Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub 34 manatını aldılar - FOTO

Kürdəmir rayonunda taksi sürücüsünə qarşı quldurluq hadisəsi törədilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Qaradağ rayon sakini Yaşar Səmədovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin kimi əyləşən üç nəfər şəxs rayonun Sığırlı kəndi ərazisində ona hücum edərək sürücüyə 16 bıçaq xəsarəti yetiriblər.

Sürücü ona hücum edən şəxslərdən canını qurtarmaq üçün idarə etdiyi avtomobili yol kənarında quraşdırılan beton arakəsmələrə vurub.

Kürdəmir Rayon Polis Şöbəsində həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə təqsirli bilinən Ucar rayon sakinləri Nurlan Cıqqarov, Röyal İbrahimov və Pünhan Quliyev saxlanılıblar.

İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər hadisə günü əvvəlcədən qurduqları plana əsasən, Bakı-Qazax avtomobil yoluna çıxıblar. Onların məqsədi isə avtomobil saxlatdıraraq sərnişin kimi əyləşib yolda üzərlərində olan kəsici alətlərlə sürücüyə hücum edib pulunu əldə etmək olub. Hadisə zamanı dəstə üzvləri izi itirmək məqsədilə sürücüyə yaşadıqları rayonun ərazisində yox, kənarda hücum edərək quldurluq cinayəti törədiblər.

Qeyd edək ki, saxlanılan şəxslər quldurluq yolu ilə zərərçəkənin 34 manat pulunu ələ keçiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirlir.

 

 

2019-07-20 / 15:29
Facebook