Təhsil

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb.

Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib. Azərbaycan Respublikasında ümumi orta məktəb təhsili üç pillədən - ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır. Ümumi orta məktəb təhsili müvafiq təhsil proqramları (kurrikulumları) əsasında həyata keçirilir. Ölkədə ümumi orta məktəb təhsili əsasən ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziya, lisey, ilk və orta peşə-ixtisas məktəblərində, habelə kollec və ali təhsil müəssisələrinin nəzdində yaradılan məktəblərdə həyata keçirilir.

2005-ci il may ayıının 19-da Norveçin Berqen şəhərində keçirilən konfransda Azərbaycan Bolonya prosesinin həqiqi üzvü seçilmişdir.Azərbaycanın bu prosesə qoşulmaqda əsas məqsədi Avropa təhsil məkanına inteqrasiya olunmaqla kredit sisteminə keçməsini,müasir attestasiya və akkreditasiya sisteminin qurulmasının təmin olunmasıdır.

Təhsil sistemi ölkə daxilində olan bütün təlim-tərbiyə müəssisələrinin məcmusudur. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır.Ölkəmizdə təhsil sistemi Azərbaycan Respublikasının Təhsil Qanunu ilə tənzim olunur.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə “2007-2015- ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı təsdiq edilmişdir.

2012-ci ildən Dünya Bankı (DB) Azərbaycanın ali təhsil sistemi ilə bağlı yeni beş illik layihə hazırlayır. “Azərbaycan ali təhsil sistemində islahatlar layihəsi”nin üç əsas komponenti var. Həmin komponentlər ali təhsilin keyfiyyətinin təminatı, ali təhsil sistemində maliyyələşdirmə, ali təhsildə tənzimlənmə və idarəetmədir.

Azərbaycanda əhalinin 98,2 faizi oxuyub-yazma bilir və türk dünyasında ən yüksək orta təhsil Azərbaycandadır.