Rəsmi Tiflis Azərbaycanla sərhəddəki insidentə görə öz vətəndaşlarını qınadı

 

 

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində iyulun 14-də baş verən insidentlə bağlı məlumat yayıb.

Virtualaz.org xəbər verir ki, XİN yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında yaşanan insidenti təəssüfedici adlandırıb.

Məlumatda qeyd olunub ki, bu cür insidentlər Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinə uyğun deyil: "Buna görə də hesab edirik ki, ekspert qurpları və delimitasiya üzrə komissiyanın iclasları vaxtında davam etdirilməlidir. Gürcüstan tərəfi bu görüşlərə tam hazırlığını ifadə edir”.

XİN ictimaiyyəti təxribatlardan çəkinməyə çağırıb: “Vətəndaş qruplarının danışıqların sakit mühitdə aparılmasını dəstəkləməsi uğurun mütləq şərtlərindən biridir”.

Virtualaz.org xatırladır ki, iyulun 15-də Azərbaycan Dövlət Sərhəd Xidməti Keşikçidağda baş verən hadisə haqqında məlumat yayıb. Məlumatda deyilir ki, 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib.

Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.

Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib.

 Məsələ ilə bağlı Gürcüstanın Azərbaycandakı səfiri bazar ertəsi günü Xarici İşlər Nazirliyinə çağırılıb və ondan müvafiq izahat istənilib.

2019-07-16 / 15:27
Facebook