"Qarabağ" "Dandolk"la cavab oyununa çıxır

 

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi II təsnifat mərhələsinin cavam matçı çərçivəsində İrlandiyanın “Dandolk” komandasını qəbul edəcək. “Dalğa Arena”da baş tutacaq görüş saat 21:00-da start götürəcək.

Ötən həftə Dandolkdakı “Oriel Park” stadionunda keçirilən ilk qarşılaşmada 1:1 hesablı heç-heçə qeydə alınıb. Oyunda hesabı 4-cü dəqiqədə Mahir Emreli açsa da, Patrik Hoban 78-ci dəqiqədə bərabərlik topunu vurub. Qələbəni əldən verməsinə rəğmən, “Qarabağ”ın səfərdən sərfəli nəticə ilə döndüyünü söyləmək olar. İndi növbəti raunda vəsiqə qazanmaqdan ötrü Ağdam təmsilçisinə evdə qol buraxmamaq kifayətdir.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.

Qeyd edək ki, “Qarabağ” İrlandiya çempionunu mübarizədən kənarlaşdıracağı təqdirdə Kiprin APOEL komandası ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Dandolk”u keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində Slovakiya “Slovan”ı ilə üz-üzə gələcək.

 

Çempionlar Liqası

II təsnifat mərhələsi, cavab oyunu

 

21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)

Baş hakim: Sveyn Moen

Yan xətt hakimləri: Maqnus Lundberq və İsaak Başevkin

Dördüncü hakim: Siqurd Krinqstad (hakimlər briqadası Norveçdəndir)

Hakim-inspektor: Sabri Çelik (Türkiyə)

UEFA nümayəndəsi: Adonis Prokopiou (Kipr)

Mərdəkan. “Dalğa Arena”

2019-07-31 / 12:33
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8813
Facebook