“Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub

 

 

Sentyabrın 7-də “Boulevard Hotel”də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə XVII dünya çempionatının açılış mərasimi olub.

Tədbirdə iştirak edən Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizin irimiqyaslı yarışlara müvəffəqiyyətlə ev sahibliyi etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq, intellektual hərəkatın mərkəzlərindən biri olub və ölkəmizdə bu hərəkat geniş vüsət alıb. Budəfəki yarışa əvvəlkilərdən fərqli olaraq daha çox komanda qatılıb.

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycan komandalarının intellektual yarışlarda uğurla çıxış etdiyini söyləyib. O deyib: “Hər dövrün öz qaydaları, intellektualları və qalibləri olur. Bu illər ərzində oyun dəyişib. Oyun dəyişib deyəndə yalnız oyunçuları demirəm, həm də sualların spesifikasını, bəzi hallarda məntiqini nəzərdə tuturam”.

Digər çıxış edənlər 15 ildən sonra dünya çempionatının yenidən Azərbaycanda təşkil olunmasını mühüm hadisə kimi dəyərləndiriblər.

Azərbaycanın 11 komanda ilə qatıldığı çempionatda ümumilikdə 29 ölkədən (Azərbaycan, Avstriya, Böyük Britaniya, Belarus, Almaniya, Gürcüstan, İsrail, İspaniya, Qazaxıstan, Kanada, Kipr, Qırğızıstan, Latviya, Litva, Moldova, Niderland, Polşa, Rusiya, ABŞ, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Finlandiya, Fransa, Çexiya, İsveçrə, İsveç, Estoniya) 75 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycanda intellektual oyunların inkişafına ölkə rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2002-ci, 2003-cü və 2004-cü illərdə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə ilk dünya çempionatları da məhz Bakı şəhərində keçirilib.

Sayca XVII olan bu çempionatın Azərbaycanda keçirilməsi qərarı 2018-ci il oktyabr 20-də Azərbaycan İntellektual Klublar Assosiasiyasının müraciəti əsasında “Nə? Harada? Nə zaman?” Beynəlxalq Klublar Assosiasiyası tərəfindən qəbul edilib.

Çempionat sentyabrın 8-də başa çatacaq.

2019-09-09 / 13:22
Facebook