Şimali Azərbaycan Sovet hakimiyyəti illərində (1920-1991)

1920-ci il aprelin 28-də Cümhuriyyət ərazisində Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Ölkədə bütün hakimiyyətin Müvəqqəti İnqilab Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin əlinə keçdiyi elan olundu. Xalq Komissarları Sovetinə N.Nərimanov başçılıq edirdi. İşğalçılar, xalqdan ehtiyat edərək, Müvəqqəti İnqilab Komitəsi və Xalq Komissarları Sovetinin tərkibinə ancaq azərbaycanlıları daxil etmişdilər. Lakin bu formal xarakter daşıyırdı. Real hakimiyyət hələ 1920-ci ilin fevralında yaradılmış və Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində işğalçılarla əlbir hərəkət etmiş Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının - AK(b)P-nin əlində idi.

AK (b)P Rusiya Kommunist (bolşeviklər) Partiyasının - RK(b)P-nin tərkib hissəsi idi və bilavasitə Moskvanın göstərişlərini yerinə yetirirdi. AK(b)P-nin fəaliyyətinə, faktiki olaraq, A.İ.Mikoyan rəhbərlik edirdi. Partiyanın rəhbər özəyi də qeyri-millətlərdən, xüsusən ermənilərdən, gürcülərdən və ruslardan ibarət idi. Odur ki, bütün əvvəlki soyqırımlarında, o cümlədən 1918-ci ilin Mart soyqırımında, həmçinin, 1920-ci ilin 28 Aprel işğalı zamanında olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin dövlət strukturlarının dağıdılmasında da ermənilər və digər millətlərin nümayəndələri xüsusi rol oynayırdılar.

Cümhuriyyətin hakimiyyət strukturlarını dağıtmaq üçün Azərbaycanın hər yerində İnqilab Komitələri yaradıldı və onlara fövqəladə səlahiyyətlər verildi. Bolşeviklər Azərbaycanın müstəqil dövlətçilik ənənələrini məhv etmək üçün xalq arasına parçalanma və düşmənçilik salır, əhalinin müxtəlif təbəqələrini üz-üzə qoyurdular. Onlar xalqı öz tərəflərinə çəkmək məqsədilə, guya "istis marçılara qarşı fəhlə-kəndli hakimiyyəti" yaratmağa çalışdıqları barədə geniş təbliğat kompaniyası aparırdılar.

Lakin zahiri təbliğatla real hərəkət daban-dabana zidd idi. Əslində, hər şey xalqın dövlətçilik ənənələrini və milli müstəqillik şüurunu məhv edən qanlı kommunist diktaturasının yaradılmasına yönəldilmişdi. Yerli İnqilab Komitələri məhz bu məqsədə xidmət edirdi.

Elə həmin məqsədlə də mərkəzdə və yerlərdə milli dövlətçilik strukturları məhv edilir, bolşeviklərin yeni güc strukturları yaradılırdı. Bu sahədə atılan ilk addım ölkənin hər yerində əvvəlki polisin ləğv edilərək fəhlə-kəndli milisi ("qırmızı milis") yaradılmasından ibarət oldu. Fəhlə-kəndli milisi ilə yanaşı Fövqəladə Komissiya ("ÇK"-- Çrezvıçaynaə Komissiə) və Ali İnqilabi Tribunal fəaliyyətə başladı.

Fövqəladə Komissiyanın və Ali İnqilabi Tribunalın qanunla heç bir məhdudiyyət qoyulmayan fövqəladə səlahiyyətləri vardı. Onların qərarı dərhal icra olunurdu. Hər iki struktur "əksinqilaba və təxribatçılığa qarşı mübarizə" pərdəsi altında müstəqil dövlətçilik ənənələrinin və milli mənlik şüurunun daşıyıcıları olan qabaqcıl adamları, xüsusilə xalqın ziyalı potensialını məhv etməyə başladı.

Ölkənin hər yerində "qırmızı terror" tüğyan edirdi. Bolşevik rejiminin möhkəmlənməsinə müqavimət göstərə biləcək hər kəs "xalq düşməni", "əksinqilabçı" və ya "təxribatçı" adı ilə dərhal "qırmızı terror"un qurbanı olurdu.

Beləliklə, 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı. Fərq onda idi ki, bu dəfə millətin say-seçmə adamları - Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri, generallar, Milli Ordunun yüksək rütbəli zabitləri, qabaqcıl ziyalılar, din xadimləri, partiya rəhbərləri, siyasi xadimlər, məşhur alimlər məhv edilirdi. Bolşevik-daşnak güruhu bu dəfə düşünülmüş surətdə xalqın ancaq qaymağını məhv edir, onu başsız qoymağa çalışırdı. Bu, əslində 1918-ci ilin Mart soyqırımından daha amansız, daha dəhşətli soyqırımı idi. Yeri gəlmişkən, bütün bu kütləvi qırğınlar Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin razılığı olmadan, AK (b)P MK-nın və BK-nın rəhbərliyi, XI Qırmızı Ordunun xüsusi şöbəsi, qırmızı milis, ÇK, Ali Hərbi Tribunal tərəfindən həyata keçirilirdi. Bütün bu strukturlara erməni, rus və gürcü cəlladları rəhbərlik edirdilər.

Azərbaycan xalqının qabaqcıl övladlarına qarşı qanlı qırğın bilavasitə Orconikidze, Kirov, Mikoyan, Sarkis, Mirzoyan, Lominadze, Yeqorov və başqaları kimi bolşevik-daşnak cəlladlarının göstərişi ilə həyata keçirilirdi. Ölkənin bütün hakimiyyət strukturlarında möhkəmlənmiş ermənilər "qırmızı terror"un həyata keçirilməsində xüsusilə fəal rol oynayırdılar. Ölkənin güc strukturlarına soxulmuş ermənilər azərbaycanlıları kütləvi surətdə istintaqsız və mühakiməsiz güllələyirdilər. Ümumiyyətlə, 1920-ci ilin 28 aprelindən sonra təxminən bir il ərzində Azərbaycan xalqının 50 min nəfərə yaxın say-seçmə övladı güllələnmiş, millət özünün qaymağından məhrum edilmişdi.

İşğal prosesində və "qırmızı terror" zamanı bolşevik-daşnak cəlladları güllələnənlərin əmlakını müsadirə edir, bununla kifayətlənməyərək bütün əhalini, o cümlədən yoxsulları qarət edir, xalqın olan-qalanını, hətta nəsillərdən yadigar qalmış zinət şeylərini və qiymətli əşyalarını da zorla əlindən alırdılar. Azərbaycanlıların boşaldılmış mənzillərinə ermənilər, ruslar və qeyri millətlərin nümayəndələri köçürülürdü. Xalqa divan tutulurdu.

İşğaldan dərhal sonra "ordunun və donanmanın yenidən təşkil olunması pərdəsi" altında ölkənin silahlı qüvvələri Moskvanın - Qırmızı Ordunun tabeliyinə verildi. Xalq öz ordusundan məhrum edildi. Bununla Azərbaycanın müstəqilliyi, faktiki olaraq, tamamilə aradan qaldırılmış oldu.

Bolşevik rejimi müstəqil dövlətçilik ənənəsini, milli mənlik ruhunu əhalinin şüurundan çıxarmaq üçün xalqın mənəviyyatına qarşı da hücuma keçdi. Cümhuriyyət dövründə dövlət dili olan Azərbaycan dili sıxışdırıldı. Milli kadrlar hazırlanması kəskin surətdə məhdudlaşdırıldı. Ruslaşdırma siyasətinə başlandı. Silklər, silki, mülki və dini imtiyazlar, rütbələr ləğv edildi.

"Bəy", "xan", "ağa" sözlərinin işlənməsi belə qadağan olundu. Din dövlətdən və təhsildən ayrıldı. Dini ayinlərin icrası və məktəblərdə şəriət dərslərinin keçilməsi yasaq edildi. Dini məktəblər kütləvi surətdə bağlandı. Qədim memarlıq abidələri olan məscidlərin, minarələrin uçurulmasına başlandı. Azərbaycan xalqının mənəviyyatına və milli mədəniyyətinə qarşı hücum dövrü başlandı.

Zorakı "dövlət quruculuğunun" mühüm tərkib hissələrindən biri də yerlərdə yoxsul komitələrinin yaradılması idi. Yoxsul komitələri bolşeviklərin dayağına çevrilməli, kənddə qarşıdurmanı dərinləşdirməli, Azərbaycan kəndinin "əksinqilabçılardan" təmizlənməsində hakim rejimə yaxından köməklik göstərməli idilər.

Çox keçmədən inqilab komitələri və yoxsul komitələri sovetlərlə əvəz olundu. 1921-ci il mayın 6-da Azərbaycan SSR-in birinci sovetlər qurultayının çağırılması ilə Şimali Azərbaycanın sovetləşdirilməsi başa çatdırıldı. Mayın 19-da Azərbaycan SSR-in birinci Konstitusiyası qəbul olundu. Əsasən RSFSR Konstitusiyasının təkrarı olan bu konstitusiya xalqa geniş hüquqlar vəd etsə də, bu, formal xarakter daşıyırdı. Çünki sovetlərin fəaliyyətinə bütün mərhələlərdə Moskvadan - RK(b)P tərəfindən istiqamətləndirilən AK(b)P rəhbərlik edirdi. Üstəlik, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qadağan olundu. Bununla da proletariat diktaturası, əslində partiya diktaturasına çevrildi. Digər tərəfdən, xalqın ziyalı təbəqələrinin, "fəhlə-kəndli hakimiyyəti yaratmaq" pərdəsi altında, faktiki olaraq, sovetlərə seçilmək hüququndan məhrum edilməsi sovetləri Kommunist partiyasının və Moskvanın əlində itaətkar alətə çevirdi.

Beləliklə, işğaldan keçən bir il ərzində bolşeviklərin qanlı qırğınlarla müşayiət olunan zorakı tədbirləri nəticəsində Şimali Azərbaycanda, guya konstitusiyaya əsaslanan hakimiyyət orqanları formalaşdırıldı, sovet sosialist demokratiyası bərqərar oldu. Əslində isə, Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti ilə müqayisədə, yeni yaradılan demokratiya formal və yalançı demokratiya idi, sözün əsl mənasında kommunist diktaturası idi.

Lakin bu diktatura diktatura kimi də müstəqil deyil, Moskvadan asılı diktatura idi. Odur ki, dünyanın ən qabaqcıl dünyəvi, demokratik respublikaları ilə bir sırada dayanan və xalqın dövlətçilik zəkasının layiqli bəhrəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və onun dövlət idarəçiliyi strukturlarının dağıdılması Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri idi.

Azərbaycan xalqı özünün müstəqil hakimiyyətindən məhrum edildikdən sonra onun sərvətlərinin talan olunmasına başlandı. Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu. Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik V.İ.Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı. Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda "Bakını almaq bizə olduqca və olduqca zəruridir" deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş V.İ.Lenin öz arzusuna çatdı. Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.

Neft sənayesinin ardınca Xəzər ticarət donanması, ölkədə fəaliyyət göstərən banklar, balıq sənayesi və iqtisadiyyatın bir çox başqa sahələri də milliləşdirildi. Milliləşdirmə XIX əsrin sonu və XX əsrin əvvəllərində sürətli inkişaf məcrasına düşmüş Şimali Azərbaycanın iqtisadiyyatına ağır zərbə vurdu. Xalqın öz sərvətlərinə mülkiyyət hüququndan məhrum edilməsi milli müstəqillik şüurunun da zəifləməsinə səbəb oldu. Sənaye istehsalı və iqtisadiyyatın idarə olunması, başlıca olaraq, rusların, ermənilərin, yəhudilərin və qeyri millətlərin nümayəndələrinin əlində cəmləşdirildi. Azərbaycanın sərvətləri, xüsusilə Bakı nefti talan olunaraq Rusiyaya daşınmağa başladı. Sovet Rusiyası yanacaq böhranından çıxdı. Bütövlükdə Şimali Azərbaycan Rusiyanın yanacaq və xammal mənbəyinə çevrildi. Üstəlik Şimali Azərbaycanı qan içində boğmuş işğalçı ordu hissələri də Azərbaycan xalqının hesabına saxlanırdı.

Kütləvi qırğınların və talançılığın baş alıb getdiyi ağır şəraitdə doğma xalqını müdafiə edən N.Nərimanov və onun tərəfdarlarına isə "millətçi" damğası yapışdırılmış və onlar, faktiki olaraq, ölkənin idarə edilməsindən təcrid olunmuşdular. Ölkənin taleyini həll edən erməni-rus-gürcü rəhbərliyi "qəlbində müsavat ruhu yaşadan müsəlmanlara" etibar etmir, hətta Azərbaycanın formal müstəqilliyini də aradan qaldırıb onu bütövlüklə RSFSR-ə qatmağa çalışırdılar. Lakin N.Nərimanov, çətinliklə də olsa, onların bu dəhşətli planının həyata keçirilməsinin qarşısını ala bildi. Müqabilində isə bolşevik-daşnak qrupu, çox keçmədən, öz xalqının təəssübkeşi olan N.Nərimanovun Azərbaycandan uzaqlaşdırılmasına nail oldu.

Bununla belə, işğalçılar Azərbaycan xalqının müqavimətini asanlıqla qıra bilmədilər. 1920-ci il mayın 25-26-da bolşevik rejiminə qarşı Gəncədə silahlı üsyan baş verdi. Keçmiş Milli Ordu bölmələrinin fəal iştirak etdiyi Gəncə üsyançıları onlara qarşı hücuma keçən XI Qırmızı Ordu hissələrini dəfələrlə ağır məğlubiyyətə uğratdılar. Şəhərə yeni diviziyalar yeridildi. Gəncə və onun ətrafında yaşayan ermənilər silahlanaraq işğalçılara qoşuldular. Üsyançılar hər küçə, hər ev uğrunda ağır vuruşmalarda yüzlərlə şəhid verdilər. İşğalçılar, nəhayət, mayın 31-də Gəncəni nəzarət altına ala bildilər. Şəhər üç gün ərzində işğalçılar və daşnak quldurları tərəfindən dəhşətli soyqırımına və qarətə məruz qaldı.

Gəncə üsyanından sonra, iyunun əvvəlində işğalçılara Qarabağda da inadlı müqavimət göstərildi. Erməni-daşnak dəstələri burada da işğalçılara fəal kömək göstərdilər və dinc azərbaycanlı əhaliyə divan tutdular.

İyunun 6-da Zaqatala əhalisi də işğalçılara qarşı ölüm-dirim savaşına başladı. Üsyançılar Zaqatala qalasını ələ keçirdilər. Qax tutuldu. Bütün bölgə ayağa qalxdı. Üsyançılar bölgəyə yeridilən XI Qırmızı Ordu hissələrini məğlubiyyətə uğratdılar. Lakin yeni-yeni hərbi qüvvələrlə möhkəmləndirilən XI Qırmızı Ordu hissələri, nəhayət, iyunun 18-də Zaqatalanı nəzarət altına ala bildilər.

Gəncə, Qarabağ, Zaqatala üsyanlarının ardınca Azərbaycanın, demək olar ki, bütün bölgələrində - Şəmkir, Quba, Dəvəçi, Qusar, Lənkəran, Astara, Kürdüstan, Cavanşir, Qutqaşın, Xaçmaz, Naxçıvan, Ordubad, Şərur və başqa yerlərdə işğalçılara güclü müqavimət göstərildi. Şəmkirdə işğalçı XI Qırmızı Orduya qarşı döyüşlərdə, hətta, qadınlar və uşaqlar da iştirak edirdilər.

İşğalçılara qarşı bütün ölkənin ayağa qalxması, xalqın inadlı müqaviməti bir daha göstərdi ki, istiqlal ruhunu, müstəqil dövlətçilik ənənələrini Azərbaycan xalqının əlindən almaq asan məsələ deyildir.

Müqavimət hərəkatının daha da qüvvətlənəcəyindən qorxuya düşən Sovet hökuməti Azərbaycana yeni diviziyalar yeritdi. Azərbaycan xalqını irəlidə daha dəhşətli faciələr gözləyirdi.

Bu dövrdə bolşevik rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi ən ağır cinayət əzəli Azərbaycan torpaqlarının işğal olunmasında ermənilərə kömək göstərməsi idi. Bolşevik Rusiyası da, Çar Rusiyası kimi, Azərbaycan torpaqları hesabına ermənilər üçün ərazi formalaşdırmaq siyasətini davam etdirir, Azərbaycanı Türkiyədən ayrı salmaq üçün hər cür fitnəkarlığa əl atırdı.

Cümhuriyyət dövründə İrəvanı Azərbaycandan qoparmağa nail olmuş və özlərinə paytaxt etmiş ermənilər yeni təcavüzlərə başlamışdılar. Daşnaklar bu dəfə Naxçıvan, Zəngəzur, Şərur-Dərələyəz və Dağlıq Qarabağı işğal etməyə çalışırdılar.

Bolşeviklərdən üz görən daşnak quldurları bu yerlədə qanlı qırğınlar törətdilər, yüzlərlə Azərbaycan kəndini xaraba qoydular. Yüz minlərlə azərbaycanlı əhali öz yurd-yuvalarından didərgin salındı. Ermənilər sovetləşməni və bolşevik hakimiyyətini qəbul etmək müqabilində bütün Qərbi Azərbaycana yiyələnməyə çalışırdılar. Bu cür sövdələşmə bolşevik işğalçılarından ötrü də sərfəli idi.

Lakin həmin cinayətkar siyasət ilk öncə Naxçıvanda kəskin etiraza səbəb oldu. Naxçıvan əhalisinin inadlı müqaviməti və Türkiyənin qardaşlıq yardımı sayəsində daşnaklar Naxçıvanı ələ keçirə bilmədilər.

Naxçıvandan fərqli olaraq, bolşeviklər 1920-ci il avqustun 10-da ermənilərlə bağladıqları sazişə əsasən, Azərbaycanın iştirakı və razılığı olmadan, əzəli Azərbaycan ərazisi olan Şərur-Dərələyəzi Ermənistana verdilər. Bu, daşnakları daha da şirnikləndirdi: Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ uğrunda mübarizə daha da qızışdı.
Şərur-Dərələyəzi ələ keçirdikdən sonra ermənilər XI Qırmızı Ordunun köməyi ilə Zəngəzurun işğalına başladılar. Cənub-qərbi Zəngəzur (Mehri) Ermənistana qatıldı və bununla Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında əlaqə kəsildi.

Mehrinin işğalı nəticəsində Ermənistan, həm də, özü üçün İrana dəhliz açmış oldu. Daşnakların İranla maneəsiz əlaqə saxlamaları üçün əlverişli şərait yarandı.

Həmin dövrdə ermənilər, eyni zamanda, Azərbaycan xalqının cəlladları Orconikidze və Kirovun təzyiqi ilə 1921-ci il iyulun 4-də RK(b)P Qafqaz bürosunun plenumunda Dağlıq Qarabağın Ermənistana qatılması barədə qərar qəbul edilməsinə nail oldular. Lakin N.Nərimanovun kəskin müqaviməti və onun tələbi ilə RK(b)P MK-nın işə qarışması nəticəsində bu qərar ləğv olundu. Və ertəsi gün - iyulun 5-də Qafqaz bürosu yeni qərar çıxarmağa məcbur oldu: Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyatı verildi. Bununla ermənilər Dağlıq Qarabağ barədə məqsədlərinə tam nail ola bilməsələr də Azərbaycanın bu regionunda öz mövqelərini möhkəmləndirə bildilər.

Bütün bunlara baxmayaraq, ermənilərin və bolşeviklərin Naxçıvanla bağlı planları baş tutmadı. Türkiyənin qətiyyətli mövqeyi sayəsində RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinə (16 mart 1921-ci il) əsasən Naxçıvana Azərbaycanın himayəsi altında muxtariyyat verildi. Müqaviləyə görə Naxçıvan özünün muxtariyyat statusunu üçüncü dövlətə güzəştə gedə bilməzdi. Həmin ilin payızında Cənubi Qafqaz respublikaları ilə Türkiyə arasında bağlanmış Qars müqaviləsi (13 oktyabr 1921-ci il) də bunu bir daha təsdiq etdi. Beləliklə, bolşeviklər Atatürkün "Türk qapısı" adlandırdığı Naxçıvanı Ermənistana verə bilmədilər və Naxçıvan həmişəlik Azərbaycanın tərkibində qaldı.

Qeyd etmək lazımdır ki, bolşeviklər bütün islam Şərqini sovet Rusiyasının təsir dairəsinə salmaq üçün hər cür demoqogiyaya əl atırdılar. Onlar bəyan edirdilər ki, guya Azərbaycanı Şərqin qapısında "çiçəklənən sovet sosialist respublikasına" çevirəcəklər. Lakin bolşeviklərin Azərbaycanda yeritdikləri siyasətin mahiyyətini tezliklə başa düşən Şərq ölkələri Sovet Rusiyasının hiyləsinə uymadılar. Odur ki, çox çəkmədən Azərbaycanın formal müstəqilliyinə son qoyuldu. Azərbaycan, Gürcüstan və Ermənistan vahid Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının (ZSFSR) tərkibində birləşdirildi. Bununla ZSFSR-in gürcü-erməni rəhbərliyi zəngin təbii sərvətlərə malik olan və öz inkişaf səviyyəsinə görə daha irəlidə olan Azərbaycanın iqtisadi potensialını Gürcüstanın və Ermənistanın inkişafına yönəltmək üçün əlverişli imkan qazandılar.

Beləliklə, Cənubi Qafqazda Azərbaycan xalqına qarşı milli və dini ayrı-seçkilik siyasəti bir növ qanunlaşdırıldı. 1922-ci il dekabrın 30-da Azərbaycanın ZSFSR tərkibində SSRİ-yə daxil olması ilə ölkənin formal müstəqilliyinə tamamilə son qoyuldu. Azərbaycanın sərvətlərinin daha geniş miqyasda talan olunmasına başlandı.

20-30-cu illərdə milli müstəmləkəçilik siyasəti daha da gücləndirildi və amansızlaşdırıldı. Yeni sosialist iqtisadiyyatının yaradılması prosesində, xüsusilə birtərəfli sənayeləşdirmə və zorakı kollektivləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatı tamamilə mərkəzdən asılı hala salındı. Mərkəzdən yeridilən iqtisadi siyasət mahiyyətcə Azərbaycanın iqtisadi müstəqilliyinin tamamilə aradan qaldırılmasına yönəlmişdi. Bu siyasətin əsas məqsədi ölkənin xammal mənbəyinə və yardımçı istehsal diyarına çevrilməsindən ibarət idi.

Xalqın milli-mənəvi dəyərlərinə də hücumlar artdı. Süni maneələrlə milli kadrların yetişdirilməsinin qarşısı alınır, kənardan Azərbaycana rus, erməni, yəhudi və qeyri millətlərdən olan əhalinin axınına hər cür şərait yaradılır, onlar müvafiq işlə və Bakı şəhərinin ən yaxşı yerlərində mənzillə təmin olunurdular.
Açıq-aşkar ruslaşdırma və erməniləşdirmə siyasəti yeridilirdi. Bu siyasət ölkənin paytaxtında - "beynəlmiləl" şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi. Rus dili Azərbaycan dilini sıxışdırmış, dövlət dilinə çevrilmişdi. Bəhs olunan dövrdə Azərbaycan ərazisinin qonşulara paylanması siyasəti məqsədyönlü surətdə davam etdirilirdi.

Bu dövrdə - 1923-cü il iyunun 7-də Stalinə arxalanan Orconikidze və Kirovun təzyiqi ilə Azərbaycan MİK-i Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığını elan etdi. Nəhayət, 1923-cü il iyunun 27-də RK(b)P-nin Cənubi Qafqaz Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağ barədə RK(b)P Qafqaz bürosunun 5 iyun 1921-ci il tarixli qərarını təsdiq etdi. Bununla, ermənilər və onların Moskvadakı himayəçiləri Azərbaycana qarşı gələcəkdə yeni ərazi iddiası irəli sürmək üçün "zəmin" hazırladılar.

Lakin, vaxtilə, Türkiyənin fəal köməyi sayəsində hüquqi statusu Azərbaycanın xeyrinə həll olunmuş Naxçıvanla əlaqədar ermənilərin hiylələri baş tutmadı. 1924-cü il fevralın 9-da Azərbaycanın tərkibində Naxçıvan MSSR yaradıldı. Bununla belə, bolşeviklər Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in ərazisini genişləndirmək siyasətini davam etdirdilər və 1929-cu ildə Zəngilan rayonunun üç kəndini Ermənistana verdilər. Elə bu dövrdə Qanıq (Alazan) çayının sağ sahilindəki Azərbaycan torpaqlarını da gürcülər ələ keçirdilər.

20-ci illərin sonundan başlayaraq həyata keçirilən zorakı kollektivləşdirmə, xalqın bütün əmlakının zorla əlindən alınması, qolçomaqları bir sinif kimi ləğv etmək siyasəti xalqın səbrini son həddə çatdırdı. Ölkəni yenidən müqavimət hərəkatı bürüdü. Şəki, Zaqatala, Naxçıvan, Xızı, Şəmkir, Cəbrayıl və b. yerlərdə yeni üsyanlar baş verdi.

1930-cu ildə Şəkinin Baş Göynük kəndində xüsusilə qüv vətli üsyan baş verdi. Öz kəndlərində sovet hakimiyyətini devirən göynüklülər Şəkiyə hücum etdilər. Şəhər əhalisi ayağa qalxdı və üsyançılara qoşuldu. Şəkidə də hakimiyyət üsyançıların əlinə keçdi. Qonşu Zəyzid kəndi də üsyana qalxdı və zəyzidlilər özlərini Şəkinin köməyinə yetirdilər. Şəkidə sovet hakimiyyəti devrildi. Şəhərə Qırmızı Ordu hissələri yeridildi. Üsyançıların şiddətli müqavimətinə baxmayaraq yeni qüvvələrlə möhkəmləndirilən nizami ordu hissələri Şəkini ələ keçirdi. Şəki əhalisi günlərlə kütləvi surətdə güllələndi. ÇK-ya soxulmuş ermənilər bu qanlı qırğında da fəal rol oynayırdılar. Göynük üsyançılarına xüsusilə ağır divan tutuldu. Onlar, heç bir istintaq və mühakimə aparılmadan, əhalinin gözləri qarşısında güllələndi və öz əlləri ilə qazdırılmış quyulara dolduruldular. Bununla ermənilər 1918-ci ildə Şəki ərazisində daşnaklara əl-qol açmağa imkan verməmiş göynüklülərdən qisas aldılar. Sonralar bu kütləvi məzarlar və üsyan başçılarından biri olan Türk Əhmədin qəbri müqəddəs ziyarət yerlərinə çevrildi.

Müqavimət hərəkatının və milli oyanışın yenidən qüvvətləndiyini görən bolşevik rejimi 30-cu illərdə Azərbaycanda daha dəhşətli repressiyalar həyata keçirdi. Azərbaycan rəhbərliyində yuva salmış və kommunist qiyafəsinə girmiş Sumbatov-Qriqoryan-Markaryan-Malyan və başqalarından ibarət olan erməni-daşnak quldurları, faktiki olaraq, Azərbaycanı azərbaycanlılardan, daha doğrusu, Azərbaycan türklərindən "təmizləməyə" başladılar. Həmin rəhbər erməni qrupunun başçılıq etdiyi kütləvi "təmizləmə" əməliyyatının əsas icraçıları da ermənilərin özləri idi.

Çünki KQB və NKVD-nin mərkəzdəki və yerlərdəki strukturları da, faktiki olaraq, ermənilərin əlində idi.

Hətta, Azərbaycan rayonlarının yarısından çoxunda (az qala üçdə iki hissəsində!) NKVD-nin yerli strukturlarına ermənilər başçılıq edirdilər. Bu baxımdan bolşeviklər Rusiyanın tarixi "ənənəsini" davam etdirir, azərbaycanlıları yenə ermənilərin əli ilə qırdırırdılar, lakin yeni şəraitdə, yeni taktika ilə!

Qondarma "cinayət işləri", "məhkəmələr", "xalq düşmənlərini ifşa etmək" pərdəsi altında keçirilən axtarışlar və cəza tədbirləri nəticəsində on minlərlə vətən övladı güllələndi və sürgün olundu. Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı. Hamısı da ən layiqli Vətən övladları. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini, nadir ziyalılarını itirdi. Xalqın zəka potensialı, onun ən qeyrətli şəxsiyyətləri məhv edildi. Bu dəhşətli zərbədən sonra Azərbaycan xalqı on illərlə özünə gələ bilmədi.

30-cu illərdə bütövlükdə Azərbaycan xalqına qarşı repressiya aparılırdı. Həmin dövrdə ermənilər Qərbi Azərbaycanda da azərbaycanlılara qarşı kütləvi təqiblər həyata keçirirdilər. Bu zaman on minlərlə azərbaycanlı Qərbi Azərbaycandan - öz əzəli ata-baba yurdlarından qovuldu.

Bakıda rəhbərliyi ələ keçirmiş erməni-daşnak qrupu ilə Ermənistanın partiya rəhbərliyi əlbir hərəkət edirdi. Vaxtilə Şaumyanla Andronikin etdiyi kimi! Stalinə və Beriyaya arxalanaraq Azərbaycanda istədiyini edən erməni-daşnak güruhunun fitvası ilə bu dövrdə, Şimali Azərbaycanda, xüsusilə Bakıda yaşayan minlərlə Cənubi Azərbaycanlı soydaşımız zorla İrana qaytarıldı.

Bu hiyləgərcəsinə düşünülmüş düşmənçilik addımı nəticəsində vaxtilə qəsbkarlığa gələn və şahlıq rejiminin təqiblərindən canını qurtarıb Şimali Azərbaycanda sığınacaq tapan həmin soydaşlarımız İranda şahlıq rejiminin yeni təqiblərinə məruz qaldılar. Beləliklə, əvvəlki tarixi dövrlərdə olduğu kimi, Rusiya müstəmləkəçiləri, ermənilər və İran irticası Azərbaycan xalqına qarşı əlbir hərəkət edirdilər. Məqsəd azərbaycanlılarsız Şimali Azərbaycan yaratmaq, sonra da onun ərazisini RSFSR-ə qatmaqdan ibarət idi. Əlbəttə, daşnaklara və gürcü millətçilərinə də müəyyən pay vermək şərti ilə!

Kütləvi qırğınlar, sürgünlərlə yanaşı xalqın milli-mənəvi dəyərləri də məhv edilirdi. "Pantürkizm" və "panislamizm" damğaları ilə xalq öz soykökündən və milli-mənəvi dəyərlərindən məhrum edilirdi. Ölkənin hər yerində "keçmişin qalıqları" elan olunmuş milli-mənəvi dəyərlərə qarşı, hətta tar və kamança əleyhinə "mədəni yürüşlər" keçirilir, dinə qarşı mübarizə məqsədilə "Allahsızlar cəmiyyətləri" fəaliyyət göstərirdi.

"Formaca milli, məzmunca sosialist" mədəniyyəti yaratmaq pərdəsi altında xalqın milli-mənəvi varlığını müəyyən edən hər nə varsa, hamısı məhv edilirdi. 1939-cu ildə kiril əlifbasına keçidlə Azərbaycan xalqına daha ağır zərbə vuruldu. Əski əlifbanın ləğvindən sonra yenicə latın qrafikasına alışmaqda olan xalqın bu dəfə yeni bir əlifbaya keçməyə məcbur edilməsi onun tarixi keçmişini əks etdirən milli-mənəvi sərvətlər xəzinəsindən süni surətdə ayrı salınması demək idi. Bu, eyni zamanda, Azərbaycan və digər türk-islam xalqlarına qarşı yeridilən ayrı-seçkilik siyasətinin daha bir dəhşətli təzahürü idi. Yeri gəlmişkən, bu zaman Azərbaycanla qonşuluqda yaşayan xristian xalqlarının əlifbasına toxunulmadı.

20-30-cu illərin repressiyaları dövründə Azərbaycanın minlərlə ən layiqli övladları canlarını KQB zindanlarına düşməkdən qurtarıb müxtəlif xarici ölkələrə siyasi mühacirətə getməyə məcbur oldular. Onların böyük əksəriyyəti bolşevik-daşnak zindanına çevrilmiş doğma Azərbaycanın müstəqilliyini bərpa etmək üçün mübarizə aparırdılar. M.Ə.Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Mərkəzi siyasi mühacirlərin mübarizəsinin vahid axın halında birləşdirilməsində mühüm rol oynayırdı.

Lakin nə bolşeviklər, nə də onların Cənubi Qafqaz siyasətini həyata keçirən erməni-gürcü millətçiləri nə qədər amansız repressiya tədbirlərinə əl atsalar da, nə qədər qanlı qırğınlar törətsələr də, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqının milli-mənəvi varlığını məhv etmək iqtidarında deyildilər. İstiqlal ideyaları, idarə olunmaq deyil, idarə etmək əzmi Azərbaycan xalqının ruhunda yaşayırdı. Azərbaycan xalqı əvvəlki tarixi dövrlərdə də dəfələrlə bu cür ağır sınaqlardan, hətta bundan da qanlı burulğanlardan çıxmışdı. Cavidləri, Müşfiqləri, Əhməd Cavadları yetirən xalq yaşayırdı. O öz sözünü yenə deyəcəkdi!

Ağır sovet rejimi, kommunist diktaturasının 20-30-cu illərdə həyata keçirdiyi təqiblər dövrü də Azərbaycan xalqının qurub-yaratmaq dühasını, yaradıcılıq istedadını boğa bilmədi. Çox keçmədən Azərbaycan xalqı sosializm quruculuğunun ön sıralarına çıxdı. SSRİ kimi çox geniş ərazili bir dövləti yanacaqla təmin edən Azərbaycanın neft sənayesində yeni yüksəliş baş verdi. Bakı SSRİ-nin neft akademiyasına çevrildi. Çoxlu sayda yeni sənaye müəssisələri, elektrik stansiyaları işə düşdü, yollar, kanallar çəkildi, körpülər salındı. Sənaye, kənd təsərrüfatı və mədəniyyətin bir çox sahələri sürətlə inkişaf etdi. Kütləvi savadsızlıq ləğv olundu. Müxtəlif pillədən olan təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri, səhiyyə-sağlamlıq və mədəni-maarif ocaqlarının geniş şəbəkəsi yaradıldı. İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanda 16 ali məktəb, 18 teatr fəaliyyət göstərirdi. 1938-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının açılması Azərbaycanın elmi həyatında mühüm hadisə idi. Mədəniyyətdə də oyanış başlanırdı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı faşizmə qarşı döyüş meydanlarında, arxa cəbhədə, həmçinin Avropanın müxtəlif ölkələrindəki antifaşist hərəkatında misilsiz qəhrəmanlıqlar göstərdi. Həmin dövrdə Azərbaycandan hərbi səfərbərliyə alınmış 600 mindən çox adamdan 170 mindən çoxu orden-medallarla təltif olundu, 130 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Müharibə dövründə Azərbaycanda akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hazırlanmış yeni texnologiya əsasında yüksək oktanlı aviasiya benzininin istehsalına başlandı. Bakı nefti SSRİ-nin Böyük Vətən müharibəsində qalib gəlməsində həlledici rol oynadı. A.İ.Mikoyan başda olmaqla Kremldə yuva salmış erməni-daşnak qrupunun müharibə illərində bütün azərbaycanlıları öz doğma yurdlarından sürgün etmək planları baş tutmadı. İkinci Dünya müharibəsi Azərbaycan xalqının ən ağır sınaqlarından qələbə ilə çıxmağa qadir olan qəhrəman bir xalq olduğunu bir daha sübut etdi. 20-30-cu illərin repressiyalarında əzilmiş xalqda özünə inam hissi yenidən gücləndi.

İkinci Dünya müharibəsi başa çatdıqdan sonra da, şimallı-cənublu Azərbaycan xalqına qarşı repressiyalar davam etdirildi. Azərbaycanın cənubunda yaradılmış Milli Hökumət (1945-ci il 12 dekabr-1946-cı il 14 iyun) İranın mürtəce şahlıq rejimi tərəfindən devrildi. On minlərlə azadlıq mücahidi qan içində boğuldu. Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi bütün demokratik dəyişikliklər aradan qaldırıldı.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. Erməni millətçiləri Kremldə hökmranlıq edən Stalin-Beriya-Mikoyan güruhunun "xeyir-duası"ndan ruhlanaraq Azərbaycan xalqına növbəti dəfə divan tutdular. Ermənilər Qərbi Azərbaycan torpaqlarında daha da möhkəmləndilər. Onların bu ərazidə sayca üstünlüyü təmin olundu.

Müharibədən sonrakı ilk beşilliklərdə sənaye və kənd təsərrüfatının müxtəlif sahələrində mühüm irəliləyişlər baş verdi. Mədəniyyətin inkişafında yeni addımlar atıldı. Bakı nefti SSRİ iqtisadiyyatının bərpası və inkişafında mühüm rol oynadı. Azərbaycanlı mütəxəssislərin əməyi sayəsində Tatarıstan, Başqırdıstan, Tümen və b. yerlərdə yeni neft yataqları kəşf olundu və istismara verildi. Azərbaycan xalqının nümayəndələri Sovet İttifaqının başqa yerlərində də iqtisadiyyatın bərpası və inkişafında fəal iştirak etdilər.

Azərbaycan xalqının qurub-yaratmaq dühası sayəsində əldə olunmuş mühüm uğurlara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən 60-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində - həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı. Respublikanın inkişafı getdikcə ləngidi və bu, əhalinin sosial vəziyyətinə məntiqi təsir göstərməyə başladı. İstehsalın, o cümlədən sənaye məhsulları istehsalının ümumi inkişaf səviyyəsinə, milli gəlirin həcminə və əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan ittifaq səviyyəsindən geri qalırdı. Və bu gerilik getdikcə artırdı. Kənd təsərrüfatı xüsusilə ağır vəziyyətə düşmüşdü. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu.

Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. Doğma xalqının böyük təəssubkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf edərək ittifaq dövlətinin - SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə cəlb olunmasına başlandı.

Beləliklə, XX əsrin uzaq 20-30-cu illərində ermənilərin və qeyri millətlərin nümayəndələrinin yuva salmış olduğu və xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-nın) azərbaycanlılaşdırılması və xalqımızın düşmənlərindən təmizlənməsi kimi son dərəcə çətin və şərəfli işə ilk dəfə - hələ sovet rejiminin ən güclü vaxtında məhz Heydər Əliyev girişmişdir. Bu gün bütün azərbaycanlılar, o cümlədən xalqımızın hər bir nümayəndəsi aydın dərk etməli və unutmamalıdırlar ki, daşnaklar xalqımıza qarşı həyata keçirdikləri 1918-ci ilin Mart soyqırımından sonra, 1920-ci ilin Sovet işğalında da yaxından iştirak etdilər. Bolşevik libası geyinmiş daşnaklar bu dəfə xalqımızı sovet hakimiyyətinin "qurucuları" cildinə girərək qırdılar. Onlar KQB-də (Dövlət Təhlükəsizlik Komitəsində) və NKVD-də (Xalq Daxili İşlər Komissarlığında) əsas mövqeləri ələ keçirdilər. Erməni "çekistləri" uydurma "cinayət işləri" qaldıraraq 20-30-cu illərdə xalqımıza qarşı kütləvi repressiyalar həyata keçirdilər, neçə-neçə Cavidləri, Müşfiqləri - Azərbaycan xalqının qaymağını məhv etdilər. Bu baxımdan Heydər Əliyevin KQB-ni azərbaycanlılaşdırmaq sahəsindəki xidmətləri Vətən və xalq qarşısında adi xidmətlər deyil! Başqa sözlə, Heydər Əliyev qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində xalqımızın namuslu övladlarına qarşı yönəlmiş növbəti təqiblərin qarşısını alırdı.

XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçildi və ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Sovet Azərbaycanının tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk addımlarındanca Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi və arxasınca getdi. Azərbaycan xalqının tarixində HEYDƏR ƏLİYEV DÖVRÜ başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Böyük siyasətçi iqtisadiyyat (o cümlədən kənd təsərrüfatı) və mədəniyyətin müxtəlif sahələrində öz Vətəninin, xalqının inkişafı üçün zəruri olan ən vacib məsələlər barədə əvvəlcə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu, Mərkəzi Komitənin plenumları, Kommunist partiyasının qurultayları səviyyəsində əlverişli qərarlar qəbul edilməsinə nail olur, sonra da bütün xalqımızı həmin qərarların icrasına səfərbər edir, doğma Azərbaycanın tərəqqisi uğrunda yorulmadan, gecəli-gündüzlü mübarizə aparırdı. Azərbaycanı özü-özünü təmin edə bilən, müstəqil yaşamağa qadir olan və elmi-texniki cəhətdən yüksək tərəqqi etmiş bir ölkəyə (o vaxtkı terminologiya ilə desək, inzibati-iqtisadi vahidə) çevirmək onun planlarının başında gəlirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gələn yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən beş xüsusi qərar qəbul etməsinə nail oldu. Və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən qabaqcıl pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı.

1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. 213 iri sənaye müəssisəsi işə salındı. Bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Həmin illərin Azərbaycanı nəhəng bir tikinti meydanını xatırladırdı. Bakının və respublika rayonlarının siması büsbütün dəyişmişdi.

Bu gün Bakıya, Azərbaycanın rayonlarına gözəllik, yaraşıq verən yüzlərlə yaşayış binaları, mehmanxanalar, ictimai binalar, məktəblər, mədəniyyət sarayları, iqtisadiyyatımızın nüvəsini təşkil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri istehsal kompleksləri, su anbarları, dəryaçalar, Kür su kəməri, yaşıllıq zonaları, istirahət ocaqları, neçə-neçə yollar, o cümlədən yurdun şimal-qərb ucqarını paytaxta bağlayan Bakı-Balakən dəmir yolu, Dağlıq Qarabağın mərkəzə - Bakıya bağlılığını artırmaq və orada Azərbaycan mühitini canlandırmaq üçün görülən mühüm tədbirlər, o cümlədən Xankəndinə dəmiryolu çəkilməsi Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyyətinin, bu böyük insanın bütün varlığına hopmuş Vətən sevgisinin nəticəsi idi.

1970-1985-ci illər ərzində Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il təhsil almaq üçün Azərbaycandan kənara 800 tələbə yola salınırdı. Hərbi təhsilin inkişafına xüsusi diqqət yetirilirdi. SSRİ-nin kosmik uçuşlara hazırlıq mərkəzində azərbaycanlı gənclərin olmamasından narahatlıq keçirən Azərbaycan rəhbəri gənclərin ali təyyarəçilik məktəblərinə göndərilməsini şəxsi nəzarətinə götürmüşdü.

Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Bir sözlə, daim xalqının gələcəyini düşünən BÖYÜK AZƏRBAYCANLI hələ o vaxtlar zamanı qabaqlayaraq XXI yüzilliyin Azərbaycanı üçün güclü kadr potensialı yaradırdı.

Heydər Əliyevin XX yüzilliyin 70-80-ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan o zaman dağılmağa başlamış böyük SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür-qoy edilmiş, dərindən ölçülüb-biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi.

Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı!

Dahi dövlət xadimi Heydər Əliyev kommunist rejiminin ağalığı dövründə doğma xalqına qarşı baş vermiş haqsızlıqlar əleyhinə özündən başqa heç kəsin apara bilməyəcəyi mübarizəni apardı, Kreml rejiminin ağır təqibləri şəraitində xalqının çəkdiyi əzablara cavab olaraq, Azərbaycanın gələcəyi naminə olduqca uzaqgörən və çox cəsarətli addımlar atdı. Vətənin bütün guşələrində Azərbaycanın haqqı tapdalanmış böyük şəxsiyyətlərinin heykəllərini ucaltdırdı, repressiya qurbanı olmuş böyük Cavidi ölümündən illər keçdikdən sonra Vətənə qaytardı, Kerçdə, Krımda həlak olmuş minlərlə azərbaycanlının şərəfinə Sapun Qora yaxınlığında abidə ucaltdırdı...
Məhz bu dövrdə - Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə, ilk dəfə olaraq, Azərbaycanın görkəmli sənət adamlarının böyük bir dəstəsinə - şairlərimizə, yazıçılarımıza, bəstəkarlarımıza ilk dəfə Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi də təkzibolunmaz tarixi faktdır.

Doğma xalqı, el-obası üçün canını qoyan, elə buna görə də Moskvaya "irəli çəkilib" müəmmalı şəkildə həyat çırağı söndürülən, sonra da "millətçi" damğası yapışdırılan və adının çəkilməsi belə yasaq olunan Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdırmaq Heydər Əliyev şəxsiyyətinin Vətən qarşısında böyük xidməti idi. Sonralar Nərimanova Ulyanovsk şəhərində də abidə ucaltdırmağa nail olan Heydər Əliyev bir daha sübut etdi ki, onu Vətən - xalq təəssübkeşliyindən döndərmək heç kəsin hünəri deyil, o cümlədən hakim sovet rejiminin də!

Heydər Əliyevin rəhbərliyi dövründə, XX əsrin 60-cı illərinin sonu - 70-ci illərində, Azərbaycanın ümumi yüksəlişi fonunda xalqımızın tarixi keçmişinə də maraq artdı, bu sahədə də oyanış başlandı. Xalqımızın milli-mənəvi həyatında da dirçəliş başlandı. O zaman ölkəmizdə milli oyanışın əsas mərkəzlərindən biri böyük mütəfəkkirimiz Rəsul Rzanın başçılıq etdiyi Azərbaycan Ensiklopediyası idi. Ensiklopediyanın Baş redaksiyası, redaksiya ətrafında toplanmış alimlərin böyük əksəriyyəti çox cəsarətli çıxışlar edirdilər. Xalqımızın təşəkkülündə türk etnoslarının həlledici rol oynaması, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət dövrünün xadimlərinə obyektiv qiymət verilməsi, 1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Rəsul Rzanın həlledici köməyi ilə bu sətirlərin müəllifi Kiyevin xəritə fabrikində ilk dəfə olaraq Azərbaycan tarixi xəritələrinin hazırlanması və çapına nail oldu. 1972-ci ildə Ensiklopediyanın Baş redaksiyası Rəsul Rzanın redaktorluğu ilə "Azərbaycan SSR xəritələri" (Azərbaycan və rus dillərində) adlı atlas nəşr etdi. Göstərilən tarix xəritələri həmin atlasa daxil edildi. Lakin "sapı özümüzdən olan baltalar" bütün bu məsələləri Moskvaya çuğulladılar, Ermənistandakı tarixçi "dostlarını" köməyə çağırdılar. Bizə "millətçi", "burjua məfkurəçiləri", "sovet hökumətinin və Rusiyanın düşmənləri" damğasını vurmaq məqsədilə xalqımıza qarşı 1918-ci ilin Mart soyqırımını törətmiş S.Şaumyanın oğlu L.S.Şaumyanı Bakıya gətirtdilər. O zaman "Böyük Sovet Ensiklopediyası" baş redaktorunun birinci müavini, həm də sovet ideologiyasının başında duranlardan biri olan oğul - Şaumyan əlinə düşən fürsətdən istifadə edərək Azərbaycan ziyalılarına zərbə vurmaq üçün özünü oda-közə vurdu. Lakin məqsədinə çata bilmədi. Çünki Azərbaycana doğma yurdunun təəssübkeşi olan qüdrətli bir şəxsiyyət başçılıq edirdi. Məhz Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində o zaman həm ensiklopediyaçılar, həm də ziyalılarımızın böyük bir dəstəsi nəinki KQB-nin təqiblərinə düçar olmadı, hətta partiya cəzasından da yaxa qurtara bildilər!!!

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində XX yüzilliyin 70-ci illərində Azərbaycan xalqının milli azadlıq hərəkatının yeni mərhələyə-yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bütün bunlardan sonra, fikrimizcə, prezident Heydər Əliyevin bugünkü fəaliyyəti ilə əvvəlki rəhbərlik dövründəki fəaliyyəti arasındakı sıx məntiqi əlaqəni, dialektik vəhdəti isbat etməyə ehtiyac qalmır. Faktlar özü hər şeyi daha yaxşı sübut edir!

Həmin faktların ən böyüyü isə bu idi ki, dünya sosializm sisteminin və böyük Sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan SSR artıq öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ola biləcək ikinci respublika idi.

Beləliklə, Heydər Əliyevin doğma xalqı qarşısında ən böyük xidmətlərindən biri də bu idi ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi.