Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 26 il ötür.

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayonun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Füzuli rayonu 1988-ci ildən başlayaraq mütəmadi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61 100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi.

2019-08-23 / 10:57
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8883
Facebook