Regional inkişaf

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, beş il ərzində Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmış, yoxsulluq səviyyəsi 13,2 faizədək azalmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır.

Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. Bu dövr ərzində regionlara yönəldilmiş dövlət investisiyalarının ümumi məbləği 6,8 milyard manata yaxın olmuşdur. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. 2004-2008-ci illərdə dövlət investisiyalarının həcminin artması regionlarda infrastruktur, kommunal, sosial xidmət obyektlərinin tikintisinin bir neçə dəfə artmasına və xidmət sektorunda keyfiyyətin yüksəlməsinə təkan vermişdir.

Beş il ərzində ölkədə 9 elektrik stansiyası - Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyaları, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyası, Sumqayıt şəhərində istilik elektrik stansiyası, Bakıda 2 elektrik stansiyası tikilib istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi 13 illik fasilədən sonra bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlərə başlanılmışdır. Beş il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir. Beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir. Metro nəqliyyatı sahəsində Bakıda “Nəsimi” stansiyası inşa olunmuş, “İçərişəhər” və “28 may” stansiyaları yenidən qurulmuşdur. Dövlət Proqramı çərçivəsində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmiş, səhiyyə sahəsində Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamışdır. Beş il ərzində regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmişdir. Ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir

Beş il ərzində yaradılmış müəssisələrin 88 faizdən çoxu xüsusi mülkiyyətli müəssisələr olmuş, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmiş, nəticədə 68,2 mindən çox yeni iş yeri yaradılmışdır.

Ümumilikdə, 2004-2008-ci illər ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmış, 27,5 mindən çox yeni müəssisə yaradılmışdır.

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” məntiqi davamı olaraq hazırlanmış sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin 2009-2013-cü illərdə də davam etdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda yeni Dövlət Proqramı əvvəlkindən fərqli olaraq mühüm prioritet kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri də özündə əks etdirir.

Məhz ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu baxımından Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulmuşdur.

Ümumilikdə, Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində həyata keçiriləcək tədbirlər 3 səviyyədə müəyyənləşdirilmişdir:

- Ölkə əhəmiyyətli tədbirlər;

- Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər;

- Ölkənin iqtisadi rayonları səviyyəsində həyata keçiriləcək tədbirlər;

Dövlət Proqramının Tədbirlər Planında ölkə üzrə 1066 tədbir, o cümlədən ölkə əhəmiyyətli 58, Bakı şəhəri üzrə 40, iqtisadi rayonlar üzrə 968 tədbir nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, yoxsulluq səviyyəsinin aşağı düşməsində və əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamaqdadır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev regionların inkişafını 2012-ci il ərzində də diqqət mərkəzində saxlamış, regionlarda 250-dək müxtəlif təyinatlı obyektlərlə tanışlığı, o cümlədən yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, müxtəlif bölgələrdə yerli ictimaiyyətlə keçirdiyi mütəmadi görüşlər respublikamızın sosial-iqtisadi sahələrinin inkişafına böyük təkan vermişdir. 2012-ci il ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Gəncə, Şəki, Yevlax və Lənkəran şəhərlərinin, Goranboy, Qusar, Beyləqan, Biləsuvar, Şəmkir, Kürdəmir, Cəlilabad, Astara, Salyan, Masallı, İsmayıllı, Göygöl, Gədəbəy, Şabran, Balakən, Daşkəsən, Lerik, Oğuz, Samux, Qazax, Tovuz, Ağstafa, Abşeron, Siyəzən, Neftçala, Bərdə, Saatlı, İmişli, Tərtər, Zərdab, Ağsu, Hacıqabul, Füzuli və Qobustan rayonlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Abşeron rayon mərkəzi xəstəxanasının tikintisinə, Astara rayon mərkəzi və Sumqayıt şəhər 1 nömrəli xəstəxanalarının yenidənqurulmasına, Ağcabədi, Ağsu, Cəlilabad, Lənkəran və Yevlax mərkəzi rayon xəstəxanalarının təmir-tikinti işlərinə, Gəncə və Sumqayıt şəhərlərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsinə, Göytəpə (Tovuz) Arxeoloji Parkının yaradılmasına, Qazaxda Ədəbiyyat muzeyinin tikintisinə, Zərdabda Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin təsis edilməsinə, Abşeronda yeni Zooloji Parkın tikintisinə, Xaçmazda Samur-Yalama Milli Parkının yaradılmasına dair əlavə tədbirlər haqqında sərəncamlar imzalanmışdır. Eyni zamanda, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarınınaradan qaldırılması ilə əlaqədar Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpagücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasının sürətləndirilməsini və bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə “2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında” ölkə başçısının 29 mart 2012-ci il tarixli Sərəncamı ilə 50 milyon manat vəsait ayrılmışdır. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 may 2012-ci il tarixli, 117s nömrəli sərəncamı ilə 2012-ci il may ayının 7-də Şəki Zaqatala regionunda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 20 milyon manat və sonradan 2012-ci ilin dövlət büdcəsində edilmiş dürüstləşməyə əsasən, 300 milyon manat vəsait ayrılmışdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu istiqamətdə zəlzələ zonasında təbii fəlakətin nəticələri aradan qaldırılır və ziyan dəymiş əhaliyə hər cür köməkliyin göstərilməsi davam etdirilir.

2012-ci ildə Bakı şəhərinin rayon və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası da uğurla davam etdirilmiş, ölkə başçısı tərəfindən Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair əlavə tədbirlər, Bakı şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi, yaşıllaşdırma işlərinin təmin edilməsi, Xəzər rayonunun Pirallahı qəsəbəsinin sosial-iqtisadi inkişafı, Dənizkənarı Bulvarın genişləndirilməsi, Bakı Sağlamlıq Mərkəzinin tikintisinin sürətləndirilməsi, yeni məscid kompleksinin, Su İdmanı Sarayının, Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının, Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı müvafiq sərəncamlar imzalanmışdır.

Azərbaycan Respublikasının Prezidentinin ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsində 2012-ci il ərzində 93 mini daimi olmaqla 117 min yeni iş yeri, 5,4 min müəssisə açılmışdır. Yeni fəaliyyətə başlamış sahibkarlıq subyektləri iqtisadiyyatın bütün sahələrini əhatə edir.

Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 20 mindən çox müəssisə fəaliyyətə başlamış, 360 minə yaxın yeni iş yeri yaradılmışdır ki, bunun da 270 mindən çoxu daimi olmuşdur. İqtisadi inkişafın əsas meyarlarından biri olan yoxsulluğun səviyyəsinin azaldılması üzrə qarşıya qoyulmuş məqsədlərə uyğun əməli işlər ardıcıl olaraq davam etdirilmiş və yoxsulluğun səviyyəsi 2012-ci ilin sonlarında 6 faizə enmişdir.