Salyanda ağır qəza: yol polisi qan verərək azyaşlını xilas etdi

 

 

İyunun 6-da Bakı-Astara-İran sərhəddi yolunun 80-ci kilometrində ağır yol nəqliyyat hadisəsi baş verib. Feyzulla Husu oğlu Ələkbərovun idarə etdiyi 85 BS 709 dövlət nömrə nişanlı, "Qazel" markalı avtomobil ilə Qasım Feyzullayevin idarə etdiyi 90 LK 044 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil toqquşub. Hadisəyə səbəb "Hyundai" markalı avtomobilin sürücüsünün  idarəetməni itirməsi göstərilir. Nəticədə "Hyundai Santa Fe" markalı avtomobildə olan sərnişinlər - sürücünün həyat yoldaşı Esmira Feyzullayeva və 14 yaşlı oğlu Nurlan Feyzullayev xəsarət alıb. Yaralıları təcili olaraq Salyan rayon mərkəzi xəstəxanasına çatdırıblar. Orada uşağın vəziyyətinin ağır olduğu və təcili qan köçürülməsi lazım olduğu bildirilib. Bu zaman Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşı, polis serjantı Cavid Elşən oğlu Musayev könüllü olaraq yaralıya qan verib. Həkimlər ondan 500 qram qan götürərək azyaşlının həyatını xilas ediblər. Bu gün həmin yaralı Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüb. Həkimlərin dediyinə görə, uşağın vəziyyəti getdikcə normallaşır. Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru Qulu Quliyev Avtosfer.az-a bildirib ki, tağımın əməkdaşı Cavid Musayev öz xidmətini ləyaqətlə yerinə yetirib və yaralıya lazimi tibbi yardım göstərilməsinə görə əlindən gələni əsirgəməyib. "Bu bizim həm polis, həm də vətəndaş olaraq borcumuzdur. Çox sevinirik ki, əməkdaşımızın sayəsində bir nəfərin həyatı xilas edilib."

2019-06-10 / 13:10
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.8816
Facebook