Türkiyə ordusu İdlibdə hücuma hazırdır, amma ruslarla döyüşmək istəmir

 

 

Türkiyə ordusu prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Suriyanın şimalında, hazırda Bəşər Əsəd qüvvələrinin irəliləməkdə olduğu İdlibdə hücum əməliyyatlarına başlamağa hazırdır. Amma Rusiya ilə hərbi toqquşmaya girmək istəmir və belə məqsədi yoxdur.

Bu bəyanatla Türkiyənin müdafiə naziri Hulusi Akar yerli telekanallardan birinə müsahibəsində çıxış edib.

Xəbər verildiyi kimi Suriya ordusu Rusiya aviasiyasının hava dəstəyi ilə İdlibdə Türkiyənin dəstəklədiyi “Həyyat Təhrir əş-Şam” qruplaşmasına qarşı hücumları davam etdirərək ölkənin şimalı ilə cənubunu birləşdirən strateji əhəmiyyətli şosseyə nəzarəti ələ keçirib. Suriya ordusunun irəliləməsi nəticəsində Türkiyə ordusunun müşahidə postları arxada qalıb. Prezident Ərdoğan xəbərdarlıq edib ki, Əsəd qüvvələri fevralın sonuna qədər İdlib deeskalasiya zonasının gerisinə çəkilməsə Türkiyə ordusu hücuma başlayacaq.

Ötən gün İdlibdə vəziyyət daha da gərginləşib, müxalif qüvvələr Türkiyə ordusunun tank və artilleriya dəstəyi ilə hücum edərək Neyrab qəsəbəsini tutub, lakin çox keçməyib ki, Rusiyanın hava zərbələri ilə Əsəd ordusu əks-hücuma keçib və müxaliflər geri oturdulub. Bu zaman Əsəd aviasiyasının endirdiyi zərbə nəticəsində Türkiyə ordusunun bir tankı vurulub, iki tankçı həlak olub, 5 hərbçi yaralanıb.

Müdafiə naziri Akar deyib ki, prezident Ərdoğan rejim qüvvələrinin geri çəkilməyəcəyi təqdirdə hansı addımların atılmalı olduğu haqda təlimat verib. “Biz də lazım olan planlarımızı hazırladıq. A, B, C planlarımız var. Bu plan yeri və zamanı gələndə həyata keçiriləcək” -o bildirib.

Suriya rejiminə Rusiyanın dəstək verdiyi bir vaxtda Türkiyənin İdlibdə hücumu iki ölkə arasında birbaşa hərbi toqquşmaya səbəb olmayacaqmı?

Müdafiə naziri bu suala cavab olaraq deyib ki, onların Rusiya ilə qarşılaşmağa nə niyyətləri, nə də məqsədləri var. “Tək hədəfimiz rejim, atəşkəs rejimini pozan qüvvələr və qruplardır”-o vurğulayıb.

Akar təsdiq edib ki, İdlib üzərində hava məkanına Rusiya nəzarət edir və belə vəziyyət Türkiyə ordusunun hücumunu çətinləşdirə bilər. Ona görə də Rusiyanın qarışmaması üçün danışıqlar aparılır.

Müdafiə naziri yaranmış vəziyyətdə NATO-nun Türkiyəyə mümkün dəstəyi haqda danışıb. Bildirib ki, ABŞ əsgərlərinin İdlibə daxil olması müzakirə edilmir, belə plan yoxdur. Amma NATO Türkiyəyə dəstək olaraq “Patriot” zenit-raket komplekslərini göndərə bilər. “Çünki Türkiyəyə yönələn həm hava, həm raket təhdidləri var. Bu mənada bir “Patriot” batareyasının göndərilməsi mümkün ola bilər”-o deyib.

Hulusi Akar Türkiyənin Rusiyadan aldığı S-400 “Triumf” zenit-raket komplekslərinin hələ döyüş növbəsinə qəbul edilmədiyini, hazırlıqların aparıldığını və prosesin yaz aylarında tamamlanacağını əlavə edib.

2020-02-21 / 12:20
Facebook