı ildən-ilə yaxşılaşan qiymətləndirmələrində də öz əksini tapmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business” hesabatında Azərbaycan mövqeyini yaxşılaşdırmış, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda Müstəqil Dövlətlər Birliyi və region ölkələri arasında lider mövqeyinə yüksəlmişdir.

Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna, digər MDB dövlətləri ilə müqayisədə daha tez daxil olmuş və bununla yanaşı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “orta insan inkişafı” ölkələri qrupunu tərk edərək, “yüksək insan inkişafı” ölkələri qrupuna yüksəlmişdir.