Yük qatarı ilə İran vətəndaşının idarə etdiyi yük maşını toqquşdu -VİDEO

 

 

Bu gün saat 08 radələrində Osmalı-Blok Post - 51 mənzilinin 52-ci kilometrində yerləşən dəmir yolu keçidində yol-nəqliyyat hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova bildirib ki, İmişli stansiyasından Şirvan stansiyasına gedən yük qatarı dəmir yolu keçidində hərəkətdə ikən lokomotivin xəbərdaredici siqnalına məhəl qoymayaraq keçidi keçməyə cəhd göstərən İran vətəndaşı Seyid Rəşidin idarə etdiyi “HOWO” yük maşını ilə toqquşub:

"Hadisə nəticəsində yük maşını dəmir yolunun üstünə aşaraq yolu bağlayıb və nəticədə dəmir yolunda qatarların hərəkətində fasilə yaranıb.

Hazırda dəmir yolunda qatarların hərəkətinin bərpası istiqamətində təxirəsalınmaz tədbirlər görülür". 

N.Bayramovanın sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.

QSC-nin sözçüsü bildirib ki, qəzaya səbəb avtomobilin sürücüsü tərəfindən "Yol hərəkəti haqqında" Qanunun 44-cü maddəsinin tələblərinin pozulması olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının və “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

2019-09-04 / 13:43
Facebook