Din

 Azərbaycanda dinAzərbaycan ərazisi çoxmilli, dini birgəyaşayışın tolerant mühitinə malikdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. İslam dini üstün mövqe tutur. Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-cu il) başlanır.  Əhalinin 95 faizindən çoxu islam dininə etiqad edir.
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Hazırda Azərbaycan Respublikası ərazisində 510 dini icma qeydiyyatdan keçmişdir. Bunlardan 32-i qeyri-islam təmayüllü dini icmalardır. Azərbaycanda müxtəlif yönümlü dini icmaların fəaliyyət göstərməsi ölkədə dini azadlığın mövcudluğunu bir daha sübut edir.