Ən qədim zamanlardan xanlıqlar dövrünədək

Qarabağ təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünyanın da ən qədim tarixə malik olan diyarlarındandır. Bu ərazidəki Azıx mağarasında ən qədim insanların yaşayış məskəni aşkar edilmişdir. Bu yaşayış məskəni Azərbaycanın, o cümlədən Qarabağın, Aralıq dənizi hövzəsi və Şərqi Afrika ilə birlikdə insanlığın ilk vətənlərindən biri olduğunu sübut edir. Azıx mağarasının tədqiqatçısı Azərbaycan alimi M.Hüseynov yazırdı: "Azıxda öyrənilmiş çay daşı alətləri mədəniyyətləri, Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə yaxınlıq təşkil edir. Eyni zamanda, alətlərin hazırlanmasında fərqli cəhətlər də vardır ki, bu da, Azıxın alt təbəqələrindən aşkar olunmuş əmək alətlərini Quruçay mədəniyyəti adlandırmaq imkanı vermişdir… Quruçay mədəniyyətinin yaşı isə 1 milyon 200 min ildən də qədimlərə aid edilə bilər".

1968-ci ildə Azıx mağarasının aşöl təbəqəsindən Azıx adamı - azıxantrop adlandırılan insanın çənə sümüyü tapılmışdır. Azıx adamının 350-400 min il əvvəl yaşadığı guman olunur. Qarabağda mustye mədəniyyəti daha çox Tağlar mağarası ilə təmsil olunmuşdur. Qarabağın arxeoloji cəhətdən öyrənilməsinin davam etdirilməsi burada daş dövrünün mezolit və eneolit dövrlərinin də geniş inkşaf etmiş olduğunu müəyyənləşdirə bilər. Eneolit (e.ə.VI-IV minilliklər), tunc və ilk dəmir dövrlərində (e.ə. IV minilliyin sonu - I minilliyin əvvəli) Qarabağın həyatında böyük dəyişikliklər baş vermişdi.8 Son tunc və ilk dəmir dövrü (e.ə. XIII-VII əsrlər) Xocalı-Gədəbəy mədəniyyəti adı almışdır. Bu dövrə aid Xocalı qəbiristanlığı arxeoloji abidəsindən üstündə Aşşur (Assuriya) hökmdarı Adadnirariyə aid mixi yazı olan əqiq muncuq tapılmışdır. Bu və digər tapıntılar bölgənin Yaxın Şərqlə iqtisadi və mədəni əlaqələrini təsdiq edir.

Təsərrüfat və mədəni həyatın inkişafı ilə yanaşı etno-siyasi proseslər də davam edir. Azərbaycanın cənubunda qüdrətli Manna dövləti (e.ə. IX-VI əsrlər) meydana gəlir. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olur. Şimali Azərbaycan torpaqları, o cümlədən Qarabağ ərazisi Urartunun işğallarından kənarda qalır. Bu dövrdə, ümümiyyətlə Cənubi Qafqazda (Zaqafqaziyada) erməni etnosu yox idi. Çox sanballı tədqiqatçılar, kollektiv monoqrafiyaların müəllifləri Zaqafqaziyanın siyasi tarixindən bəhs edərkən vahid fikir söyləyirlər: Urartunun əsas ərazisi SSRİ-nin sərhədlərindən kanarda yerləşirdi. Qədim dövrdə və orta əsrlərdə ermənilərin kompakt yaşadığı ərazi də indiki Ermənistan SSR-in hüdudlarından uzaqda idi. Urartu dövlətinin varlığına son qoyan Midiya dövləti (e.ə. 672-550) zamanı vəziyyət dəyişdi. Midiya Cənub-şərqi Zaqafqaziyanı özünə tabe etdi. Bu vəziyyət Əhəmənilər dövründə də (e.ə. 550-330) davam etmişdi.

Makedoniyalı İsgəndər (e.ə.336-323) Əhəməni dövlətini dağıtdıqdan sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. Bunun nəticəsi idi ki, Makedoniyalı İsgəndərin qısamüddətli hakimiyyətindən sonra, onun ölümü ilə imperiyası parçalandıqda Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. (Son dövrlərdə Azərbaycan tarixçiləri Atropatenaşünaslıq və Albanşünaslığı yeni elmi əsərlərlə zənginləşdirmiş, uzun zaman erməni müəllifləri tərəfindən qəsdən saxtalaşdırılmış olan bu dövrün elmi əsaslarla araşdırılmasına böyük töhvələr vermişlər. Onları burada xüsusi olaraq sadalamağa ehtiyac görmədik). E.ə. IV əsrdə və sonralar Atropatena Azərbaycanın şimalında da ərazilərə malik idi və bu zaman Qarabağ ərazisinə daxil olan torpaqların bir hissəsi həmin Azərbaycan dövlətinə tabe idi. Atropatena ilə eyni zamanda yaranmış Albaniya dövləti təxminən e.ə. IV- e. VIII əsrlərində mövcud olaraq, 1200 ilə yaxın dövr ərzində Azərbaycan tarixində böyuk rol oynadı. Bütün Qarabağ ərazisi Albaniya dövlətinin tərkibinə daxil idi və bu dövlət Qarabağı öz tərkibində qoruyub saxlamaq üçün misilsiz mübarizə apardı və bəzi istisnalarla buna nail ola bildi.Qarabağ Azərbaycan Albaniya dövlətinə məxsus olduğu kimi, burada yaşayan etnoslar - uti, sovdey, qarqar və başqaları da alban tayfaları idilər.

Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri də başlanır. Bu dövrdə ermənilər Kiçik Asiyanın şərqindəki erməni çarlığını qondarma "Böyük Ermənistan" adlandırır və köçüb məskən saldıqları bütün əraziləri erməni torpaqları elan etməyə cəhd edirlər. Roma imperiyasının e.ə. 66-cı ildə II Tiqranı darmadağın etməsi ilə uydurma "Böyük Ermənistan" əfsanəsi puça çıxır, onlar Romanın vassalına çevrilir. Bu vəziyyət IV əsrədək davam edir. Belə olduğu halda ermənilərin Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yeritməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Tədqiqatçının yazdığına görə "mənbələrin tədqiqi və I-IV əsrlərdəki gerçəkliklərin öyrənilməsi bizi əmin edir ki, Albaniyanın cənub sərhədi Araz çayı boyunca keçmişdir".

Qarabağın Azərbaycana məxsus olduğunu və burada ən qədim zamanlardan başlayaraq müxtəlif türk etnoslarının yaşadığını Azərbaycan və ümumtürk şifahi xalq ədəbiyyatının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanları da sübut edir. Dədə Qorqud dastanları VI-VII əsrlərdə Qarabağ da daxil olmaqla bütün Azərbaycan torpaqlarında, o cümlədən Göyçə gölü hövzəsində yayılmışdır. Bu qiymətli xalq-qəhrəmanlıq eposunun təsdiq etdiyi kimi, bəzi oğuz qəhrəmanları hətta Məhəmməd peyğəmbərin (s.) hüzuruna gedərək onun özü ilə də görüşmüşdülər. Ağqoyunlu hökmdarı Uzun Həsənin (1453-1478) göstərişi ilə yazılmış məşhur Oğuznamədə (Əbu Bəkr Tehraninin 1470-ci ildə yazdığı "Kitabi-Diyarbəkriyyə"sində) Göyçə dənizi yaylaqlarının və Qarabağın qədim oğuz türklərinə məxsus olduğu, oğuz türklərinin soykökündə duran Oğuz Xaqanın Göyçə dənizi ətrafında dəfn olunduğu, Bayandur Xaqanın isə Qarabağda, Göyçə dənizi yaylaqlarında yaşadığı və orada da dəfn olunduğu göstərilir.

Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin işğalları və bunun nəticəsində Albaniya dövlətinin aradan qaldırılması ilə baş verir. Ərəb işğallarınadək Qarabağın tarixi əhalisi etnik baxımdan eyni kökdən, yəni Azərbaycan-Albaniya kökündən olduğu halda, bu dövrdə Ərəb xilafətinin Azərbaycanla bağlı yeritdiyi faciəli siyasət nəticəsində vilayətin dağlıq hissəsində ermənilərin dini üstünlüyünün təmin edilməsi, zaman keçdikcə etnik sahədə də özünü göstərdi: Albaniyanın tarixi Arsax bölgəsi əhalisinin əvvəlcə qriqorianlaşdırılmasına, bunun ardınca da erməniləşdirilməsinə başlandı. Azərbaycanın bu bölgəsində qriqoiyanlaşdırma və erməniləşdirmə proseslərinin səbəbləri, gedişi və erməni-xilafət əməkdaşlığının mahiyyəti və b. problemlər, onun tarixi ədəbiyyatda necə əks olunması məsələləri akad. Z.Bünyadov tərəfindən xüsusi olaraq tədqiq edilmişdir. Təbiidir ki, qriqorianlaşdırmaya nisbətən erməniləşdirmə uzun proses olmalı idi və həqiqətən də bu belə oldu. Ona görə də Z.Bünyadov akad. S.T.Yeremyanın "VII əsrdən (qəti olaraq VIII əsrin əvvəllərindən) Alban kilsəsinə erməni kilsəsinin bir hissəsi kimi baxılırdı" və bu zaman Arran vilayətindən Sünik, Arsax, Uti və başqalarının erməniləşdirilməsini iddia edən fikrinə etiraz edərək yazır: "İki müxtəlif anlayış olan erməniləşdirmə və qriqorianlaşdırma anlayışlarının qarışdırılması diqqəti cəlb edir. Bu yerdə erməni kilsəsinin köməyi ilə Arran əhalisinin yalnız qriqorianlaşdırılmasından danışıla bilər. S.T.Yeremyanın bu barədəki nöqteyi-nəzəri o qədər də doğru deyildir, çünki Arran vilayətində Sünik vilayəti və Arsaxın xeyli hissəsi XII əsrin əvvəllərinə yaxın erməniləşdirilmişdir".

Bu fikir (həm də akad. S.T.Yeremyanın gəldiyi nəticə!) bir daha təsdiq edir ki, Qarabağın bu hissəsində yaşayan əhali əvvəldən erməni olmamış, əksinə yerli Azərbaycan-alban tayfaları olmuşlar və sonradan erməniləşdirilmişlər, daha doğrusu əvvəlcə qriqorianlaşdırılmış, sonra isə erməniləşdirilmişlər.

Populyasiyanın etnogenezi və onun qarşılıqlı əlaqəsi haqqında informasiya verən və müasir elmi nailiyyətlərə əsaslanan odontoloji tədqiqatlar da bunu sübut edir. Heç də təsadüfi deyil ki, Ərəb xilafəti parçalandıqdan sonra Albaniyanın həmin ərazisində Sünik və Arsax-Xaçın knyazlıqları yarandı. "XII əsrin sonlarına yaxın Sünik padşahlığı dağıldı, buradakı hakim sülalə 1166-cı ildən knyaz Qriqorun və Smbatın ölümü ilə kəsilmiş oldu. XII əsrin sonu-XIII əsrin əvvəllərində Arsax ərazisində təşəkkül tapan Xaçın knyazlığı İ.A.Orbelinin sözləri ilə desək "qədim Albaniyanın bir hissəsi" idi". Beləliklə, tamamilə təbiidir ki, Ərəb xilafəti dağılarkən onun ərazisində dirçələn yerli dövlətlər içərisində heç bir erməni dövləti olmamışdır. Bu da, Azərbaycandan və Gürcüstandan fərqli olaraq, Cənubi Qafqazda ermənilərin ümumiyyətlə dövlətçilik tarixinə malik olmadıqlarını sübut edir.

Bu proseslərin baş verdiyi IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər-Atabəylər-Şirvanşahlar dövrü bütün Cənubi Qafqazda Azərbaycanın qüdrətinin daha da artdığı bir dövr idi. Sacilər və Atabəylər faktik olaraq Azərbaycanın tarixi torpaqlarını siyasi cəhətdən birləşdirmişdilər. Keçmiş Albaniya ərazisində yaranmış Xaçın knyazlığı Mehranilər nəslinə mənsub olan Həsən Cəlalın dövründə (1215-1261) yüksək inkişaf mərhələsinə çatmışdı. Təsadüfi deyil ki, dövrün narrativ və epiqrafik abidələrində o, "Xaçın ölkələri knyazı", "Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı" titulları ilə yanaşı, "Albaniya hökmdarı" titulu ilə də anılır. Başqa sözlə, Həsən Cəlalın bütün titulları Azərbaycan - Albaniya tarixinə məxsusdur. Onun zamanında Alban memarlığının ən mühüm incilərindən biri olan Qanzasar monastırı tikildi.

Monqolların birinci yürüşü zamanı (1220-1222) zəifləmiş Atabəylər dövlətinə son qoyan Xarəzmşah Cəlaləddinin Azərbaycanda hökmranlığı zamanı (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi.

Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə (1231-1239) Qarabağ digər Azərbaycan torpaqları kimi Ali monqol xaqanlığının (1239-1256), sonra isə Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində idi. Qarabağın bu dövr tarixi haqqında məlumat nisbətən daha əhatəlidir və daha yaxşı öyrənilmişdir. Həmin dövrdə "Qara" və "bağ" söz birləşməsi - "Qarabağ", artıq, konkret coğrafi əraziyə şamil edilir. V.Piriyev yazır: "Arran Qarabağı" adı ilk dəfə Rəşid əd-Dinin "Came ət-təvarix" əsərində 1284-cü il hadisələrinin şərhi ilə əlaqədar xatırlanır". Bu dövrdə Qarabağ Arranın daxilində dağlıq və dağətəyi torpaqları birləşdirən vahid ərazidən ibarət idi. XIII-XIV əsrlərdə Qarabağ Hülakular dövlətinin siyasi tarixində mühüm rol oynayır. V.Piriyev qeyd edir ki, "Monqol hökmdarlarının daima Qarabağda qışlamaları bir sıra dövlət səviyyəli hadisələrin burada baş verməsinə səbəb olmuşdur. Təkcə onu göstərmək kifayətdir ki, monqol hökmdarlarından ikisi (Qazan xan və Arpa xan) səltənət taxtına Qarabağda çıxmış, ikisi isə (Arqun xan və Əbu Səid) Qarabağda vəfat etmişdir". XIII-XIV əsrlərdə də Qarabağ Azərbaycan torpağı idi və onun əhalisi də, əsasən, Azərbaycan türklərindən ibarət idi.

XV əsrdə Qarabağ Azərbaycan Qaraqoyunlu (1410-1467) və Ağqoyunlu (1468-1501) dövlətlərinin tərkibində idi. Lakin Qaraqoyunlular dövründə Qarabağın sonrakı tarixində özünü göstərəcək bir hadisə baş verdi. XV əsrdə keçmiş alban hakimi Həsən Cəlalın nəsli (Cəlalilər) Qaraqoyunlu Cahan şahdan "məlik" titulu aldı. Sonralar Cəlalilər nəslinin mülkü beş alban feodal knyazlıqları - məliklliklərinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.

Azərbaycan Səfəvi dövlətinin yaranması ilə (1501) bütün Azərbaycan torpaqlarının mərkəzləşdirilməsinə başlandı. XVI əsrin ortalarında Azərbaycan torpaqlarının vahid dövlət halında mərkəzləşdirilməsi başa çatdı. Bununla Azərbaycan Səfəvi dövləti regionun Osmanlı imperiyasından sonra ikinci ən qüdrətli dövlətinə çevrildi. Belə olduğu halda o dövrdə ermənilərin hər hansı etnik-siyasi üstünlüyü mümkün olan məsələ deyildi. Əksinə, həmin dövrdə Azərbaycanın etnik və siyasi sərhədləri daha aydın şəkil alır. Səfəvilər Azərbaycanda 4 bəylərbəylik yaradır ki, onlardan biri də Qarabağ və ya Gəncə bəylərbəyliyi idi. Osmanlıların bu torpaqlarda tərtib etdikləri icmal və müfəssəl dəftərlər həmin bəylərbəyliyin inzibati-ərazi bölgüsü haqqında aydın təsəvvür yaradır. 1593-cü il məlumatına görə Gəncə-Qarabağ əyaləti 7 sancaq, 36 nahiyəyə bölünürdü. Burada qeydə alınan 1,3 mindən çox toponimik vahidlərin hamısı, demək olar ki, azərbaycanlılara məxsus idi. Bunlardan heç biri ermənilərə məxsus olmamışdır.

Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları İran, Rusiya və Osmanlı dövlətləri arasında müharibələr meydanına çevrildi.

Bu dövrdə Gəncə-Qarabağ torpaqları əvvəlcə Osmanlı imperiyası tərkibində olmuşdur. Həmin dövrdə tərtib olunan Osmanlı dəftərləri də azərbaycanlıların bölgənin əsas əhalisi olduğunu sübut edir. Hesablamalara görə 1727-ci ildə Gəncə-Qarabağ əyalətinin əhalisi 122 min nəfər idi. Onun 80,3 min nəfərini (66%) azərbaycanlılar, 37,8 min nəfərini (31%) ermənilər (daha doğrusu qriqorianlaşmış və erməniləşmiş albanlar), 3,7 min nəfərini (3,1%) kürdlər təşkil etmişdir. Bəhs olunan dövrdə Rusiyanın fəal köməklik göstərdiyi qriqorianlaşmış albanlar siyasi cəhətdən fəallaşır. Digər tərəfdən, sonuncu Səfəvi hökmdarı III Abbası yıxaraq hakimiyyətə gələn Nadir şah Əfşar (1736-1747) onu qanuni hökmdar kimi tanımaqdan imtina edən Gəncə-Qarabağ bəylərbəyliyinin türk-müsəlman əhalisinə qarşı ağır cəza tədbirləri həyata keçirdi ki, bu amil də Qarabağın alban məliklərinin mövqeyini gücləndirdi və onların separatizminə təkan verdi. Nadirin ölümü ilə onun dövləti parçalandı, Azərbaycanda yerli dövlətlər - xanlıqlar yarandı. Başqa sözlə Azərbaycan, xanlıqların timsalında özünün dövlət müstəqilliyini növbəti dəfə bərpa etdi. Keçmiş Gəncə-Qarabağ əyalətinin ərazisində iki Azərbaycan xanlığı - Gəncə və Qarabağ xanlıqları yarandı.