Müstəqil Azərbaycan Respublikası. Hüquqi dövlət quruculuğu və müasirlik

Bu gün öz uğurlu daxili və xarici siyasəti ilə dünya birliyinə qovuşmaqda olan Azərbaycanımız, Azərbaycan xalqı öz tarixinin ən şərəfli və ən mürəkkəb dövrünü yaşayır. Keçid dövrü adlanır bu dövr… Müasir tərəqqiyə qovuşmuş xalqların və dövlətlərin hamısı yaşamışdır bu dövrü. Hərə öz xüsusiyyətləri, öz çətinlikləri ilə... Bizim keçid dövrümüzün də öz xüsusiyyətləri, çətinlikləri, problemləri var. Yaxından-uzaqdan çox güclü xarici hərbi-siyasi təzyiqlər, Vətən torpaqlarının mühüm hissəsinin düşmən tərəfindən işğalı, 9 milyonluq əhalisi olan bir ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olması - bütün bunlar daha ağrılı-acılı edir bizim keçid dövrümüzü.

Üstəlik, ənənəvi xarici düşmənlərimiz Azərbaycan Respublikasının müstəqil bir dövlət kimi yaşamasının qarşısını almaq, onun daha da inkişaf edib yüksək tərəqqiyə qovuşmuş dövlətlərin sırasına çıxmasına əngəl törətmək üçün əllərindən gələni edirlər. Avropa ilə Asiya, Rusiya ilə Yaxın və Orta Şərq ölkələri arasında Qızıl körpü rolu oynayan Azərbaycanın azad yaşaması, getdikcə güclənməsi həmin qüvvələri heç cür təmin etmir. Müasir Azərbaycan dünya miqyasında çox qüdrətli beynəlxalq qüvvələrin mənafelərinin çarpazlaşdığı ən qaynar məntəqələrdən birinə çevrilmişdir. Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan müstəqil Azərbaycana qarşı siyasi, hərbi, iqtisadi, mənəvi təzyiqlər ara vermək bilmir. Bu indidən sonra da belə olacaqdır. Bir maneə dəf olunub qurtarmamış qarşımızı digər əngəllər kəsir…

Son dərəcə məkrli düşmənlərin Azərbaycan xalqına qarşı yüzillərlə sınaqdan çıxarmış olduqları "erməni kartı"ndan heç zaman indiki qədər fəal və geniş miqyasda istifadə olunmamışdır. Rusiya, Fransa, ABŞ kimi böyük dövlətlərdə, habelə başqa ölkələrdə, həmçinin beynəlxalq təşkilatlarda fəaliyyət göstərən erməni lobbisi bu gün həmişəkindən daha güclüdür. Həmin dövlətlərin parlamentlərinə, hərbi-siyasi idarəçiliyinə, habelə bir sıra nüfuzlu beynəlxalq təşkilatların fəaliyyətinə təsir göstərmək üçün güclü vasitələrə, mühüm mövqelərə və geniş maliyyə imkanlarına malik olan erməni lobbisi yaşadıqları ölkələrin xarici siyasətinə, beynəlxalq təşkilatlara fəal təsir göstərir, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına ciddi əngəllər törədir.

Tarixdə heç zaman Azərbaycanı daxildən parçalamaq, xalq içərisində etnik və vətəndaş qarşıdurması yaratmaq, dini təfriqə salmaq taktikasından bu qədər sistemli şəkildə istifadə olunmamışdır.

Heç zaman Vətənin sərvətlərini talamağa və bunun üçün də Yurdun içərisində yüksək mövqelər ələ keçirməyə çalışan daxili dönüklər - "sapı özümüzdən olan baltalar" xarici düşmənlərlə indiki qədər əlbir olmamış, onlara indiki qədər canfəşanlıqla qulluq göstərməmişlər. Xarici ölkələrə muzdla qulluq edənlərin, Vətən və millət əleyhinə əcnəbilərə saxta məlumatlar ötürənlərin, yad ölkələrdə özlərini "şirin salmaq" üçün dəridən-qabıqdan çıxanların sayı azalmır ki, azalmır…

Nəhayət, Azərbaycanımız heç zaman bugünkü qədər geniş miqyaslı mənafelərin, ziddiyyətlərin düyün nöqtəsinə çevrilməmişdi.

Bütün yuxarıda göstərilənlərdən əlavə, Azərbaycanın müstəqil bir dövlət kimi yaşaması çox zəngin və qədim tarixə, min illərlə müstəqil yaşamaq və qüdrətli dövlətçilik ənənələrinə malik olan böyük bir xalqın oyanışı deməkdir. Müxtəlif dövrlərdə Ata yurdundan qəlpə-qəlpə qoparılıb alınmış torpaqlara tarixi sahiblik duyğularının oyanışı, haqqın, ədalətin, milli-mənəvi birliyin bərqərar olunması, qaytarılması uğrunda ədalətli mübarizənin başlanması YENİ AZƏRBAYCAN İNTİBAHININ başlanması deməkdir. Azərbaycanın müstəqilliyinin getdikcə möhkəmlənməsi, həm də dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq böyük Azərbaycan xalqının ayağa qalxması, birləşməsi və öz haqqını tələb etməsi üçün qüdrətli təminatdır. Məhz bu amillər vaxtı ilə tarixi Azərbaycan torpaqlarını öz aralarında bölüşdürmüş düşmənlərə rahatlıq vermir.

Azərbaycanın yağı düşmənlərini bütün yuxarıda göstərilənlərdən daha çox narahat edən bu idi ki, bunca ağır problemləri olan Azərbaycan xalqının başında qüdrətli bir siyasətçi dururdu - düşmənlərin min bir hiyləsindən, məkrli oyunlarından asanlıqla baş çıxaran, onların dayanmadan dolaşdırdıqları siyasət kələfinin ucunu əldən verməyən, siyasi dühası ilə onilləri-yüzilləri qabaqlayan, qalın-qalın siyasət divarlarının arxasında nələr baş verdiyini ovcunun içi kimi görən Heydər Əliyev başçılıq edirdi Azərbaycana! Müxtəlif tarixi dövrlərdə Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərimizin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bilirdi!

Azərbaycanın xarici düşmənləri yaxşı başa düşürdülər ki, indi artıq 1918-1920-ci illər deyil! Bu dəfə istiqlal mübarizəmiz, yeni, qüdrətli Azərbaycan yaratmaq siyasətimiz zəfərlə sona çatacaqdır. Çünki Azərbaycanın qurtuluş savaşının, yurdumuzda yeni həyat quruculuğunun başında zamanın nəbzini əlində saxlayan Heydər Əliyev şəxsiyyəti dururdu. Yəni, Ulu Tanrı şəxsiyyət və zaman problemini bu dəfə Azərbaycan xalqının xeyrinə həll etmişdi!

Heydər Əliyev şəxsiyyəti öyrənilməmiş dünyadır! Bu nadir dühanın siyasət aləmini bitib-tükənməyən, sahilləri görünməyən ümmana bənzətmək olar. Misilsiz dövlət xadimi kimi ən nadir, ən mürəkkəb, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü heç kəsin gözləmədiyi ən yaxşı çıxış yolu tapmaq bacarığı Allahın ona bəxş etdiyi vergi idi. Bütün bunlar bir keyfiyyət altında birləşirdi: Heydər Əliyev BÖYÜK AZƏRBAYCANLI İDİ.
Azərbaycan xalqının, Azərbaycan torpağının misilsiz təəssübkeşi idi. Bu nadir keyfiyyət Heydər Əliyev fəaliyyətinin bütün dövrləri üçün səciyyəvi idi.

Sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan və tükənməz fitri istedad sahibi olan Heydər Əliyev doğma xalqının dərdlərinə dərindən bələd olan, hələ çox gənc ikən məkrli qonşuların min bir hiyləsini öz gözləri ilə görən, mükəmməl təhsil almış, o cümlədən tarixi biliklərə dərindən yiyələnmiş, son dərəcə geniş dünyagörüşünə və konkret biliklərə malik olan, doğma xalqını və yurdunu hədsiz məhəbbətlə sevən nadir tarixi şəxsiyyət idi. O, yarım əsrdən artıq zəngin idarəçilik təcrübəsinə malik olan, müxtəlif xarakterli və səviyyəli idarəçilik sistemlərinin bütün incəliklərinə bələd olan, sovet məkanında kiçik bir xalqın oğlu olmasına baxmayaraq, dünyanın altıda birini əhatə edən SSRİ kimi nəhəng bir dövlətin rəhbərlərindən biri səviyyəsinə ucalan, Qorbaçovun təqib və hiylələrindən sarsılmayıb yenidən böyük siyasətə qayıtmış nadir sima idi. Polad iradə sahibi idi. Planetimizin bugünkü siyasətini müəyyənləşdirən dünya liderləri içərisində seçilən-sayılan, hamı tərəfindən qəbul olunan əzəmətli şəxsiyyət idi. Keçid dövrünün mürəkkəb burulğanından Azərbaycanı xilas etmək üçün Ulu Tanrının xalqımıza, Vətənimizə bəxş etdiyi ümummilli lider idi!

Görkəmli dövlət xadimi kimi Heydər Əliyevin dəmir iradəsinin parlaq sübutu onun fəaliyyətinin Moskva illəridir. 1982-1987-ci illəri əhatə edən bu dövrdə SSRİ rəhbərliyində Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək post tutan Heydər Əliyev velikorus şovinizmi və böyük dövlətçilik psixologiyasının hökmranlıq etdiyi Kreml reciminə, bu recimin yaratdığı təqiblər və ayrı-seçkilik sisteminə sübut etdi ki, heç bir qüvvə onun zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadının qarşısını almağa qadir deyildir. Tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinin idarə edilməsində böyük uğurlara nail olan Heydər Əliyev az vaxt içərisində bütün SSRİ-də böyük nüfuz qazandı. Həmin dövrdə Heydər Əliyev Siyasi Büroda bütün Sovet dövlətini idarə etməyə və onu tənəzzüldən çıxarmağa qadir olan yeganə dövlət xadimi idi. Odur ki, səriştəsiz və bacarıqsız Kreml rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi özlərinə ciddi rəqib hesab edirdilər. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən doğma Vətənini həmişə diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür qayğı göstərirdi. Xalqımızın böyük oğlu o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparıb almağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də, hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ-yə rəhbərlikdən uzaqlaşdırıldı. Bu, əslində bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan ən ağır zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Dahi şəxsiyyətimiz bu dövdə həm öndən - Moskvadan, həm də arxadan Azərbaycandakı dönüklərdən vurulan ağır zərbələrə məruz qaldı.

1987-1990-cı illər M.Qorbaçovun başçılıq etdiyi Kreml reciminin xalqımızın böyük oğluna qarşı həyata keçirdiyi ağır təqib illəridir. Ömrünün bütün dövrlərində olduğu kimi, Heydər Əliyev həmin illərdə də doğma xalqı üçün yaşamış, nəhəng Sovet dövlətinin dağılmaqda olduğu şəraitdə öz Vətəni üçün çıxış yolları axtarmış, özünün zəngin dövlətçilik təcrübəsi, müdrik məsləhətləri ilə Azərbaycanı düşdüyü ağır böhrandan çıxarmaqdan ötrü bütün qüvvəsini sərf etmişdir. Lakin o zaman Azərbaycana başçılıq edən səriştəsiz rəhbərlərin Moskva qarşısındakı mütiliyi və xəyanətkar siyasəti nəticəsində Azərbaycan xalqı bu dövrdə öz böyük oğlunun zəka potensialından məhrum edilmişdir.

Heydər Əliyevin Azərbaycana başçılıq etdiyi Birinci dövrlə İkinci dövr arasındakı illər, sözün əsl mənasında, tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illəri idi. Xüsusilə, Azərbaycanın tarixinin 1990-1993-cü illəri xalqın yaddaşında ən ağır fəlakət illəri, "olum ya ölüm" dövrü kimi qaldı. Moskvaya satılmış xəyanətkar rəhbərlər və onları əvəz edən, heç bir idarəçilik bacarığı olmayan "Azərbaycan Xalq Cəbhəsi recimi" məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdular. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman Vətənin ümid çırağı, əliyalın xalqın yeganə qələbə silahı Heydər Əliyev zəkası idi. Bu dövrdə - 1990-cı il yanvarın 21-də (20 Yanvar qırğınının ertəsi günü!) həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçdi.

Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Vətəndə - onun paytaxtı Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğma Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın qurtuluş mübarizəsinə başladı. Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Ana Vətəndən - Böyük Azərbaycandan da Naxçıvanın harayına cavab verən yox idi. Səriştəsiz rəhbərlər, oyuncaq kürsü düşkünləri Vətən torpaqlarını hərraca qoymuşdular. Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın halı ağır idi. Yağıların torpaqlarımızı bölüşdürmək planları reallaşmaqda, Yurdumuz, o cümlədən də Naxçıvanımız bir siyasi varlıq kimi Cənubi Qafqazın siyasi xəritəsindən yox edilmək ərəfəsində idi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev "olum ya ölüm" savaşımızın ən ağır cəbhəsindən - Naxçıvandan bütün Azərbaycanın qurtuluş mücadiləsinə qalxdı. Müasir daşnakların sovet sərhəd qoşunları ilə birləşərək üzük qaşı kimi mühasirəyə aldığı Naxçıvanda təkcə həmin bölgəmizin deyil, bütün Azərbaycanın müqəddəratı həll olunurdu. Ağlasığmaz dərəcədə ağır olan bu mürəkkəb tarixi şəraitdə Heydər Əliyev şəxsiyyəti özünün yeganə silahı ilə - misilsiz siyasi dühası və dövlət müdrikliyi sayəsində Naxçıvan camaatının mübarizliyinə, əzmkarlığına arxalanaraq qəhrəman Kəngərli yurdunu tarixin ən ağır sınağından çıxara bildi! Ermənilərin Naxçıvanı işğal etmək planı boşa çıxdı.

Uğursuz Qarabağ müharibəsi, hakimiyyəti ələ keçirmək xatirinə müqəddəs torpaqlarımızın düşmənə təslim edilməsi, xaricdəki ağalara daha sədaqətlə nökərçilik etmək üçün bəhsə-bəhs, vaxtı ilə Nərimanovun qətlə yetirildiyi Kreml labirintlərindən salamat qurtarıb xalqını dardan xilas etmək üçün Vətənə qayıtmış böyük dövlət adamımız Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmaması, onu hətta Naxçıvanda da hakimiyyətdən götürmək cəhdi kimi rüsvayçılıqlar tariximizin ən qara səhifələri, ən bağışlanmaz səhvləridir. Əgər o zaman bu müdrik siyasətçi hakimiyyət sükanının arxasında əyləşsəydi, bunca müsibətlərə düçar olardıqmı?!

Bu suala Heydər Əliyev ömrünün Naxçıvan səhifələri daha aydın cavab verir: milli dövlətçilik ənənələrimizin dirçəldilməsi, muxtar respublikanın adından "sovet", "sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, 1990-cı ilin 19-20 Yanvar faciəsinə siyasi qiymət verilməsi, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə referendumda iştirakdan imtina etməsi, muxtar respublika ərazisində Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, 31 Dekabr gününün Dünya azərbaycanlılarının həmrəylik günü elan olunması, nəhayət, böyük Vətəndən - Azərbaycandan ayrı düşmüş Naxçıvanda, özü də amansız hərbi-iqtisadi blokada şəraitində vətən torpağının düşməndən qorunub saxlanması - bax, bunlardır böyük şəxsiyyətimizin Naxçıvanda mühasirə şəraitində keçən ömrünün, göstərdiyi fəaliyyətin qısa yekunu!

Bəs Heydər Əliyevin hakimiyyətə yaxın buraxılmadığı həmin dövrdə böyük Vətəndə - Azərbaycanda nələr baş verdi?

Sərt tarixi həqiqət belədir: 1993-cü ilin iyununda - Heydər Əliyevin hakimiyyətə qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən qanlı burulğanı içərisində çabalayırdı. Cəbhədə ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq, vəzifə ələ keçirmək üçün müqəddəs torpaqlarımızın hərraca qoyulması adi hal almışdı. Ölkədə, sözün əsl mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik, hərki-hərkilik baş alıb gedirdi. Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq silahlı quldur dəstələri hökmranlıq edirdilər. Xalq vahimə və təşviş içərisində idi. Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin qazanc vasitəsi adi hala çevrilmişdi. O dövrün başabəla rəhbərləri təyyarələrini hazır saxlayır, vəziyyət bir az mürəkkəbləşən kimi qaçıb aradan çıxırdılar. Üzdə xalqdan danışan, əslində isə sərvət düşkünləri olan bir qrup vəzifəpərəst sovet hakimiyyəti illərində toplanmış xalq əmlakına sırışt olmuşdu. Talançılıq baş alıb gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu bilməyən və xaricdəki ağalarının göstərişi ilə hərəkət edən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. İdarəçilik sükanı sahibsiz qalmışdı. Ölkə vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhə düşmənin üzünə açıq idi. Ulularımızın müqəddəs əmanəti olan Vətən torpaqları hərraca qoyulmuşdu. Azərbaycan xarici aləmdəki olan-qalan nüfuzunu da tamamilə itirmişdi. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Ən təhlükəli cəhət isə bundan ibarət idi ki, Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər. Daşnakların "Böyük Ermənistan" yaratmaq niyyətləri, tarixi düşmənlərimizin - qonşu ölkələrin paytaxtlarında hazırlanmış və Azərbaycanı Qafqazın siyasi xəritəsindən silib götürmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanıb yox olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında - Navahı kəndində vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı...

Bax, bu fəlakət anında Azərbaycan xalqının, Vətənin yeganə ümid yeri, qurtuluş çırağı Heydər Əliyev idi. Müdrik xalqımız, o zaman qəti və sərrast hərəkət edərək yeganə düzgün addımı atdı - dünyanın bu böyük siyasət adamını hakimiyyətə gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin oxu daşa dəydi, bədxahlarımızın arzuları gözlərində qaldı. Məhz o zaman - 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Vətən, millət, bütün xalqımız məkrli düşmənlərin hazırladığı fəlakət uçurumuna yuvarlanmadı, fəlakətdən, ölüm qəzasından yan keçdi. Qurtuluş savaşında qələbəyə doğru dönüş başlandı.

Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr etdi? Və ya 1993-cü ilin 15 İyun gününü nə üçün Qurtuluş günü adlandırmaq olar?! Görülən işlərin hamısını sadalamaq mümkün olmasa da, gəlin, heç olmasa, onların ən mühümlərini, ən böyüklərini sıraya düzək.

Ən başlıcası: azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın, müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid vermişik bu yolda. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Dövləti olmayan xalq ölümə məhkumdur. Azərbaycan dövləti bizim "olum ya ölüm" məsələmizdir.

Prezident Heydər Əliyevin qədirbilən xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir. Qurtuluş deməkdir!

Azərbaycan dövlətçiliyi və prezident Heydər Əliyevin qətiyyəti 1994-cü ilin Oktyabr və 1995-ci ilin Mart qəsdləri zamanı ağır sınaqlardan uğurla çıxdı. Heydər Əliyev andına sadiq qalan, dar ayaqda Vətənin müstəqilliyi, xalqın azadlığı naminə şəhid olmağa hazır olan prezident olduğunu nümayiş etdirdi. Dar ayaqda xalqını, Vətənini qoyub qaçmadı. Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və əmin-amanlıq yarandı.

Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi qələbəsi məhz budur - sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...

Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi real vəziyyətlə hesablaşdı. Məkrli düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Vəziyyəti düzgün qiymətləndirdi. Real vəziyyətdən çıxış edərək atəşkəs reciminə nail oldu. Bununla Azərbaycanın gənc, sağlam qüvvələrinin mənasız yerə qırılmasının qarşısını aldı - genefondumuzu xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi deməkdir...

Prezident Heydər Əliyev xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi. Özündən əvvəlki "rəhbərlərin" tarixi keçmişin ibrət dərslərinə, dəyişən dünyanın real həqiqətlərinə, daxili həyatın və beynəlxalq vəziyyətin gerçəkliklərinə deyil, emosiyalara əsaslanaraq qəbul etdikləri səhv qərarların icrasını dayandırdı. Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik, xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi.

Bu gün müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır. Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə Vətənimizə böyük rəğbət qazandırır. Yurdumuzda hökmranlıq edən sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Özünün xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.

Prezident Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür, Heydər Əliyev isə bütün türk dünyasının müdrik yolgöstərəni, zəmanəmizin Atatürkü adını qazanmışdır!

Müstəqil Azərbaycan dövlətinin islam dünyasındakı nüfuzu da getdikcə artmaqdadır.

Azərbaycan Respublikası bir çox beynəlxalq ittifaqlar və təşkilatların üzvüdür. Azərbaycanın Avropa Şurasındakı uğurları göz qabağındadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı olan İlham Əliyevin bu mötəbər beynəlxalq məclisdəki parlaq çıxışları, onun başçılıq etdiyi deputat qrupunun erməni millətçiləri üzərindəki qələbələri hər bir Vətən övladında haqlı qürur hissi doğurur.

Bununla yanaşı, İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının büro üzvü seçilməsi və vitse-prezidenti kimi yüksək vəzifəyə layiq görülməsi Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artdığını sybut edən daha bir parlaq faktdır.

Prezident Heydər Əliyev bütün tarixi dövrlərdə, ənənəvi düşmənlərimizin həmişə Azərbaycanı diz çökdürmək üçün istifadə etdikləri "erməni kartı"na qarşı neft siyasəti strategiyasını işləyib hazırladı. Və sübut etdi ki, Qafqaz problemlərinin həllində "erməni kartı"ndan daha güclü vasitələr vardır. Uzaqgörən siyasətçilər indi yaxşı başa düşürlər ki, neft strategiyasının "erməni kartı"na və xarici ölkələrdəki erməni lobbisinə qalib gələcəyi gün uzaqda deyil. Yaxın gələcəkdə müəllifi Heydər Əliyev olan bu siyasətin nə qədər dərindən düşünülmüş və uzaqgörən bir siyasət olduğunu zaman özü göstərəcəkdir!

Heydər Əliyev zəkasının, onun gərgin, ardıcıl və inadlı fəaliyyətinin nəticəsi olan Bakı-Tiflis-Ceyhan əsas neft ixracı kəmərinin (xarici düşmənlərimizin və daxildəki dönüklərin törətdikləri min bir hiylə və əngəllərə baxmayaraq, bu kəmərin istifadəyə veriləcəyi gün uzaqda deyil!), həmçinin Bakı-Ərzurum qaz kəmərinin region ölkələri üçün, o cümlədən türk dünyasından ötrü nə demək olduğu neçə-neçə nəsillər keçəndən sonra başa düşüləcəkdir!
Heydər Əliyev Azərbaycan Respublikasını şimaldan və cənubdan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq - Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri bunu yüksək qiymətləndirirlər. Gizli deyil ki, ermənilər də bu siyasətin uğuru qarşısında təlaş keçirməyə başlamışlar. Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda - məşhur "Gülüstan" sarayında keçirilmiş beynəlxalq konfrans bütün varlığı dövründə Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir. Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, onun iqtisadi - mənəvi oyanışında misilsiz rol oynayacaqdır.

Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi prezident Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib bu günlərə çatdırdı!

Bu gün yaşadığımız regionda təkcə Azərbaycanda xarici dövlətlərin bir nəfər də olsun əsgəri və hərbi bazaları yoxdur.

Vətənimiz Azərbaycan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır.

Azərbaycan terrorizmə qarşı beynəlxalq mübarizədə fəal və ardıcıl surətdə iştirak edir.

Prezident Heydər Əliyevin Xəzərlə bağlı müdrik və uzaqgörən xarici siyasət strategiyası, bu dənizi sülh və əminamanlıq dənizinə çevirmək planları uğurla nəticələnməkdədir! Beynəlxalq mənafelərin, o cümlədən böyük dövlətlərin və qonşuların mənafelərinin düyünləşdiyi Azərbaycan kimi çox mühüm hərbi-strateci və zəngin sərvətli bir ölkədə bütün bunlara nail olmaq hər siyasətçinin işi deyildi!!!

Heydər Əliyevin xarici siyasət sahəsində öz xalqı qarşısındakı ən böyük xidmətlərindən biri də, heç şubhəsiz, M.S.Qorbaçovun və onun erməni və ermənipərəst əhatəsinin 1990-cı ilin 20 yanvarında Bakıya iri qoşun birləşmələri yeridərək silahsız dinc əhaliyə qarşı qanlı qırğın törətməsi nəticəsində vaxtı ilə korlanmış Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmasıdır. Prezidentlər Heydər Əliyev və V.V.Putinin uzaqgörən siyasi müdrikliyi və qarşılıqlı səyləri nəticəsində Azərbaycan və rus xalqları arasında tarixi qardaşlıq əlaqələri bərpa olundu. Bu gün Azərbaycan xalqı özünün böyük şimal qonşusu ilə getdikcə genişlənməkdə olan hərtərəfli dostluq əlaqələrini dərin razılıq hissi ilə qarşılayır.

Azərbaycan prezidenti özünün ölkəmiqyaslı qəbullarından tutmuş beynəlxalq miqyaslı görüşlərə, yüksək səviyyəli danışıqlarınadək hər yerdə, hər an Azərbaycan həqiqətini dünyaya yayırdı. İndi Azərbaycan vaxtilə ona qarşı yaradılmış beynəlxalq informasiya blokadasını yarmışdır. Dünya Azərbaycan həqiqətini qəbul etməyə başlamışdır. Kimin sayəsində?! Prezident Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti nəticəsində, onun BÖYÜK AZƏRBAYCANLI kimi Vətən, xalq təəssübkeşliyi sayəsində!

Heydər Əliyev vaxtilə onun öz qayğısı sayəsində Moskva, Leninqrad və başqa şəhərlərin ali məktəblərində təhsil almış, özü də Azərbaycanın müxtəlif bölgələrini təmsil edən gənclərin qabaqcıl bir dəstəsini Prezident Aparatına, müxtəlif dövlət strukturlarına toplayıb onlara idarəçilik qaydaları öyrətdi, gələcəyin yeni, qüdrətli Azərbaycanı üçün hazırladı!

Başqa bir məsələ barədə. Gecəli-gündüzlü, son dərəcə ağır, hətta dözülməz bir recimlə işləməsinə baxmayaraq, Azərbaycan prezidenti yurdumuzda baş verən heç bir hadisəni, heç bir prosesi nəzərdən qaçırmır, onlardan ən mühümünü ön plana çəkir, şəxsi nəzarəti altına götürür, prezident andına sadiq qalaraq Vətəni zərgər dəqiqliyi ilə idarə edirdi.

...1994-cü il iyun ayının son günləri idi. Xarici düşmənlərin və daxildəki Vətən xainlərinin havadarlıq etdiyi separatçılar Balakəndə baş qaldırmışdılar. Dövlət başçısının təşəbbüsü ilə bir qrup ziyalı təcili Balakənə yola düşdük. Bakıdan gec çıxdığımız üçün Zaqatalada gecələdik. Ertəsi gün səhər tezdən artıq Balakən icra hakimiyyətinin binasında idik. Camaatla görüşə tələsirdik. Lakin o zamankı icra başçısı bizi camaatla görüşdürməyə tələsmir, Rusiya Federasiyasından (Dağıstandan) gələcək "qonaqları" gözlədiyini bildirirdi. Dövlətimiz tərəfindən rəsmi surətdə dəvət olunmamış, başqa sözlə, çağırılmamış "qonaqların" gözlənilməsi bizə qarşı açıq-aşkar hörmətsizlik, saymazlıq idi. Yerli hakimiyyət nümayəndəsinin bu müəmmalı hərəkətindən çox narazı qalmışdıq. Gündüz saat 11 radələri idi. Birdən hökumət telefonu səsləndi. Dedilər ki, Bakıdan göndərilmiş dövlət nümayəndəsi və icra başçısı telefonun yanında olsunlar. Prezident danışacaqdır. Dövlətimizin başçısı Heydər Əliyev o gün, o məqamda Vətən üçün ən çox narahatlıq doğuran bir hadisəni şəxsi nəzarətinə götürmüşdü... Mən o zaman təlatümlü hadisələrin qaynar nöqtəsində olarkən bir daha əmin oldum və böyük qürur hissi keçirdim ki, Azərbaycan sahibsiz deyil. "Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!" - deyə bütün dünyaya bəyanat verən dahi dövlət xadimimiz Heydər Əliyev öz sözünün ağasıdır, müstəqilliyimizə zaval yoxdur...

Heydər Əliyevin öz doğma el-obası qarşısında danılmaz tarixi xidmətləri bir deyil, beş deyil...

Bunların hamısını dərindən-dərinə araşdırmaq, yerli-yerində ipə-sapa düzmək, incələmək və gələcək nəsillərə doğru-düzgün çatdırmaq o qədər də asan məsələ deyil. Və bu hər tarixçinin də işi deyil! Əlbəttə, bütün bunlar xüsusi tədqiqatların və gələcəyin işidir. Mən isə bu yığcam yazıda müasirlərimə təkcə bir həqiqəti yetirmək istədim: Azərbaycan hazırda keçid dövrünü yaşayır, çox ağrı-acılı keçən mürəkkəb bir dövrü!!! Özü də bizim keçid dövrümüz başqalarınınkına bənzəmir. Çox əlverişli strateci məkan olan bu Yurdda nə qədər böyük qüvvələrin gözü var?! Zəngin sərvətlərimizə, neftimizə kimlər susamır?! Kiçik bir ölkənin həm daxildə, həm də xaricdə nə qədər düşməni olar?!! Tariximizin ibrət dərslərini, azadlıq mücadilələrində dəfələrlə qan içində boğulduğumuzu, müasir dünyamızın reallığını, başqa xalqların tarixini hökmən nəzərə almalıyıq: keçid dövrlərində qüvvətli şəxsiyyət olmadan qələbə yoxdur!

Bir həqiqəti hamılıqla dərk edək: hazırda tərəqqi dövrünü yaşayan bütün xalqları, millətləri, ölkələri keçid dövrünün keçilməz labirintlərindən dahi şəxsiyyətlər - Atatürklər, Vaşinqtonlar, Bismarklar, Nehrular, De Qollar çıxarmışlar! Heydər Əliyev də belə şəxsiyyətdir! Zaman keçdikcə Azərbaycan xalqı və bütün insanlıq bunu daha yaxından hiss edəcəkdir.

Heç kəsin istəyindən asılı olmayaraq, XX yüzilliyin 90-cı illərində Azərbaycanın tarixinə daha bir silinməz səhifə həkk olundu. Zaman, tarix özü həkk etdi bu səhifəni. "İstiqlal savaşı" adlanır həmin qızıl səhifənin adı. Xalqımızı bu müqəddəs savaşdan - İstiqlal savaşından Heydər Əliyev şəxsiyyəti qələbə ilə çıxartdı! Və tamamilə təbii olaraq İstiqlal savaşının qalibi kimi dünyanın dahi şəxsiyyətləri sırasında öz layiqli yerini tutdu. Tanrı yazısına pozu yoxdur!

Çağdaş Azərbaycan bu gün - XXI yüzilliyin başlanğıcında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda uğurdan uğura qovuşur. Tarixin ən qanlı burulğanı içərisində çabaladığımız günlər arxada qalmış, tarixə çevrilmişdir! Azərbaycan dövlətçiliyi məkrli düşmənlərin qanlı caynağından həmişəlik xilas edilmişdir! Xalqımız özünün daha parlaq gələcəyinə doğru inamla irəliləyir. Bütün bunlar üçün hər bir Vətən övladı, qədirbilən xalqımız dahi xilaskara - Ata yurdumuzun Atatürkünə - Heydər Əliyevə borcludur!

Ümumdünya tarixinin dahi şəxsiyyətlərindən biri olan Heydər Əliyevin layiqli varisi İlham Əliyevin rəhbərlik etdiyi müasir Azərbaycan, habelə bütün dünyanın 60 milyonluq azərbaycanlıları dirçəliş yolundadır. Azərbaycan xalqı yaxın gələcəkdə Böyük Azərbaycanın intibahını gözləyir.