Münaqişə beynəlxalq ictimaiyyətin nəzərində

1993-cü ildə silahlı münaqişənin genişlənməsi nəticəsində BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul edilmişdir: 1993-cü il 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr. Bu sənədlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq edilmiş və “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu” ifadəsi qəbul olunmuşdur. Həmin ifadə BMT Baş Assambleyası tərəfindən hər il qəbul edilən “Birləşmiş Millətlər Təşkilatı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq” adlı qətnamələrə müntəzəm olaraq daxil edilir.

ATƏT çərçivəsində qəbul olunmuş qərarlar BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normativ hüquqi bazası və mexanizmini təşkil edir. Hələ 1992-ci ildə Helsinkidə keçirilmiş əlavə görüşdə ATƏM-in üzvü olan ölkələrin xarici işlər nazirləri Dağlıq Qarabağda silahlı münaqişənin genişlənməsi ilə əlaqədar narahatlıqlarını bildirmiş və Minskdə xüsusi konfrans çağırılması istəklərini ifadə etmişdilər. ATƏM-in 1994-cü ildə Budapeştdə keçirilmiş zirvə toplantısında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə sadiqlik təsdiq edilmiş və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin gücləndirilməsi barədə qərar qəbul olundu. Eyni zamanda, dövlət və hökumət başçıları ATƏM-in fəaliyyətdə olan sədrinə danışıqların vahid və razılaşdırılmış bazasını yaratmaq, eləcə də bütün vasitəçilik və danışıq fəaliyyətinin tam əlaqələndirilməsini təmin etmək üçün Minsk konfransının həmsədrlərini təyin etmək barədə tapşırıq verdilər. Dövlət və hökumət başçıları tərəflər silahlı münaqişənin dayandırılması barədə siyasi razılığa gəldikdən sonra sülhün qorunub saxlanması üçün ATƏM-in çoxmilli qüvvələrini göndərməyə siyasi cəhətdən hazır olduqlarını da bəyan etdilər.

1995-ci ildə MDB-nin üzvü olan dövlətlərin başçıları Müstəqil Dövlətlər Birliyində sülhün və sabitliyin qorunub saxlanması barədə Memorandum imzalayarkən Ermənistan həmin sənədin 7-ci və 8-ci bəndlərini qəbul etməkdən boyun qaçırdı. Həmin bəndlərdə deyilirdi ki, “Üzv dövlətlər... öz ərazilərində... separatizmin, millətçiliyin, şovinizmin və faşizmin hər hansı təzahürlərinin qarşısını almaq üçün tədbirlər görəcəklər”, onlar həmçinin “başqa üzv dövlətlərin ərazisində separatçı hərəkatları və separatçı rejimləri dəstəkləməməyi, ...onlara iqtisadi, maliyyə hərbi və başqa kömək göstərməməyi öhdəyə götürürlər”.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən yekun bəyannamənin qəbul edilməsinə mane oldu.

1997-ci il sentyabrın 20-24-də ATƏT-in Minsk qrupundan olan vasitəçilər münaqişənin sülh yolu ilə həllinə dair yeni plan təqdim etdilər. Həmin planda göstərilirdi ki, “Dağlıq Qarabağ Azərbaycanın tərkibində dövlət qurumu və ərazi qurumudur”. 1998-ci ilin noyabr ayında ATƏT-in Minsk qrupu tərəfindən təklif edilən “ümumi dövlət” ideyası Azərbaycan tərəfindən rədd olundu. 1999-cu ilin noyabr ayında ATƏT-in İstanbul zirvə toplantısında qəbul edilmiş yekun sənədlərində Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipinə birbaşa istinad yoxdur.

Ermənistan-Azərbaycan münaqişəsi Avropa Şurasında da müzakirə olunmuşdur. 1997-ci ildə AŞPA “Cənubi Qafqazda münaqişələr haqqında” qətnamə qəbul etmişdir. Həmin qətnamədə bəyan edilir ki, Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi, xüsusən, sərhədlərin toxunulmazlığı və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu verilməsi prinsipləri nəzərə alınmaqla tərəflərin danışıqlarının mövzusu olmalıdır.

1999-cu il aprelin 25-də Azərbaycan Prezidenti H.Əliyev və Ermənistan Prezidenti R.Koçaryan Vaşinqtonda ilk ikitərəfli görüş keçirdilər. 2001-ci il yanvarın 26-da və martın 4-5-də onlar Parisdə, daha sonra, 2001-ci il aprelin 3-7-də Ki-Uestdə görüşdülər.

2006-cı ildə ATƏT-in Minsk qrupu gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyən olunması üçün referendum keçirilməsini təklif etmiş və ona razılıq verilməsini erməni qoşunlarının Azərbaycanın hazırda işğal edilmiş torpaqlarından çıxarılması ilə əlaqələndirmişdi.

Prezidentlər İlham Əliyevin və Robert Koçaryanın 2003-cü il dekabrın 11-də Cenevrədəki ilk görüşündən başlayaraq dəfələrlə keçirdikləri görüşləri də qeyd etmək lazımdır.

Hadisələrin bu konturu bir tərəfdən, Cənubi Qafqazın iki dövləti olan Azərbaycanın və Ermənistanın təbiətində, digər tərəfdən, münaqişənin həllinə onların konseptual yanaşmalarında ciddi fərq olduğunu göstərir.

Diplomatik uğurların qiymətləndirilməsi meyarı praktikadadır – Azərbaycan dövlətinin şəksiz və qanunauyğun şəkildə ölkənin ümumi qüdrətində əks olunan uğurlarındadır.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin həlli ilə bağlı fikirlərini bildirərkən demişdir: “Bizim ən böyük kompromisimiz sülh danışıqlarına sadiq qalmağımızdır. Lakin biz bu imkanlardan istifadə etməklə yeni şərait yaratmalıyıq. Bir daha demək istəyirəm ki, hərbi potensialın möhkəmləndirilməsi avtomatik olaraq müharibənin yenidən başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə, o cümlədən müharibə vəziyyətində olan, ərazisi işğal edilmiş ölkə buna hazır olmalıdır. Eyni zamanda, mən əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə etməklə Ermənistana güclü təzyiq göstərə bilərik. Bu, artıq hiss edilir”.

Dağlıq Qarabağ problemi çoxmillətli Azərbaycanın vətəndaşlarının xeyrinə həll ediləcəkdir. Ölkəmiz burada məskunlaşan bütün xalqların ümumi evi olmuşdur və olacaqdır.