Mərkəzi Bank: Azərbaycanda inflyasiya hədəfdən də aşağı səviyyədədir

 

 

 

Azərbaycanda inflyasiya hədəf diapazonu çərçivəsində həm hökumətin, həm də Mərkəzi Bankın hədəfindən də aşağı səviyyədədir.

 Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

E.Rüstəmov bildirib ki, olduqca presedentsiz sosial tədbirlər həyata keçirilir, sosial siyasət gücləndirilir, daxili tələb genişləndirilir, lakin bütövlükdə idarəetmənin yaxşılaşdırılması, görülən tədbirlər və manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir:

“İnflyasiyanın idarə olunmasında inflyasiya gözləntiləri olduqca mühüm rol oynayır. Biz özümüz Dövlət Statistika Komitəsi ilə birlikdə 4 mindən çox ailə təsərrüfatında sorğular aparmışıq. Bütövlükdə gələcəkdə ilin sonuna qədər inflyasiyanın sürətlənməsini gözləyən əhalinin sayı 2 faizdir. Yəni, əhalinin 98 faizi ilin qalan dövründə inflyasiyanın sürətlənməsinə inanmır. O cümlədən biznesdə bütövlükdə makroiqtisadi sabitliyə, inflyasiyanın dinamikasına olan inam da, - orada da sorğular aparmışıq, - kifayət qədər yuxarıdır.

Bütövlükdə inflyasiya səviyyəsinin aşağı olması şəraitində Mərkəzi Bank ardıcıl olaraq monetar siyasətin, pul-kredit siyasətinin yumşaldılması fonunda addımlar atır. Uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən bu gün üçün 8,25 faizə qədər endirmişik. Monetar siyasətin yumşaldılmasının digər istiqaməti bütövlükdə kəmiyyət yumşaldılması, yəni bizim iqtisadiyyata verdiyimiz pulun həcmidir. Cari ildə bu, 9 faizdir. Son iki ildə pul bazası deyilən bizim əsas göstəricimiz 37 faizdən çox qalxıbdır. Bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması istiqamətində edilir ki, bankların kifayət qədər öz resursları olsun və bu vəsaitlərdən istifadə edə bilsinlər”.

2019-08-01 / 12:52
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8876
Facebook