Sumqayıt İcra Hakimiyyətindən milyonluq borc qalmaqalı ilə bağlı rəsmi açıqlama - ÖZƏL

 

 

Sumqayıt bulvarının tikintisi zamanı sahibkarların və fəhlələrin pullarını ala bilməmələri ilə bağlı yayılmış məlumatlar əsassızdır.

Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyətindən özəl olaraq bir qrup sahibkar və 400 nəfərdən çox fəhlənin şəhərin icra başçısı Zakir Fərəcovu məhkəməyə vermələri ilə bağlı yayılan məlumatlara münasibət bildirilərkən deyilib.

Məlumatda qeyd olunub ki, şəhərdə həyata keçirilən bütün layihələrdə, eləcə də bulvarın tikintisində iştirak etmiş iş icraçılarının və digər şəxslərin pulları Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən tam şəkildə ödənilib.

Eyni zamanda bildirilib ki, bəzi şəxslərlə iş icraçısı arasında yaranmış mübahisəyə məhkəmə qaydasında baxılıb, müvafiq qərar qəbul olunub və təqsirli şəxs cəzalandırılıb.

Xatırladaq ki, bir müddət əvvəl kütləvi informasiya vasitələrində Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlənin indiyə qədər pullarını ala bilmədiklərinə dair iddiaların yer aldığı məlumatlar yayılıb.

İddialara görə, 2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, şəhərin icra başçısı Zakir Fərəcov həmin vəsaitin yalnız dörd milyon manatını ödəyib. Yerdə qalan səkkiz milyon manata yaxın pulu isə ödəməkdən imtina edib.

2020-02-19 / 14:45
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8427
Facebook