Türkiyədə qanunsuz yaşayan azərbaycanlılara ŞAD XƏBƏR - məsələ öz həllini tapır

 
 
“1990-ci illərdən etibarən Türkiyəyə köçüb gedən soydaşlarımızın sənədlərində böyük problem var və onların çoxu demək olar ki, ölkədə sənədsiz yaşayırlar”.
 
Bu sözləri açıqlamasında diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. O bildirib ki, illərlə yığılıb qalmış problemləri bir günə həll etmək çətindir:
“Təbii ki, Türkiyə qardaş dövlət olduğu üçün əksər vaxtlarda buna göz yumur. Ancaq bunu sona qədər aparmaq çətindir. Onların problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində işlər görülməlidir. Problem sistemli və kompleks şəkildə həll olunmalı və davam etdirilməlidir. Mexanizm elə qurulmalıdır ki, onların sənədləri ilə bağlı hansısa problem ortaya çıxan kimi öz həllini tapsın.
 
Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov da bir neçə gün əvvəl mediaya açıqlamasında problemin həllini tapacağını qeyd edib. Bu sevindirici xəbərdir. Dövlətimiz onları sahibsiz buraxmamalıdır”.
 
Elnur Eltürk əlavə edib ki, Türkiyədə xüsusilə minlərlə təhsil almayan uşaqlar böyüyür:
 
“Onların sənədləri olmadığından və ya maddi imkanları zəif olduğundan təhsil ala bilmirlər. Bu məni narahat edir. Soydaşlarımızın təhsil almaları üçün milli təhsil siyasətimizi gücləndirməliyik. Məktəblərimizin açılmasını dəstəkləməli və genişləndirməliyik.
 
Qeyd edim ki, artıq İstanbulda Hüseyn Cavid adına məktəb fəaliyyət göstərir. Təhsil Nazirliyi məktəbi kitablarla təmin edir. Məktəbin direktoru təcrübəli pedaqoq alim Şərqiyyə Məmmədova da böyük işlər görür və küçə-küçə gəzərək uşaqlarımızın təhsilə cəlb olunmasına çalışır. Bildiyim qədərilə məktəbdə hazırda 300-ə yaxın şagird təhsil alır. Bu real işdir və bunu davam etdirmək lazımdır”.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyədə yaşayan soydaşlarımızla görüşü zamanı bildirib ki, ölkədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı iki ölkə arasında uzun zaman davam edən danışıqlar artıq yekunlaşıb və bu məsələ öz həllini tapır:
 
“Hazırda bu insanların sənədlərinin hazırlanması istiqamətində işlər görülür. Son zamanlar Azərbaycanda fəaliyyət göstərən bəzi mətbu orqanlarda 1990-cı illərdə Türkiyəyə gəlmiş və hazırda burada qanunsuz yaşayan azərbaycanlıların ölkədən deportasiya edilməsi ilə bağlı yalan məlumatlar dərc olunur. Bununla bağlı Türkiyənin Azərbaycandakı Səfirliyi tərəfindən də xüsusi bəyanat yayılıb və bildirilib ki, yazılan bu xəbərlər tamamilə yalandır”.
 
F.Muradov son olaraq bu yazıların Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə xələl yetirmək məqsədi daşıdığını deyib.
2019-09-25 / 18:25
Facebook