“Elnur Süleymanov qisas niyyətilə cinayət törədib” - Rüstəm Usubov

 
 
"Vəzifəli şəxslər vaxtı ilə həmin ailələrlə ciddi söhbətlər apararaq onları barışığa dəvət edib. Zamanında buna nail olunmuşdu. Bunun nəticəsində alınan cəzalar azaldılmışdı. Aradan uzun müddət keçməsinə baxmayaraq, Elnur Süleymanov qisas almaq niyyətinə düşüb və cinayəti törədib. Hazırda Səhiyyə Nazirliyi yaralıların səhhəti ilə məşğul olur".
Bunu Baş prokurorun birinci müavini Rüstəm Usubov Ağstafarayonunda 4 nəfərin ölümü ilə nəticələnən qan davasına münasibət bildirərkən deyib. 

R.Usubov vurğulayıb ki, Azərbaycanda namus və digər əsaslarla törədilən qəsdən adam öldürmə cinayətləri ilə bağlı daim təhlillər aparılır. Bunun nəticəsində müəyyən profilaktik tədbirlər görülür, təqdimatlar edilir. Onun sözlərinə görə, Azərbaycanda qətl hadisələrinin sayı ildən-ilə azalır, cinayətəlrin açılma faizi isə yüksəlir. 

Qeyd edək ki, iyunun 17-də Ağstafada 4 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib. Hadisə rayonun Böyük Kəsik kəndində yerləşən bazarda qeydə alınıb. Kütləvi qətlə iki ailə arasında qan davası səbəb olub. Ağstafarayonunun Sadıxlı kənd sakini Elnur Süleymanov atasının qisasını almaq niyyətilə Şərqiyyə Musayeva, oğlanları Novruz və Şəmiddin, həmçinin Ağgöl kənd sakini Zeynəb Cəlilovanı "Kalaşnikov" markalı avtomat silahı ilə qətlə yetirib. O, daha sonra polisə gedərək könüllü təslim olub. 
2019-06-20 / 17:50
Facebook