II Avropa Oyunları: 4 cüdoçumuz bürünc uğrunda yarışacaq

 

 

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.

Məmmədəli Mehdiyev (-90 kq) əvvəlcə belaruslu idmançını, sonra isə fransalı rəqibini məğlub edib.

Ancaq o, türkiyəli rəqibinə uduzub. O, təsəlliverici yarışda isveçrəli rəqibini ippona salıb. İdmançımız axşam seansında bürünc medal üçün güləşəcək.

Vaxtilə Ermənistanda Azərbaycan himni səsləndirmiş Elmar Qasımov (-100 kq) əvvəlcə ukraynalı, ardından estoniyalı rəqibindən üstün olub, amma fransalı idmançı ilə bacarmayıb. O, təsəlliverici yarışda monteneqrolu rəqibini məğlub edib. E.Qasımov da bürünc medal üçün mübarizə aparacaq.

Bu çəkidə digər idmançımız Zelim Kostoyev isə serbiyalı rəqibinə qalib gəlsə də, 1/8 finalda Belçika təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.

Gürcüstanlı legionerimiz Uşanqi Kokauri (+100 kq) sloveniyalı, hollandiyalı rəqiblərini məğlub edib. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzaraq, bürünc medal görüşünə çıxacaq.

Ukraynalı legionerimiz İrina Kindzerskaya (+78 kq) almaniyalı və britaniyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda ev sahibi idmançısı Marina Slutskayanın sona 13 saniyə qalmış vaza-ari fəndinə düşüb və uduzub.

2019-06-24 / 17:35
Facebook