Şəkillərdəki kərpicin Qala divarlarına aidiyyəti yoxdur - RƏSMİ AÇIQLAMA

 

 

Sosial şəbəkələrdə və mətbuatda qala divarlarına zərər vurulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə bu gün “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində mətbuat konfransı keçirilib.

Qurumun aparat rəhbəri Riad Qasımov baş tutan mətbuat konfransında məlumatlara aydınlıq gətirib. O, bildirib ki, yazılanlar heç də həqiqəti əks etdirmir. Məlumatlarda yer alan qala divarının sökülmüş görüntüsünü əks etdirən foto 2011-ci ilə aiddir: “Sosial şəbəkələrdə son günlərdə yayımlanan fotoşəkil isə hal-hazırda ərazidə görülən işləri əks etdirmir. Həmin fotoşəkil noyabr ayında çəkilib və orada görünən kərpic və digər materiallar qətiyyən Qala divarları ilə əlaqəli deyildir. Hazırda sözügedən ərazidə yalnız yüngül metaldan ibarət dayaqlar mövcuddur”. 

R. Qasımov qeyd edib ki, hal-hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca  yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bildirib ki, təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədilə aparılan rekonstruksiya işlərindən ibarətdir: “Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır ki, fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməmişdir. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl getirmir. Qonaqların İçərişəhərin zahiri gözəlliyindən zövq alması, bu qaynar həyatı izləməsi üçün burada sadəcə şüşə və metaldan gözoxşayan, geniş, işıqlı terrasların qurulması mümkün ola bilər.  Əlbəttə ki, istənilən miqyasda konstruksiya işləri İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız Qoruq İdarəsi tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər”.

Qurumun aparat rəhbəri hər hansı yenidənqurma işlərinin Qala divarına bitişik olması haqqında məlumatlar həqiqəti əks etdirmədiyini, eləvə də yaradılan dayaqlar abidədən 1,5 metr aralı quraşdırılmasını diqqətə çatdırıb: “Ərazidə mövcud olan restoranlar qeyd edildiyi kimi artıq uzun illərdir ki, fəaliyyət göstərirdi və bu layihədə məqsəd onları yeniləmək və daha yüksək keyfiyyətli, xoş görünüşlü tikili ərsəyə gətirməkdir. Aparılan işlər zamanı restoranların terraslarının genişləndirilməsi və müasir tələbatlara uyğunlaşdırılması nəzərdə tutulub”.

Bununla bağlı olaraq ictimaiyyətə məlumatların vaxtında və düzgün çatdırılması, informasiyanın əhatəli və aktual olması nöqteyi-nəzərindən "İçərişəhər" DTMQİ daim mətbuatla sıx əməkdaşlıq edir. İstər telekanallar, istərsə də xəbər portalları ilə informasiya mübadiləsi aparılır, onlara müvafiq xəbərin və ya reportajın hazırlanması üçün bütün şərait yaradılır. Azərbaycanın tarixi, memarlığı, mədəniyyəti, adət-ənənəsini təbliğ edən, izləyici kütləsinə düzgün məlumat çatdıran hər bir media qurumu və ya mənsubu İdarə tərəfindən həm müsahibələr, həm də müvafiq material ilə təmin edilir.

Sonda Riad Qasımov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində tarixi-mədəni və əyləncə məfhumları arasında olan balansı daim nəzarətdə saxlayır və heç bir halda bu tarazlıq pozulmayacağını bildirib.

2019-04-26 / 16:24
Facebook