İki qardaş ölkədən Azərbaycana dəstək

BMT-də Türkiyə və Pakistanın Ermənistanı işğalçı adlandırması və erməni qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılması ilə bağlı fikirləri birmənalı olaraq ölkəmizə olan dəstəyin göstəricisidir.

Bu sözləri  Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, hər iki ölkə dəfələrlə Ermənistanı apardığı işğalçı siyasətə görə tənqid edib və bununla bağlı sərt bəyanatlar verib:

“Türkiyə Prezidentinin və Pakistanın XİN rəhbərinin bu cür çıxışları digər müsəlman ölkələrinə də çağırış idi. Pakistan və Türkiyə müsəlman ölkələrinə liderlik ambisiyası olan ölkələrdir. Onların bu bəyanatları İran, Səudiyyə kimi ölkələr üçün örnək olmalıdır. Çünki dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, münaqişənin həlli yönündə heç bir addım atmırlar. Bu mənada beynəlxalq tribunalarda belə bəyanatların çox olması Azərbaycanın xeyrinədir. Həmçinin, belə bəyanatların ayrı-ayrı ölkələrin dilindən səslənməsi Ermənistanın işğalçı olduğunu göstərir. Çünki Ermənistan son aylar ikili siyasət apararaq, beynəlxalq ictimaiyyətin fikirlərini dəyişməyə çalışır. Bu mənada qardaş ölkələrin belə bəyanatları bizim üçün çox əhəmiyyətli məsələdir”.

2019-09-26 / 15:24
Facebook