Azərbaycan-Vatikan əlaqələrinin yeni mərhələsi

14.10.2016

Azərbaycan Respublikası ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Diplomatik münasibətlərin yaradılmasına baxmayaraq, ikitərəfli münasibətlərdə aktivlik nəzərə çarpmayıb. Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli rəsmi səfərlər həyata keçirilibdir. Bu münasibətlərin inkişaf etdirilməsində Prezident Heydər Əliyevin Vatikana rəsmi səfərinin böyük rolu olub. Heydər Əliyev 1997-ci il sentyabrın 26-da Vatikana rəsmi səfər edib. Səfər zamanı Prezident Heydər Əliyev Roma papası II İohann Pavellə görüşüb. 2002-ci il mayın 22-də Vatikan dövlətinin başçısı, 264-cü Roma Papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib. Prezident Heydər Əliyev onun qarşılanması mərasimindəki nitqində Vatikan rəhbərini dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı adlandırıb. Azərbaycanın dövlət başçısı II İohann Pavelin müsəlman ölkələrinə səfərlərinin xristian və islam dinləri arasında qarşılıqlı etimad və hörmətin gücləndirilməsinə xidmət etdiyini bildirib. II İohann Pavel Azərbaycanı “Şərq ilə Qərbin arasında qapı” olan bir məkan kimi səciyyələndirib.

 Vatikan dövləti ilə əlaqələr sonrakı vaxtlarda da davam edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci ilin fevralında İtaliyaya rəsmi səfəri zamanı Vatikanda da olub. O, Vatikanın dövlət katibi kardinal Ancelo Sodano ilə görüşüb.  2008-ci il martın 6-da Müqəddəs taxt-tacın dövlət katibi kardinal Tarçiziyo Bertone Azərbaycana səfər edib. Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də kardinalı qəbul edib.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini nəzərdə tutulur. İlkin əməkdaşlıq çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilib.

Qeyd edək ki, 2012-ci ildə Vatikan muzeylərində diplomatik əlaqələrimizin 20 illiyinə həsr edilmiş Azərbaycan sərgisi keçirilmişdir. Bu Vatikanda ilk müsəlman ölkəsinin sərgisi idi. 2015-ci il martın 5-6-da Vatikanda səfərdə olan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın Roma Papası Fransisk ilə görüşü baş tutmuş, Prezident İlham Əliyev Roma Papasını Bakıya dəvət etmişdi. 2016-cı il 2 oktyabrda Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin qarşısında çıxış edən Papa bu dəvətə toxunmuş, ona yaradılan bu fürsətə görə minnətdarlığını ifadə etmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə 2015-ci ildə Vatikanın San Marçellinio və Pietro katakombalarının əsaslı təmir və bərpa işlərindən sonra açılışı olmuşdur. Bu hadisə ikitərəfli əlaqələrin ictimai təşkilatlar tərəfindən də dəstəkləndiyini, eyni zamanda, dinlərarası, mədəniyyətlərarası dialoqun gücləndiyini sübut edir.

2016-cı il 2 oktyabr tarixində katoliklərin lideri Roma Papası Fransiskin Azərbaycana səfəri dinlərarası, məzhəblər arası toqquşmaların baş verdiyi bir dönəmdə mühüm əhəmiyyət daşıyır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra bu Vatikan başçısının Azərbaycana ikinci səfəridir. Vatikan başçıları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Lakin Azərbaycan istisnadır.  Azərbaycanda katoliklərin sayının bir neçə yüz nəfər olmasına baxmayaraq Respublikamızda hökm sürən dini sabitlik Vatikan tərəfindən də maraqla qarşılanır. “Multikulturalizm ili” çərçivəsində Roma Papasının Azərbaycan səfəri də bunu bir daha sübut edir. Papa Fransisk çıxışında ölkəmizdə hökm sürən tolerantlığa xüsusi toxunmuş, müxtəlif mədəniyyətlər və dini konfessiyalar arasındakı sabitliyi, ahəngdarlığı yüksək qiymətləndirmişdir. Din xadimləri ilə dövlət xadimlərinin görüşməsi sülhün, əmin-amanlığın bərqərar olmasına töhfədir.  Bu səfər də beynəlxalq aləmə bir daha göstərdi ki, Azərbaycan dini və etnik toleratanlıq nümunəsidir.

 

Nailə Məmmədova

 “Azerbaijan Realities”