Problemli kreditlərin həllinə dair fərmanın icrası başa çatdı

 
 
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası uğurla başa çatdırılıb.
Bu barədə Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının birgə açıqlamasında bildirilib. Qeyd olunub ki, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilib ki, bu da cəmi ayrılan məbləğin 91,4%-ni təşkil edir. 

Müxtəlif səbəblərə görə (şəxslərin ölkə xaricində olması, vəfat edənlər və s.) kompensasiyaların alınması üçün müraciət etməyən 27,5 min nəfər mövcuddur ki, onların 20,5 minə yaxını lisenziyası ləğv edilən bankların və bank olmayan kredit təşkilatlarının, 7 minə yaxını isə fəaliyyətdə olan bankların payına düşür. Həmin vətəndaşlar 31.05.2019-cu il tarixindən sonra da banklara və poçt rabitəsinin milli operatoruna müraciət edərək kompensasiya məbləğini ala bilərlər.

Bundan əlavə, 13 minə yaxın vətəndaşın müraciəti üzrə isə araşdırmalar davam edir ki, Palatada yaradılan Apellyasiya Komissiyası çərçivəsində bu müraciətlərin növbəlilik prinsipi əsasında cavablandırılması təmin ediləcəkdir. 

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılan 600,1 milyon manat məbləğində vəsait hesabına həyata keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilib. 

Fərmanın icrası çərçivəsində proseslərin şəffaflığının və operativliyinin təmin edilməsi məqsədilə Palata tərəfindən yaradılan xüsusi elektron portala problemli kreditlərə dair məlumatların sorğulanması üçün 685 min istifadəçi tərəfindən 1.7 milyon sorğu daxil olub. Ümumilikdə həmin portal üzrə cəmi baxış sayı 3 milyona yaxın olub. Palatanın 966 çağrı mərkəzinə daxil olan 117 mindən çox zəng cavablandırılıb. 
2019-06-03 / 12:21
Facebook