“Xudafərin” və “Qız Qalası” layihəsi ilə bağlı - Tarixi faktlar

Bir müddət öncə onlayn xəritədən çəkilən fotonun sosial şəbəkələrdə paylaşılması ilə İranın Azərbaycanın işğal olunmuş ərazilərində tikinti aparması mövzusu müzakirələrə səbəb oldu. Bir çox vətəndaşlar bunu İranın Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etməsi kimi qiymətləndirməyə çalışsa da, sonradan bu işlərin 2016-cı ildən Azərbaycanın icazəsi ilə edildiyi məlum oldu.

Nazirlər Kabineti yanında Operativ Qərargın sonuncu brifinqlərindən birində Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu məsələnin ictimaiyyətdən gizlədilməsi haqda şayiələrə də münasibət bildirdi.

L.Abdullayeva qeyd edib ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” layihəsi ilə bağlı Saziş 2016-cı ildən normativ hüquqi aktların vahid internet elektron bazası olan e-qanun internet səhifəsi vasitəsi ilə ictimaiyyət üçün açıqdır: “İstənilən şəxs bu sayta daxil olub sənədlə tanış ola bilər”. 

 

2016-cı il 23 fevral tarixində imzalanmış Saziş ictimaiyyətdən gizlədilməyib

Xatırladaq ki, Azərbaycan Prezidentinin İrana 2016-cı ilin fevralında baş tutan səfəri və nəticələri çox geniş şəkildə “Azərtac” və digər KİV-lərdə işıqlandırılıb. Həmin zaman İqtisadiyyat naziri bu mövzu ilə bağlı Azərtaca geniş müsahibə də verib. 

Məlumat üçün qeyd edək ki, bu körpülər işğal edilmiş ərazilərə gediş-gəliş üçün tikilməsi iddiası özünü doğrultmur. Çünki bu iki hidroqovşaqların tikilməsi üçün 50 ildən artıqdır ki, danışıqlar aparılırdı. Bu layihələrin icrası üçün 1970-80-ci illər ərzində SSRİ ilə İran İslam Respublikası mütəxəssisləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə çoxsaylı qarşılıqlı razılaşma əldə edilib. Bununla bağlı 6 dekabr 1988-ci ildə Saziş imzalanıb, 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin tikintisinin təməl qoyma mərasimi keçirilib. Azərbaycanın müstəqilliyinin bərpa edəndən sonra da layihənin həyata keçirilməsi üzrə fəaliyyətlər davam etdirilib. 

Azərbaycan Nazirlər Kabineti 18 may 1992-ci ildə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikilməsi məsələləri haqqında qərar qəbul edib.

Həmin il mayın 25-də imzalanmış ilkin obyektlərin müəyyənləşdirilməsi və tikintisi barədə Sazişdə “Araz çayı üzərində 2 avtomobil körpüsünün tikintisi, tikinti zonasında müvəqqəti avtomobil yollarının salınması, tikinti zonasında asfalt-beton örtüklü daimi yolların salınması” əks olunub. 1993-cü ilin fevral ayında Azərbaycan və İran rəsmiləri mərasimdə iştirakı ilə tikintisi başa çatdırılan “Xudafərin” bəndinin yardımçı körpüsünün açılış mərasimi keçirilib, Azərbaycan və İran rəsmiləri mərasimdə iştirak ediblər.

Paralel olaraq, Azərbaycan Hökuməti “Qız Qalası” layihəsi üçün də yardımçı körpünün tikintisinə başlamış, torpaqlarımızın Ermənistan tərəfindən işğalı səbəbindən Azərbaycan şirkətləri bəndlərin tikintisində fəaliyyətlərini tamamilə dayandırıb və bundan sonra körpünün tikintisi İran tərəfindən başa çatdırılıb.

Nazirlər Kabinetinin məlum Qərarında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisi ilə bağlı tərəflərin hüquq və öhdəliklərini əks etdirən, o cümlədən bəndlərin tikintisi, birgə istismarı və idarəçiliyi məsələlərini özündə ehtiva edən çərçivə sazişinin bağlanmasının nəzərdə tutulmasına baxmayaraq, elə həmin Qərarla tikintinin başlanmasına start və səlahiyyətlər verilib. Bundan sonra bəndlər ətrafında gedən proseslər bu cür çərçivə sazişinin mövcud olmadığı şəraitdə baş verib.

Saziş bağlanmadan davam edən tikintinin yaratdığı fəsadlı nəticələr

Sovet İttifaqı dağılandan və Azərbaycan müstəqilliyini bərpa edəndən sonra “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının tikintisinin davam etdirilməsi üçün müstəqil Azərbaycan Respublikası İranla hidroqovşaqların tikintisi, istifadəsi, istismarı, su və elektrik enerjisi ehtiyatlarının istifadəsi şərtlərini müəyyənləşdirən ikitərəfli saziş bağlamalı idi.

Lakin, müstəqil dövləti təmsil edən o dövrkü hakimiyyət belə saziş olmadan tikintiyə icazə verib. Faktiki olaraq, ərazilərimizin işğalı ilə bağlı Azərbaycanın səlahiyyətli qurumlarının bəndlərin tikilməsində iştirakını dayandırdığı ana qədər bəndlərin tikilməsi üçün bütün lazımi layihə, smeta, təşkilati-texniki məsələlər razılaşdırılmış və tikinti ilə bağlı olan əksər kontraktlar imzalanmışdır. Hərçənd ki, iki ölkə arasında tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişi yox idi.

Eyni zamanda, İran həmin regionda su ehtiyatlarına kəskin ehtiyac duyurdu. Bu ehtiyacdan çıxış edərək, habelə o dövrkü Azərbaycan hakimiyyətinin qərarının mövcudluğunu nəzərə alaraq, İran tərəfi ərazilərimizin işğalından sonra tikintini birtərəfli qaydada davam etdirib.

Sonrakı dövrdə, yaranmış şəraitdən çıxış edən Azərbaycan tərəfi İran tərəfi ilə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən, hər iki tərəfin maraqlarına cavab verən şərtlərlə tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişinin bağlanmasında israrlı olub.

İranla uzun müddətli danışıqlardan sonra 2016-cı ilin fevralında belə şərtləri, xüsusilə Azərbaycanın bu infrastruktura sahibliyi, su və elektrik enerjisinin bərabərhüquqlu istifadə qaydaları, bəndlərin tikintisinin davam etdirilməsində, istifadə və istismarında Azərbaycanın iştirakını və nəzarətini təmin edən Saziş imzalanıb.

Sazişin işğal faktorunun təsiri ilə bağlı narahatlıqların azaldılmasına və aradan qaldırılmasına əsas yaradan mühüm beynəlxalq-hüquqi sənəddir.

İttihamlar səsləndirilir ki, bu layihə birtərəflidir, hətta milli maraqlara ziddir...

Son günlər bu sazişin yenidən gündəmə gəlməsindən sonra aparılan müzakirələr zamanı bəzi şəxslər bu layihənin birtərəfli olması haqda əsassız ittihamlar səsləndirir. Bu fikirlər Azərbaycanın regional siyasətinə kölgə salan qərəzli yanaşmadır. Araz sərhəd çayıdır, onun üzərində və ətraf ərazilərində layihələrin həyata keçirilməsi iki qonşu dövlətin münasibətlərini inkişaf etdirmək niyyətindən irəli gəlir. Sazişin 1-ci maddəsində deyilir ki, tərəflər hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

Hər iki Tərəfin maraqları suveren bərabərlik əsasında qorunur və Saziş beynəlxalq hüquq normalarına uyğun olaraq tərtib olunub. Saziş tamamilə Azərbaycan xalqının mənafeyinə və dövlətinin maraqlarına cavab verən sənəddir.  Müqavilənin tənzimlədiyi bütün məsələlərdə Azərbaycan və İranın bərabərhüquqlu fəaliyyət göstərməsi bütün müddəalarda öz əksini tapıb.

İran Azərbaycanın ərazi bütövlüyünü əvvəllər də tanıyırdı, bu sənədin əhəmiyyəti nədədir?

İran İslam Respublikası siyasi bəyanatlarda bundan öncə dəfələrlə Azərbaycan Respublikasının suverenliyini və  ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan bu Saziş əsasında hüquqla ona məxsus olan haqqının istifadə olunmasını təmin edə bilib.

Saziş bütün işğal olunmuş ərazilərimizdə Azərbaycanın suverenliyinin təmin olunmasına yönəlmiş siyasi proseslərdə ölkəmizin mövqeyini möhkəmləndirir. Eyni zamanda, Saziş Ermənistanın işğalçılıq siyasətinə tezliklə son qoyulacağına ciddi ismarıcdır. Gec-tez Azərbaycan bütün işğal olunmuş ərazilərini geri qaytaracaq və həmin ərazilərin bərpası zamanı da Sazişin müstəsna əhəmiyyətini görəcəyik.

Bir sıra şəxslər layihənin yeri düzgün seçilmədiyini, hidroqovşaqların daha çox Azərbaycan ərazilərində tikildiyini və buna görə də bəndlərin tikilməsi nəticəsində Azərbaycan tərəfindən bir çox kəndin su altında qaldığını iddia edirlər. Bu məsələ də Sazişdə öz əksini tapıb. Su altına düşən tarixi  abidə və qurğularla bağlı məsələ ictimaiyyətlə birgə müzakirə edilərək onların qorunması təmin olunub. Sazişdə hər iki tərəfə dəyən ziyanın müəyyən edilərək kompensasiya edilməsi haqqında maddə öz əksini tapıb. Bu maddə imkan verir ki, su anbarları zonasına düşən və digər tərəfə dəyən ziyanların fərqinin yarısı Azərbaycan tərəfinə ödənilsin.

Azərbaycan tərəfinin xərcləri öz üzərinə götürməsi haqda məlumatlar tamamilə yanlışdır. Sazişə görə, xərclər Birgə Texniki Komissiya tərəfindən müəyyən ediləcək. Azərbaycan hökumətinin ödəmə ilə bağlı hər hansı qərarı yoxdur.

Qeyd edək ki, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında 2016-cı il 23 fevral tarixində imzalanmış Sazişin tərəfləri Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləridir. 

Sazişə əsasən, onun çərçivəsində əməkdaşlıq bərabərlik, hər iki dövlətin daxili işlərinə qarışmamaq, suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək prinsiplərinə əsaslanır. Qeyd olunmalıdır ki, Saziş üzrə əsas rəhbər başlanğıclar kimi müəyyən edilmiş sözügedən prinsiplər sənədin mətni boyunca bir neçə yerdə, həm preambula, həm də 1-ci maddədə konkret şəkildə təsbit edilmişdir. Sənəddə BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanmışdır. Beləliklə, hazırkı dövrdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi və istismarının iki ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsinin beynəlxalq müqavilə-hüquqi bazası formalaşdırılıb.

Sazişin 1-ci maddəsində Araz sərhəd çayı üzərində “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar fəaliyyətin formatı əks olunmuşdur. Həmin format aşağıda qeyd olunan iki elementi özündə ehtiva edir: 

1. Tikinti və istismar Azərbaycanın və İranın suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında aparılır, yəni, məsələ iki ölkənin suveren hüquqları çərçivəsində nəzərdən keçirilir, məsələ ilə bağlı Azərbaycan və İranın ərazi bütövlüyünə heç bir vəchlə xələl gələ bilməz və bu məsələdə hər hansı üçüncü ölkənin mənafeyindən söhbət gedə bilməz. 

Sazişdə açıq şəkildə qeyd olunur ki, “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunmasının və istismarının müvəqqəti və ya daimi olaraq üçüncü ölkənin fiziki və hüquqi şəxslərinə verilməsi qadağandır (6-cı maddə).

Sazişə əsasən, hazırkı dövlət sərhəd xətti hidroqovşaqlar su ilə doldurulduqdan sonra razılaşdırılmış metodlar əsasında suyun səthində müəyyən ediləcək, nişanlanacaq və hər iki ölkənin dövlət sərhədi olacaqdır (14-cü maddə). Bu o deməkdir ki, quru üzərində olan sərhədin koordinatları dəyişməyərək müvafiq olaraq həmin koordinatlarda su səthinə köçürüləcəkdir;

2. Sənəd tikinti və istismar fəaliyyətində Azərbaycanın və İranın birgə iştirakını nəzərdə tutur, yəni nə Azərbaycan, nə də İran bu məsələdə qarşı tərəfin razılığı olmadan heç bir birtərəfli addım atmamalıdır.

Bununla yanaşı, hidroqovşaqların və su elektrik stansiyalarının yerləşdiyi ərazilərlə bağlı hazırkı vəziyyət, xüsusilə də həmin bölgədə Azərbaycan ərazilərinin işğalı və Azərbaycan tərəfinin məsələ ilə bağlı faktiki imkanları nəzərə alınaraq, 1-ci maddədə İran tərəfinin tikintinin davam etdirilməsini məhz bu Saziş əsasında aparması öhdəliyi birbaşa qeyd olunmuşdur. Sazişin 9-cu maddəsinə görə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İranın öhdəsindədir.

Həmçinin, 1-ci maddəyə görə, hidroqovşaqların və su elektrik stansiyalarının istismarı, mühafizəsi, saxlanılması, energetika və su ehtiyatlarından istifadəsi üçün yeganə əsas kimi Sazişin müddəaları çıxış edir, yəni bu məsələlər müstəsna olaraq Azərbaycan və İranın suverenliyinə əsaslanan Saziş çərçivəsində tənzimlənir. Başqa sözlə, sözügedən fəaliyyətlərin Sazişlə nəzərdə tutulmuş qaydalardan fərqli qaydada icrası istisna edilir.

Sazişdə “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının kompleks tikintisinin Azərbaycanın və İranın mütəxəssislərinin nəzarəti ilə davam etdirilməsi qeyd edilmişdir. Sənədin 2-ci maddəsi əsasında, orada qeyd edilən vəzifələrin icrası məqsədilə müvafiq struktur – tərkibinə Azərbaycan və İranın mütəxəssislərinin daxil olduğu Birgə Texniki Komissiya fəaliyyət göstərir. 

4-cü maddəyə uyğun olaraq, tikinti ilə əlaqədar tərəflərin payına düşən maliyyə xərcləri Birgə Texniki Komissiya tərəfindən müəyyənləşdirilir. Xərclərin Azərbaycanın payına düşən hissəsinin İran tərəfinə Azərbaycan tərəfinin mülkiyyətində olan su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi və ya digər vasitələrlə ödənilməsi nəzərdə tutulur. Tikinti ilə bağlı tərəflərə dəyən ziyan qarşılıqlı hesablaşmalarda nəzərə alınır.

Sazişin 5-ci maddəsinə əsasən, hidroqovşaqlar və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasından irəli gələn məsuliyyət də bərabər şəkildə tərəflərin üzərinə düşür. İran mövcud şəraitdə, BMT Qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək, bu məsuliyyəti, fors-major hallar istisna olmaqla, öz üzərinə götürür.

Saziş həmçinin iki ölkə arasında su və elektrik enerjisinin bölgüsü ilə bağlı konkret müddəaları özündə ehtiva edir. Belə ki, 7-ci maddəyə uyğun olaraq, hidroqovşaqların su ehtiyatlarından istifadə bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaqdır.

İran tərəfinin “Qız qalası” hidroqovşağından götürdüyü suyun həcminə bərabər miqdarda suyu yolboyu təbii itkilər çıxılmaqla Azərbaycan tərəfi, hidroqovşaqlardan su götürmək imkanı yarananadək Araz çayı üzərindəki “Mil-Muğan” və “Bəhramtəpə” hidroqovşaqlarında istifadə edəcəkdir.

Sənədin 8-ci maddəsinə görə, Azərbaycan Respublikasına məxsus “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər.

Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir. Sazişə əsasən, hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaqdır.

11-ci maddəyə görə, tərəflər tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planını hazırlayacaqlar. Hazırkı şəraitdə İran tərəfi qeyd olunan planın icrasını, fors-major şəraiti istisna olmaqla, birtərəfli qaydada öz üzərinə götürür. Həmin planın icrasına çəkilən xərclərdə Azərbaycanın payı Birgə Texniki Komissiyada razılaşdırıldıqdan sonra həmin məbləğ Azərbaycan tərəfindən İran tərəfinə ödənilir. Saziş nəzərdə tutur ki, tərəflər “Xudafərin” körpülərinin Dünya İrs Siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq, qeydə alınması üçün YUNESKO-nun Dünya İrs Mərkəzinə təqdim edəcəklər.

Bütün bunlarla yanaşı, Sazişin 12 və 13-cü maddələrində ətraf mühitin qorunması, təbii bioresursların mühafizəsi və onlardan birgə istifadə, təbii fəlakətlərin və texnogen halların qarşısının alınması, onunla mübarizə və təsirlərinin azaldılması ilə bağlı məsələlər də yer almışdır. Həmin məsələlər Sazişə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında və ya Birgə Texniki Komissiya çərçivəsində nəzərdən keçirilir.

Sazişin 16-cı maddəsinə uyğun olaraq, onun müddəalarının təfsiri və yerinə yetirilməsi zamanı yarana biləcək fikir ayrılıqları tərəflər arasında anlaşma və əməkdaşlıq mühitində diplomatik danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edilməlidir.

Bu müddəa beynəlxalq müqavilələrin bağlanması ilə bağlı təşəkkül tapmış beynəlxalq təcrübədə geniş istifadə olunur, fikir ayrılıqlarının həlli istiqamətində tərəflərə öz iradələrinə əsaslanmaqla çeviklik imkanı təqdim edir.

Saziş üzrə öhdəliklərin suverenlik və ərazi bütövlüyü prinsipləri ilə bilavasitə bağlı olduğunu nəzərə alaraq, belə öhdəliklərin pozulması ehtimalı yaranarsa və fikir ayrılıqları məsəlhətləşmələr yolu ilə həllini tapmazsa, 16-cı maddə hər bir tərəfin universal beynəlxalq mexanizmlərə müraciət etmək imkanlarını ehtiva edir.

2020-05-19 / 14:51
Facebook