ABŞ-da azərbaycanlılara dayaq olan yəhudi xanım

  
Vətən sevgisi kəlmələrində deyil, əməllərində öz əksini tapanda insan daha əzəmətli görünür, sözü ötkəm olur, hamının ehtiramını qazanır. Otuz ildir ki, Amerikada yaşayır, amma bir anlıq da olsa Azərbaycanı unutmayıb.
Qanına, ruhuna hopan vətən sevdası ona bu qərib məmləkətdə güc verib, irəli aparıb. Çətinliklərə sinə gərib, nəhayət yad insanların arasında, yad ölkədə özünə balaca bir Azərbaycan yaratmağı bacarıb. Və axtara-axtara bu ölkəyə pənah gətirən azərbaycanlıları bir araya toplaya bilib. Onların qayğısına qalıb, problemlərinin həllində vasitəçi olub, əl tutub, yardım edib. Bir sözlə, soydaşlarımızdan mərhəmətini əsirgəməyib, çoxlarına ana nəvazişi göstərib. 

Deyir ki,- "İlk dəfə on altı il bundan əvvəl Novruz bayramında 40-a yaxın ailəni bir araya gətirə bildim. Gözəl bayram şənliyi keçirdik. Sonra illərlə ad günlərində, müxtəlif bayramlarda birgə olduq. Pikniklər təşkil edib ümumi süfrə açdıq, bir-birimizin sıxıntılarını öyrəndik, birlikdə həllinə çalışdıq. Azərbaycanla bağlı xatirələrimizi bölüşdük. Beləcə, bu gün də bir ailə kimi mehriban yaşayır, tədbirlərimizi davam etdiririk". 
 
 
Haqqında söhbət açdığım Ninel Zamanskaya milliyətcə yəhudidir. 1937-ci il aprelin 3-də Bakı şəhərində dünyaya gəlib. 1954-cü ildə o vaxt qızlar məktəbi adlandırılan 18 nömrəli orta məktəbi bitirib. 1954-1958-ci illərdə indiki Azərbaycan Dillər Universitetində ali təhsil alıb, ingilis dili müəllimi ixtisasına yiyələnib. 1958-1963-cü illərdə Əzimzadə adına Rəssamlıq Məktəbində, 1963-1972-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda, 1972-1988-ci illərdə Dəmiryolu Peşə Məktəbində öz ixtisası üzrə müəllim, sonda tədris hissə müdiri vəzifəsində çalışıb. 1989-cu il 27 dekabr tarixindən Amerika Birləşmiş Ştatlarında məskunlaşıb. Əslində o, buraya Çikaqoda yaşayan xalaoğlusugilə qısa müddətə qonaq gəlib. 1990-cı ildə 20 yanvar hadisələri zamanı rus əsgərinin atdığı güllədən bacısı qızının həlak olması, onun Amerikada qalmasına səbəb olub. Bir müddət tək yaşadıqdan sonra ailəsini də ABŞ-a gətirə bilib. O vaxtdan da Minnesota ştatının Minneapolis şəhərində yaşayırlar. 

Ömür-gün yoldaşı İlya Paller giologiya elmləri namizədidir. SSRİ-nin Neft-Qaz üzrə elmi tədqiqat insitutunun Bakı filialında çalışıb. 1970-ci ildə Moskvada keçirilən ümumdünya tədbirində iştirak edərkən İlya Pallerin layihəsi ən yaxşı layihə kimi qalib gəlib. 1974-1977-ci illərdə Bolqariyanın Vratsa şəhərində onun müəllifi olduğu bu layihə istehsalata tətbiq edilib. İki qızı vardır. Böyük qızı Natella xanım Bülbül adına məktəbi bitirib, indiki Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsli alıb. Hazırda tərcüməçi işləyir. İkinci qızı Lina xanım da həmin universitetin məzunudur. Evində rus dili fənnini tədris edir. Həm də tərcüməçi işləyir. Yeri gəlmişkən, Azərbaycana sevgisini qızlarına da ötürə bilib. Lina xanımın avtomobilinin nömrə yerində belə yazılıb: "Bakinka made in Azerbaijan". 
 
 
Ninel xanım Minneapolisə gələndən sonra 1990-1993-cü illərdə özəl şirkətlərdən birində çalışıb. 1993-2001-ci illərdə yəhudi icmasının mərkəzi sığorta şirkətinin müştəri xidmətində işləyib. 2001-ci ildə "N & N İnterpreters Co" tərcüməçilik agentliyini yaradaraq o vaxtdan həmin agentliyə rəhbərlik edir. Hazırda agentliyin iyirmidən çox tərcüməçi işçisi vardır. Onlar müxtəlif millətlərin nümayəndələri tibbi müəsissələrə müraciət edərkən həkimlə müştəri arasında tərcüməçiliklə məşğul olurlar. 

Ninel xanım ingilis, rus, azərbaycan, bolqar, dağ yəhudilərinin dillərində sərbəst danışır. Alman, ukrayna, türk dillərini isə, danışarkən çətinlik çəksə də, yaxşı anlayır. 
 
Deyir ki,- "Evimdə hələ də "Azərbaycan mətbəxi" adlı kitabı əzizləyib saxlayıram. Tez-tez Azərbaycan milli xörəklərini bişirirəm. Hətta geyim tərzim də Bakıda olduğu kimidir. Necə orada zövqlə geyinməyi, başıma şal salmağı və boğazıma şərf bağlamağl sevirdimsə burada da onlardan istifadə edirəm. Hətta bayramlarda, müxtəlif yığıncaqlarda Azərbaycandan gətirdiyim zinyət əşyalarımdan xüsusi həvəslə aksesuar kimi istifadə edirəm". 

Azərbaycan dilində səlis danışan bu xanımla söhbətimiz zamanı o, Bakını, köhnə qonşuları, dost-tanışı, orada ötən illəri yada salıb, xatirələrini dilə gətirdi. Bakının beynəlmiləl şəhər olduğunu vurğuladı. Keçmiş "Torqoviy" küçəsinin tinində, "Karqanov"da olan qastronomda satılan dörd növ qara kürüdən danışaraq, həsrət dolu köks ötürdü. Bu həsrət içindəki Azərbaycan sevdasından qaynaqlanırdı. 

Bəli, hər zaman söylədiyim kimi, bu dəfəki söhbətimin sonunda da qeyd edirəm ki, Azərbaycandan pərvazlanıb dünyanın müxtəlif ölkələrində məskunlaşan yəhudilər bizim vəfalı qardaş və bacılarımızdırlar. 

Elman Eldaroğlu, 
ABŞ, Miçiqan 
2019-05-08 / 16:19
Facebook