Baş Nazir Əli Əsədov Bibiheybətdə sürüşmə olan əraziyə baş çəkib- FOTOLAR

 

Baş Nazir Əli Əsədov Bibiheybətdə sürüşmə olan əraziyə gəlib.

Baş nazir və hökumət üzvləri əraziyə baxış keçirirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Fövqəladə Hallar nazirinin birinci müavini Rafael Mirzəyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və digər şəxslər də hadisə yerindədir. 

Qeyd edək ki, dünən Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub.

Hadisə şəhərin mərkəzinə doğru gedən istiqamətdə baş verib. Nəticədə yolun asfalt qatı dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.

Ötən gün günorta saatlarında Bibiheybət məscidindən mərkəz istiqamətinə gedən yolda sürüşmə ilə əlaqədar alternativ yol kimi Bakı buxtası-3 küçəsi istifadəyə verilib. Lakin gecə saatlarında yeni yolun uçması nəticəsində Bakı buxtası-3 küçəsinin təxminən 400 metrlik hissəsi torpaq qatının altında qalıb. Nəticədə yaxınlıqda yerləşən "Xəzər GLX" MMC-yə, eləcə də Gəmi Qayırma və Gəmi Təmiri Müəssisəsinə ciddi ziyan dəyib.

Torpaq qatının sürüşməsi anı müşahidə kameralarına da düşüb. Küçədə hərəkətsiz vəziyyətdə olan "Mercedes" markalı avtomobil torpaq qatının altında qalıb. Ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, təhlükəsizlik tədbirləri gücləndirilib, gediş-gəliş bağlanıb.

2019-11-25 / 11:46
Facebook