Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Konstitusiya Məhkəməsi təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və digər məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir, onlarla qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildir. Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.

Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsaslarını Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul edilmiş Konstitusiyası (24 avqust 2002-ci il ümumxalq referendumu nəticəsində əlavə və dəyişikliklər edilmişdir), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, 23 dekabr 2003-cü il tarixli "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, digər qanunlar və məhkəmənin Daxili Nizamnaməsi təşkil edir.

Konstitusiyanın 86, 88, 102, 103, 104, 107, 130, 153 və 154-cü maddələri Konstitusiya Məhkəməsinin formalaşması və fəaliyyəti prinsiplərini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin olunan 9 hakimdən ibarətdir. Yeddi hakim təyin olunduqda Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar və səlahiyyət müddəti başa çatdıqdan sonra təkrar eyni vəzifəyə təyin edilə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin I hissəsinə görə Konstitusiya Məhkəməsinin hakimləri öz səlahiyyətlərini həyata keçirərkən müstəqildirlər, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununa tabedirlər və səlahiyyətlərinin müddətində dəyişilməzdirlər. Konstitusiya Məhkəməsinin sədri və sədr müavini Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilir.

Konstitusiya Məhkəməsi qanunların və digər normativ hüquqi aktların, bələdiyyə və məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik iyerarxiasında özündən daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktlara uyğunluğunu yoxlayır, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğuları və ümumi məhkəmələrin müraciəti əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.

Konstitusiyaya müvafiq olaraq aşağıdakı subyektlər Konstitusiya Məhkəməsinə sorğu, müraciət və ya şikayət verə bilərlər:

Azərbaycan Respublikasının Prezidenti;
Azərbaycan Respublikasının Milli Məclisi;
Azərbaycan Respublikasının Nazirlər Kabineti;
Azərbaycan Respublikasının Ali Məhkəməsi;
Azərbaycan Respublikası Prokurorluğu;
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;
məhkəmələr;
ayrı-ayrı (fiziki və hüquqi) şəxslər;
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman).

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər. Konstitusiya Məhkəməsi məhkəmə aktlarından verilmiş fərdi şikayətlərə aşağıdakı hallarda baxır: tətbiq edilməli olan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edilmədikdə, tətbiq edilməli olmayan normativ hüquqi akt məhkəmə tərəfindən tətbiq edildikdə, normativ hüquqi akt məhkəmə tərəfindən düzgün şərh edilmədikdə. Belə şikayətlər məhkəmə aktından şikayət vermək hüququndan tam istifadə edildikdən sonra axırıncı məhkəmə instansiyasının qərarının qüvvəyə mindiyi andan altı ay müddətində, ərizəçinin məhkəməyə müraciət etmək hüququ pozulduqda isə həmin hüququn pozulduğu andan üç ay müddətində verilə bilər. Eyni zamanda "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 34.5-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının diqər məhkəmələr vasitəsi ilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

Qüvvədə olan qanunvericilik aktları, icra orqanlarının normativ aktları, bələdiyyə və ya məhkəmə aktları insan hüquq və azadlıqlarını pozduqda İnsan hüquqları üzrə müvəkkil qanunvericilikdə nəzərdə tutulmuş qaydada Konstitusiya Məhkəməsinə sorğu verə bilər.

Konstitusiya Məhkəməsi işlərə Palataların və Plenumun iclaslarında baxır. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsi qərarının təsviri-əsaslandırıcı və ya nəticə hissəsi ilə razı olmadıqda yazılı şəkildə xüsusi rəy tərtib edə bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Konstitusiya Məhkəməsinin qərarları qətidir, ləğv edilə, dəyişdirilə və rəsmi təfsir oluna bilməz. Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikasının rəsmi dövlət qəzetində dərc olunur.