Rabitə Nazirliyi Ermənistanla sazişə getməsi barədə açıqlamanı şərh edib

 

Xəbər verdiyimiz kimi iyunun 8-də Ermənistanın rabitə naziri Akop Arşakyan məlumat verib ki, sərhədyanı ərazidəki radiotezliklərlə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlinib. Erməni nazirin verdiyi məlumata görə, sərhədyanı ərazidəki 134 tezlik artıq tam bizim (yəni ermənilərin) istifadəmizdədir.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən cavab verilib.

Radio

Nazirliyin cavabında bildirilib ki, Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib: “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkəmizin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb.

BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün Beynəlxalq Telekommunikasiya İttifaqına təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub.

Nəticədə Ermənistan tərəfindən edilmiş əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib”.

Nazirliyin verdiyi cavabda qeyd edilib ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına tərəfimizdən edilmiş müraciətlərə Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi: “Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları ölkəmizin radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb olurdu.

Bir məqamı heç kəs unutmasın ki, Dağlıq Qarabağdakı bütün qeydiyyatda olan radiostansiyalar Beynəlxalq Telekommunikasiya İttifaqında Azərbaycanın adındadır və bu stansiyalar müzakirə mövzusu ola bilməz. Biz müzakirələr nəticəsində Tovuz, Qazax, Naxçıvan və respublikanın digər ərazilərindəki bizim radiostansiyalara maneələrin yaranmaması üçün onların beynəlxalq qeydiyyatını apardıq. Qeyd edək ki, BTİ BMT-nin qurumudur və Azərbaycanın ərazi bütövlüyü birmənalı qəbul olunduğu uçun bizim ərazilər daxilindəki heç bir stansiya ermənilərin adı altında qeyd oluna bilməz və bunu biz mütəmadi izləyirik”.

2020-06-29 / 23:13
Facebook