Milli oyanış və dirəniş tariximiz …

17.11.2016

Milli Dirçəliş günü Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu günün tarixi 1988-ci ilin 17 noyabrında başlayan “Meydan hərəkatı” ilə bağlıdır.  Məhz həmin gün Bakının əsas meydanı xalqımıza qarşı ikili siyasət aparan SSRİ orqanlarına  qarşı milyonlarla etirazçının davamlı mitinqinə şahidlik etdi.

1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistanın Azərbaycana qarşı təcavüzü genişləndi. Moskvanın buna biganə münasibətini görən ermənilər daha da fəal və planlı şəkildə Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlını öz ata-baba yurdlarından kütləvi şəkildə çıxartdılar. Bununla da kifayətlənməyən mənfur düşmənlər 1988-ci il fevralın əvvəllərində Dağlıq Qarabağ bölgəsində iğtişaşlar törətdilər. Onlar yaranmış vəziyyətdən çox məharətli şəkildə sui-istifadə edərək Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırdılar. Məhz belə bir vaxtda xalq ayağa qalxdı. Çünki xalq artıq başa düşürdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görməyə cəhd etmir. Xalq imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi.  18 gün aramsız davam edən, milyonlarla insanın qatıldığı bu aksiya həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası idi. SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın da mühüm rol oynadığını qeyd edirlər. Dekabrın 4-dən 5-nə keçən gecə ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilmədi. 18 günlük “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olundu. Bu tarixi gün millətin dirçəlişində dönüş nöqtəsi oldu. Bu günlər  xalqın milli özünüdərkində, oyanışında, daha sonra əldə olunan azadlığında əhəmiyyətli rol oynadı. 1990-cı il 20 yanvar faciəsi də  milli azadlıq və müstəqillik uğrunda mübarizənin pik nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu və xalqın dirçəliş əzminin  sönmədiyini bir daha göstərdi. Bu tarixi xidmətlərin nəticəsidir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “Dirçəliş günü” adlandırdı.

Müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan savadsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət, daxili siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaratdı. Lakin böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin xalqın tələbi ilə ölkədə yenidən hakimiyyətə qayıdışı bu təhlükəni sovuşdurdu.

1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş günü kimi dövlət səviyyəsində qeyd olunur. Bu gün 2006-cı ilədək rəsmi bayram kimi qeyri-iş günü idi. Həmin ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərdən sonra 17 noyabr tarixi iş günü sayılır.

17 noyabr Azərbaycan dövlətçiliyinin dönüş nöqtələrindən biri kimi yaddaş tariximizə əbədi daxil oldu. Bu gün xalqı birləşdirdi, ölkəmizin müstəqilliyinin bərpası üçün xalqı oyatdı. Bu mübarizə nəticəsində xalq öz müstəqilliyini əldə edə bildi. Müasir Azərbaycan dövləti də məhz bu dirçəlişin üzərində dayanaraq inamlı gələcəyini təmin edir.

Millətimizin əzmi, qüvvəsi, birliyi heç vaxt pozulmasın! Dirçəlişimiz mübarək!

Nailə Məmmədova

“Azerbaijan Realities”