Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub

 

 

Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Tədbirin aparıcıları müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə həmişə Vətənimizin inkişafı və çiçəklənməsi üçün yorulmaz fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutub. Ulu Öndər harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daim Vətəni və xalqı üçün çalışıb.

Ümummilli Lider həmişə Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərib. 1990-1993-cü illərdə Naxçıvanın blokadasının aradan qaldırılması və inkişafı üçün mühüm tədbirlər həyata keçirib.

Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlığın, mərhəmətin, humanistliyin, milli-mənəvi dəyərlərə sadiqliyin prioritet istiqamətlər kimi müəyyən edildiyi bildirilib. Qeyd edilib ki, on beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.

Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Konsertdə ölkəmizin tanınmış incəsənət nümayəndələri - Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov və Sərxan Bünyatzadənin ifa etdikləri xalq, bəstəkar və estrada mahnıları şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi “Qaytağı” instrumental ansamblının ifasında musiqi nömrələri və müxtəlif rəqslər təqdim edilib.

Konsert proqramı Naxçıvan sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

2019-05-09 / 11:31
Facebook