Kənd təsərrüfatı

kəndAzərbaycan üçün bu gün ən mühüm məqsədlərdən biri iqtisadiyyatın neftdən asılılığını aradan qaldırmaq və iqtisadi inkişafın kənd yerlərinə daha çox yayılmasını təmin etməkdir. Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda ən böyük pay sahibidir (2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i, neft sektorunda isə cəmi 1%-i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına əsaslı təsir edən sahədir. 1995-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar nəticəsində ölkə iqtisadiyyatında bazar münasibətlərinin qurulmasına, torpaq və əmlakdan səmərəli istifadə edilməsi, aqrar bölmənin sahə strukturunun təkmilləşdirilməsi, sahibkarlığın formalaşmasına, kəndin simasınının dəyişdirilməsinə ciddi təsir göstərmişdir. Kənd təsərrüfatının sosial və sahəvi tərkibində əsaslı dəyişikliklər baş vermişdir. İri təsərrüfat formalarının əvəzində müxtəlif mənsubiyyətli çoxsaylı təsərrüfat subyektləri yaradılmış, geniş miqyaslı özəlləşdirmə siyasətinə uyğun olaraq, kənd təsərrüfatına yararlı torpaq sahələri, mal-qara, istehsal və qeyri-istehsal obyektləri, kənd təsərrüfatı texnikası üzərində dövlət mülkiyyət forması fərdi (şəxsi) mülkiyyətlə əvəz edilmişdir. Kənd təsərrüfatı istehsalçılarının sayı 1.208,7 min vahidlə xarakterizə edilir. Bu istehsalçıların 99,98 faizi özəl, 0,02 faizi isə dövlət təsərrüfatlarından ibarətdir. Bundan əlavə, 78.648 müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı ilə məşğul olan bağ evi təsərrüfatları mövcuddur. İxtisaslaşdırılmış kənd təsərrüfatı istehsalçılarının 66,8 faizi ailə kəndli, 32,8 faizi ev təsərrüfatları, 0,2 faizini isə kəndli (fermer) təsərrüfatları təşkil edir. 2006-cı ilin ÜDM-də kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsində yaradılan əlavə dəyərin xüsusi çəkisi 7,1% təşkil etmişdir . 2005-ci illə müqayisədə məhsul istehsalının həcmi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 0,9 faiz artmışdır, o cümlədən bitkiçilik üzrə məhsul istehsalının həcmində 0,8 azalma, heyvandarlıq məhsulları istehsalında 2,9 faiz artım müşahidə edilmişdir. Bitkiçilik üzrə məhsul istehsalının həcminin azaldılması əkin sahələrinin azalması hesabına baş vermişdir ( kartofun əkin sahəsi 5,4 faiz, bostan bitkilərinin əkin sahəsi 0,5 faiz, çay plantasiyalarının əkin sahəsinin 38,5 faiz azalmışdır). Kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatlarına investisiya qoyuluşu 2005-ci illə müqayisədə 42 faiz artaraq 32, 3 mln manat təşkil etmişdir. Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa çəkilən büdcə xərclərinin xüsusi çəkisi 3,5 faiz, 2005-ci illə müqayisədə isə 37,2 faiz artmışdır. Kənd təsərrüfatı istehsalçılarının mülkiyyətində və icarəsində olan torpaq sahələrinin mütləq kəmiyyəti 2324,2 min hektara bərabərdir. Onun 69,3 faizi ailə kəndli təsərrüfatlarının, 11,4 faizi ev təsərrüfatlarının və 2 faizi kəndli (fermer) təsərrüfatlarının sərəncamındadır. Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla, 1,92 ha ümumi torpaq sahəsi mövcuddur. Əkinçilikdə təsərrüfatların yalnız 16,0 faizi mineral gübrələrdən, 32,0 faizi üzvi gübrələrdən istifadə edirlər. Kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək məqsədilə 2007-ci ilin dövlət büdcəsindən 80 mln manat vəsait ayrılmışdır. Respublikada 48 rayonda texniki xidmət servisləri yaradılmışdır. 

“2008-2015-ci illərdə Azərbaycan Respublikasında  əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 2012-ci ildə əsaslı  işlər görülmüşdür.

Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətlərin (DKTİM MMC) mövcud torpaq sahələrindən istifadə vəziyyəti təhlil edilərək məhsuldarlığın artırılması üçün tədbirlər görülür. Damazlıq və toxumçuluq üzrə DKTİM MMC-lərdə 16976 hektar əkinə yararlı torpaq sahəsinin 9644,7 hektarı suvarılan torpaqlardır. Mövcud əkin sahəsinin 8754 hektarı 2012-ci  ilin əkini altında ( taxıl 5874 ha, xəsil 380 ha, xaşa 91 ha,  yonca 1657 ha, yazlıq əkinlər 663 ha, bağlar 89 ha,) olmaqla  6650 hektar  dincə qoyulmuş, 421 hektardan biçənək kimi istifadə olunur.

Görülmüş işlər nəticəsində 2011-ci ildə 1607,4 min hektar, 2012-ci ildə isə 1647 min hektar istifadə olunmuş və 2011-ci ilə  nisbətən  39,6 hektar çox əkin  aparılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalçıları onlara təhkim  edilmiş əkin  sahələrindən   maksimum istifadə etmək, torpağın strukturunu və münbitliyini yaxşılaşdırmaq və yüksək məhsuldarlığa nail olmaq üçün kənd təsərrüfatı  bitkilərinin  növbəli əkininə diqqəti artırmışlar. Belə ki, 2012-ci ilin məhsulu üçün 1647 min hektarda (çoxillik əkmələr istisna olmaqla) əkin aparılmışdır ki, onun da 1031,8 min hektarını və ya 62,6 faizini payızlıq və yazlıq dənli və dənli  paxlalılar, 174,1 min hektarını  və ya 10,6 faizini  kartof, tərəvəz və bostan bitkiləri, 48,4 min hektarını və ya 2,9 faizini texniki bitkilər (pambıq, tütün, şəkər çuğunduru, günəbaxan və s), 392,7 min hektarını və ya 23,9 faizini yem bitkiləri təşkil etmişdir.

01 yanvar  2012-ci il üçün  torpaq balansı üzrə  müəyyən edilmiş 1684,3 min ha əkin yerinin  97,8% dən əkin altında  istifadə olunmuş 2,2 faizi isə dincə və herik kimi  saxlanmışdır.

2005-2012 –ci illərdə respublikaya “Aqrolizinq”ASC tərəfindən 1033 ədəd taxılyığan kombayn gətirilmişdir.