Sənaye

sənayeSənaye - ölkə iqtisadiyyatının inkişaf etmiş sahələrindən biridir. Əsasən yanacaq və energetika, kimya, maşınqayırma, metallurgiya, yeyinti, yüngül və digər sənaye sahələrini özündə birləşdirən bu vacib sahə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin əməyi sayəsində ötən əsrin ortalarından başlayaraq inkişaf etmişdir.
Ölkə iqtisadiyyatında aparılan genişmiqyaslı, köklü islahatlar nəticəsində 1995-2013-cü illərdə sənaye sahəsində uğurlu nəticələr əldə olunmuşdur. 1994-cü ilin 20 sentyabrında neft və qaz hasilatı sənayesində birgə fəaliyyətlə bağlı dünyanın inkişaf etmiş ölkələrini təmsil edən iri şirkətlərlə bağlanan müqavilələr neft və qaz sənayesinin sürətlə inkişaf etməsinə təkan vermişdir. Qeyd edək ki, hasilat sənayesi ilə yanaşı emal sənayesi də inkişaf edir.
Əvvəllər xarici ölkələrdən idxal olunan bir çox malların müəyyən qisminin artıq Azərbaycanda istehsal olunmağa başlanması daxili bazarımızın zənginləşməsinə, idxaldan asılılığımızın demək olar ki, aradan qalxmasına imkan yaratmışdır.
Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir. Ölkə rəhbərliyi tarafindən həyata keçirilən "açıq qapı" siyasətinin nəticəsidir ki, xarici və müştərək müəssisələrinin sayı 3 dəfə artmışdır. Hazırda sənaye səhəsində 63 dövləti təmsil edən 200-ə yaxın xarici investisiyalı müəssisə fəaliyyət göstərir, minlərlə yeni iş yerləri açılmışdır. Yeni formalaşan təsərrüfat strukturlarının nəzərə çarpacaq dərəcədə artması, kiçik sahibkarlığın genişlənməsi və dinamik inkişafı, fiziki şəxslərin sahibkarlıqla məşğul olması qeyri-dövlət sektorunun rolunun getdikcə artması ilə müşayiət olunur.
Ortamüddətli perspektivdə sənaye sahəsində dövlət siyasətinin əsas məqsədləri sənaye istehsalının dayanıqlı və yüksək artım templərinin təmin edilməsi, strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması olacaqdır. Bu sahədə əsas tədbirlər istehsal avadanlığının yüksək mənəvi və fiziki aşınmasının aradan qaldırılmasından, milli məhsulun rəqabət qabiliyyətliliyinin, sənayedə investisiya və innovasiya fəallığının artırılmasından, qeyri-neft sektorunun daha sürətli inkişafının və emal fəaliyyət növlərinin stimullaşdırılmasından ibarət olacaqdır.
Neft sektorunun dinamik inkişafı qeyri-neft sahələrinin inkişafının daha da sürətləndirilməsi üçün möhkəm zəmin yaradacaqdır. Bununla yanaşı, qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi və digər islahatlar 2008-2012-ci illər ərzində qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir.
Yuxarıda göstərilənlərlə yanaşı qeyri-neft sektorunun inkişafı istiqamətində aşağıdakı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetiriləcəkdir:
• restrukturizasiya və özəlləşdirmə prosesinin sürətləndirilməsi;
• satış bazarı olan və yenidən qurulması iqtisadi cəhətdən məqsədəuyğun olan sənaye müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;
• müasir texnologiyalara əsaslanan sənaye müəssisələrində beynəlxalq standartların tətbiqinə keçidin sürətləndiriməsi;
• azad rəqabət mühitinin inkişaf etdirilməsi;
• investisiyaların təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi;
• ənənəvi milli sənətkarlıq sahələrinin inkişafı;
• elm tutumlu istehsalın inkişaf etdirilməsi məqsədilə tətbiqi elmlərin, müasir şəraitdə bazar konyunkturunun tələblərinə uyğun elmi-tətqiqat institutlarının maddi-texniki bazasının gücləndirilməsi.
Hazırda ölkə sənaye sektorunun inkişaf etdirilməsində əsas məqsəd respublikada elmtutumlu və yüksək texnologiyalı, rəqabətədavamlı və ixracyönümlü, dünya standartlarına cavab verən sənaye məhsullarının istehsal edilməsinə və dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi, sənaye kompleksində dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması, təbii sərvətlərin və əmək resurslarının səfərbər edilməsi sənayenin davamlı inkişafa nail olmaqdan ibarətdir.
Neft sektorunun dinamik inkişafı və regionların enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması, eyni zamanda qeyri-neft sektorunda yaradılan əlverişli investisiya mühiti, aparılan özəlləşdirmə prosesi, kiçik və orta sahibkarlığa maliyyə dəstəyi və digər islahatlar qeyri-neft sahələrinin daha intensiv inkişafını təmin edəcəkdir.
Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
• sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
• sənaye strukturunun seçilmiş inkişaf istiqamətlərinə uyğun olaraq yenidən qurulması və onun investisiya tələblərinə uyğunlaşdırılması;
• dövlət mülkiyyətində olan və ya səhmlərin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması;
• istehsalın texnoloji cəhətdən yenidən qurulması;
• investisiya mənbələrinin və resurslarının müəyyənləşdirilməsi və artırılması;
• güzəştli büdcə vəsaiti hesabına sənayenin inkişafının dəstəklənməsi;
• vergi və gömrük siyasətinin təkmilləşdirilməsi, ixracın dəstəklənməsi və daxili bazarın qorunması;
• ixtisaslı işçi qüvvəsinin hazırlanması;
• sənaye şəhərciyinin yaradılması ilə rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsalların yaradılmasının təşviqi və bu sayədə regional və dünya iqtisadiyyatına inteqrasiyanın gücləndirilməsi və dünyada mövcud olan elmi texniki innovasiya proseslərinə qatılması.
Neft və qaz hasilatı sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə tədbirlər davam etdiriləcək:
• yeni yataqların axtarışı və kəşfiyyatı;
• aşkar edilmiş yataqların tammiqyaslı işlənməyə cəlb edilməsi;
• işlənmədə olan yataqlarda yeni quyuların qazılması və fəaliyyətsiz quyuların bərpası;
• işlənmədə olan yataqlar üzrə neftvermə əmsalının artırılması məqsədilə yeni texnika və texnologiyaların tətbiqi;
• neft-qaz hasilatı, nəqli və emalı sistemlərinin tikilməsi, yenidən qurulması və modernləşdirilməsi;
• elm və texnikanın nailiyyətlərindən və qabaqcıl təcrübədən geniş istifadə edilməsi.
Energetika sənayesinin inkişafı məqsədilə aşağıdakı istiqamətlərdə işlərin aparılması davam etdiriləcək:
• alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi;
• yeni stansiyaların və ötürücü şəbəkələrin tikintisi;
• stansiyalarda və enerji ötürmə sistemində yenidənqurma işlərinin aparılması;
• yanacaq sərfinin azaldılması;
• enerji istehsalında və ötürmədə texniki və texnoloji itkilərin azaldılması.