İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili

2018-ci il aprelin 11-də Azərbaycanda Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış cənab İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı.

Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir. Məlum olduğu kimi, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılmış və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - prezident seçkilərini elan etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə prezident seçkiləri elan etdi. Ölkənin dinamik tərəqqisi yolunda yeni bir mərhələnin başlanğıcını qoyan bu seçkilər, respublikamızda demokratik siyasi sistemin və liberal cəmiyyətin dərin kök saldığını bir daha nümayiş etdirdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra ictimai-siyasi sabitliyin bərqərar edilməsi ölkə həyatının bütün istiqamətlərində, o cümlədən siyasi-hüquqi sahədə köklü islahatların aparılmasını mümkün etmişdir. Ötən dövr ərzində Azərbaycan Respublikasının seçki sistemi müxtəlif mərhələlərdən keçərək inkişaf etmiş, konstitusiya təminatları da daxil olmaqla, qanunvericilik və təcrübə baxımından təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılmışdır. İndiyə qədər ölkəmizdə keçirilmiş prezident, parlament, bələdiyyə seçkiləri, ümumxalq səsvermələrinin (referendumların) təcrübəsi göstərir ki, Azərbaycanda əhalinin seçki mədəniyyəti kifayət qədər yüksəlmiş, effektiv ictimai nəzarəti təşkil etməyi bacaran, məsuliyyətli və tələbkar seçici nəsli yetişmişdir. Prezident seçkiləri də məhz belə şəraitdə keçirilmiş, xalqın iradəsini dolğunluqla əks etdirmişdir. Seçki prosesində bilavasitə iştirak etmiş maraqlı tərəflər, seçkilərin bütün mərhələlərini diqqətlə izləmiş yerli və xarici müşahidəçilər bu faktı təsdiq etmişlər.

Prezidentliyə namizədlərdən biri - fəaliyyətdə olan Prezident İlham Əliyev əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də öz təşviqat kampaniyasında şəxsən iştirak etməmişdir. Digər namizədlərin isə hər biri yaradılmış əlverişli imkanlardan özünün və komandasının qurduğu strategiyaya uyğun yararlanmışdır.

Seçkiqabağı kampaniyanın televiziyalarda işıqlandırılmasının monitorinqi də göstərmişdir ki, özəl telekanallarda digər namizədlərin hər birinin təşviqatına dair materiallar fəaliyyətdə olan Prezidentin təşviqindən bir neçə dəfə çox olmuşdur. Məsələn, seçkiqabağı təşviqat kampaniyasının üçüncü həftəsində telekanallarda ("Lider” televiziyası, ARB TV, Xəzər TV, "Space” TV, " Azad Azərbaycan” Teleradio Yayım Şirkəti) YAP-ın namizədinə 15 dəqiqə 36 saniyə, digər namizədlərə isə 1 saat 25 dəqiqə 5 saniyə təşviqat vaxtı ayrılmışdır.

MSK-nın yekun məlumatına görə, ölkə üzrə seçicilərin ümumi sayının 74,30 faizi səsvermədə iştirak etmiş və onların 86.02 faizi cənab İlham Əliyevə səs vermişdir. Rəsmi açıqlanan rəqəmlər "exit-poll”ların nəticələrinə yaxın olmuşdur.

Azərbaycan xalqının cənab İlham Əliyevə yüksək inam və etimadını şərtləndirən amillər

Cənab İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxmışdır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət vermişdir. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlmişdir.

Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.

Azərbaycan enerji resurslarının dünya bazarlarına səmərəli və əlverişli yollarla çıxarılmasını nəzərdə tutan praqmatik siyasət həyata keçirir və şaxələndirilmiş nəqliyyat infrastrukturu ilə beynəlxalq birliyin diqqətini özünə cəlb edir. Bütün bunlar ölkəmizlə dünya dövlətləri arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsi və ilk növbədə Azərbaycanın geoiqtisadi maraqlarının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız transmilli enerji-nəqliyyat layihələrinin əsas təşəbbüskarlarından biri olmaqla yanaşı, regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Ötən illər ərzində qazanılmış nailiyyətlər sırasında milli mədəniyyətin inkişafını xüsusi qeyd etməliyik. Milli-mənəvi dəyərlərimizin təbliğinə, mədəni həyatımızın zənginləşməsinə göstərilən diqqət və qayğı, bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət milli mədəniyyətimizin qorunmasında və dünya miqyasında tanıdılmasında böyük nailiyyətlər qazanmağa imkan vermişdir.

Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi çoxmillətli ölkə kimi tanınır. Respublikamız müxtəlif mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə sivilizasiyalararası dialoqun təmin olunmasında mühüm rol oynayır. Azərbaycanda müxtəlif mədəniyyətlər arasında vəhdət və qarşılıqlı təsirin mövcud olması müasir cəmiyyətimizin əsas xüsusiyyətlərindən biridir.

Gənclər millətin varlığının və gələcək inkişafının təməl daşıdır. Bu mövqedən çıxış edərək ötən illər ərzində ölkəmizdə gənclərlə bağlı məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir. Onun əsas qayəsini dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiq və yüksək intellektual potensiala malik Azərbaycan gəncliyinin formalaşdırılması təşkil etmişdir. Bu sahədə atılan addımlar gənclərin cəmiyyətimizdə özlərini təsdiq etməsində mühüm rol oynamış, onların vətənimizə layiq vətəndaşlar kimi yetişməsinə böyük təsir göstərmişdir.

Azərbaycan Respublikası dövlətimizin ərazi bütövlüyünü qoruyan, dünyanın ən güclü orduları ilə eyni sırada yer alan və yüksək döyüş hazırlığı olan Silahlı Qüvvələrə malikdir. 2016-cı ilin aprel ayında Milli Ordumuz ermənilərin təxribatına layiqli cavab verməklə düşmənə sarsıdıcı zərbələr endirdi və zəbt olunmuş ərazilərimizin bir hissəsini işğalçılardan təmizlədi. Bununla da Azərbaycan Böyük qayıdış üçün ciddi addımını atdı. Hər birimiz indi erməni qəsbkarlarının vaxtilə işğal etdiyi Cocuq Mərcanlı kəndində Azərbaycan bayrağının dalğalanmasından böyük qürur hissi keçiririk. Bu şanlı qələbə erməni işğalçılarına xalqımızın və dövlətimizin gücünü nümayiş etdirdi, Milli Ordumuzun işğal olunmuş torpaqlarımızı istənilən anda azad etməyə qadir olduğunu göstərdi.

Göründüyü kimi, cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi uğurlar Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal şəkildə iştirak etməyə və xalqımızı inamla firavan gələcəyə aparan liderini növbəti dəfə dəstəkləməyə ruhlandırmışdır.

İslahatların yeni dalğası

Xatırlatmaq istərdik ki, prezident seçkilərində səsvermədən iki gün əvvəl - aprelin 9-da Prezident İlham Əliyev 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair Nazirlər Kabinetinin iclasında islahatların davam etdirilməsinin vacibliyini vurğulamış və görüləcək işlərlə bağlı mülahizələrini açıqlamışdı. Cənab Prezident qeyd etmişdi ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da addımlar atılacaq, vergi, gömrük sistemində aparılan ciddi islahatlar, sağlamlaşdırma prosesi davam etdiriləcək, institusional və digər tədbirlər həyata keçiriləcəkdir. Azərbaycan Prezidenti sənayenin, aqrar sahənin dəstəklənməsi və infrastrukturun inkişafı istiqamətində də işlərin davam etdiriləcəyini, məşğulluğun artırılması, yoxsulluğun azaldılması və sosial təminat istiqamətində mühüm addımların atılacağını bildirmişdi. Cənab İlham Əliyev aprelin 18-də keçirilən andiçmə mərasimindəki nitqində isə növbəti müddətdə dövlət başçısı postunda fəaliyyətinin əsas istiqamətlərini bəyan etdi. O, seçkiqabağı təşviqat mərhələsində digər namizədlərin də səsləndirdiyi fikirlərin və təkliflərin nəzərə alınacağını, qaldırılmış məsələlərə diqqətlə baxılacağını xüsusi vurğuladı. Prezident İlham Əliyev növbəti illərdə də bütün sahələrdə islahatların davam etdiriləcəyini, dövlət siyasətinin mərkəzində Azərbaycan xalqının köklü maraqlarının, maddi, mənəvi və sosial tələbatlarının dayanacağını qeyd etdi: "Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır. Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır”. Prezident İlham Əliyev sonrakı nitq və çıxışlarında, o cümlədən Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında (11 yanvar), "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda (29 yanvar) etdiyi çıxışlarda, Novruz bayramı münasibətilə xalqa təbrik nitqində və ictimaiyyətlə görüşlərində ölkədəki real vəziyyətin təhlilini vermiş, dövlət idarəçiliyi, iqtisadi inkişaf, sosial müdafiə, məhkəmə-hüquq və digər sahələrdə nəzərdə tutulmuş islahatların başlıca tezislərini bəyan etmişdir. Azərbaycan Prezidenti islahatların əsas strategiyasının ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsinə, demokratik dəyərlərin inkişafına və dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsinə yönəldiyini bildirmiş, bu məqsədlə cəmiyyətin bütün sahələrində ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.

Cənab İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Nazirlər Kabinetinin tərkibində ciddi yeniləşmələr baş vermiş, müasir idarəetmə bilik və bacarıqlarına malik olan cavan kadrlar hökumətdə yüksək vəzifələrə təyin olunmuşlar. İctimai rəydə böyük rəğbətlə qarşılanan kadr siyasəti dövlət orqanlarının çevik və səmərəli şəkildə fəaliyyətinə mühüm təsir göstərmişdir. Bu zaman dövlət idarəçiliyi sistemində səmərəliliyin yüksəldilməsi və müasir dövrün tələblərinə cavab verən yeni idarəetmə strukturunun formalaşdırılması zərurəti nəzərə alınmışdır. Dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq məqsədilə 2019-cu il yanvarın 14-də Azərbaycan Prezidenti dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalamışdır. Sənəddən irəli gələrək idarəetmə sistemində çevikliyin və effektivliyin təmin olunması istiqamətində əsaslı struktur islahatlarına başlanılmışdır.

Qeyd edək ki, bu islahatların aparılması bütövlükdə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə reallaşan çoxşaxəli islahatlar konsepsiyasının əsas istiqamətlərindən birini təşkil edir. İslahatlar sürətli sosial-iqtisadi inkişafa, əhalinin sosial rifahının yüksəlməsinə mühüm təkan verməklə yanaşı, həm də Azərbaycanı beynəlxalq aləmdə islahatçı dövlət kimi tanıtmaqdadır.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə son bir ildə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla aparılmışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələrək apelyasiya və inzibati-iqtisadi məhkəmələrin fəaliyyəti təkmilləşdirilmişdir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Azərbaycan Prezidentinin 2019-cu il aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman məhz həmin məqsədə xidmət edir. Fərmanda müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, eyni zamanda, ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsi, məhkəmə icraatında müasir informasiya texnologiyalarından hərtərəfli istifadə edilməsi və digər mühüm məsələlərin həll olunması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulmuş, aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verilmişdir.

Fərmanda sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması və digər mühüm məsələlərlə bağlı qanunvericilik aktlarının layihələrinin hazırlanması müvafiq icra hakimiyyəti orqanına tapşırılmışdır.

Məhkəmə-hüquq sahəsində mühüm islahatlardan biri də mediasiya institutunun yaradılmasıdır. Martın 29-da bununla bağlı müvafiq qanun Prezident tərəfindən imzalanmışdır. Qanunda mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili məsələləri öz əksini tapmışdır.

Prezident İlham Əliyev cinayət törətmiş şəxslərin bağışlanması ənənəsini davam etdirmişdir. Azərbaycan Prezidentinin 2019-cu il 16 mart tarixli "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə 431 nəfər əfv edilmişdir.

Sosial təminat paketinin hazırlanması və həyata keçirilməsi

Sosial təminat paketinin həyata keçirilməsi ölkədə sosial müdafiə sisteminin gücləndirilməsi sahəsində atılan mühüm addımlardan biridir. Bu paketdə müəyyənləşdirilmiş məqsədlərdən irəli gələrək Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə şəhid ailələri üçün nəzərdə tutulmuş Prezident təqaüdünün məbləği 242 manatdan 300 manata, Əfqanıstan müharibəsində həlak olanların ailələrinə verilən müavinət 220 manatdan 300 manata qaldırılmışdır. Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım olmuşdur. Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Ötən dövr ərzində qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində mühüm addım atılmışdır. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği isə 50 faiz artırılmışdır. Təkcə 2018-ci ildə 5903 məcburi köçkün ailəsi yeni mənzillərə köçürülmüşdür. Həmin il şəhid ailələri və Qarabağ müharibəsi əlilləri 626 mənzillə təmin edilmiş, 2019-cu ildə isə onlara 800-ə yaxın mənzilin verilməsi nəzərdə tutulmuşdur.

2018-ci ilin aprel ayında seçkilərdən dərhal sonra Prezident İlham Əliyev "Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında” fərman imzalamışdır. Sənəddə bu qəbildən olan insanların vərəsələrinə on bir min manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Prezidenti 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin iclasında bu məsələyə yenidən qayıdaraq demişdir: "Bildiyiniz kimi, keçən il prezident seçkilərindən dərhal sonra şəhid ailələrinin vərəsələrinə, - o vərəsələrə ki, o yardımı, o müavinəti almayıblar, - mənim sərəncamımla 11 min manat vəsait nəzərdə tutulur. Eyni zamanda, siyahılara baxılır, dəqiqləşdirilir və bu məsələ ilə bağlı təkliflər də irəli sürülür. Burada, əlbəttə ki, sosial ədalət prinsipi əsas olmalıdır. Qanun və ədalət. Əminəm ki, biz bu istiqamətdə də istədiyimizə nail olacağıq”. Cənab Prezident o zaman "qanun və ədalət” prinsipini önə çəkərək vaxtilə bu yardımı alanlara indikindən xeyli az vəsait ödənildiyini nəzərə çatdırdı və yaranmış uyğunsuzluğun tezliklə aradan qaldırılmasını təmin etdi.

Azərbaycan Prezidentinin 2019-cu ilin fevral ayında "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanları sosialyönümlülük və humanizm prinsiplərinin əsas götürülərək, əhalinin sosial maraqlarının müdafiəsinə və rifah halının yaxşılaşmasına yüksək diqqət yetirildiyini bir daha göstərdi.

Mütərəqqi inkişafın təməlində dayanan iqtisadi nailiyyətlər

Cənab İlham Əliyevin yenidən Prezident seçilməsindən ötən bir il ərzində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də ciddi nailiyyətlər qazanılmışdır. Azərbaycan iqtisadiyyatının dayanıqlığının təmin edilməsi, onun neftdən və qazdan asılılığının daha da azalması, qeyri-neft sektorunun inkişafı məqsədilə ardıcıl tədbirlər davam etdirilmişdir. İqtisadi və maliyyə sektorlarında maksimum şəffaflığın təmin olunması istiqamətində mühüm addımlar atılmışdır. Müasir mərhələdə onu da nəzərə almaq lazımdır ki, bu sahələrdə kompleks tədbirlərin görülməsi iqtisadiyyata, xüsusilə də qeyri-neft sektoruna böyük həcmdə xarici sərmayənin cəlb olunması üçün mühüm əhəmiyyət daşıyır.

Həyata keçirilmiş iqtisadi islahatlar, gömrük və vergi sahəsində şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. 2019-cu ilin birinci ayında büdcəyə daxilolmalar xeyli artmış, vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə 20 milyon manatdan çox vəsait toplamışlar. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”ndan irəli gələrək vergi sistemində həyata keçirilən əsaslı dəyişikliklər də öz bəhrəsini verməyə başlamışdır.

Son bir ildə sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması, ixrac əməliyyatlarının maliyyələşdirilməsi, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi və özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahəsində mühüm addımlar atılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 31 iyul tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu təsis edilmişdir. Fondun yaradılması sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli kredit vəsaiti hesabına maliyyələşdirilməsində mühüm əhəmiyyət daşıyır. 2018-ci ildə fondun xətti ilə 999 sahibkara 160,0 milyon manat məbləğində güzəştli şərtlərlə kreditlər ayrılıb, İpoteka və Kredit Zəmanəti Fondu isə ölkə bankları tərəfindən kreditləşdirilən 277,0 milyon manat məbləğində ipoteka kreditlərini yenidən maliyyələşdirib, 17,0 milyon manat məbləğində kreditlərlə bağlı zəmanət dəstəyi göstərib. Sahibkarlara köməyin gücləndirilməsi üçün bir çox ölkələrə ixrac missiyaları təşkil olunmuşdur. Sahibkarlığa dəstək məqsədilə artıq Belarus, Çin, Ukrayna, Latviya və Polşada Azərbaycan Ticarət evləri fəaliyyətə başlamışdır. Ticarət evlərinin açılması eyni zamanda həmin ölkələrə Azərbaycanın ixracını da artırır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur.

Ötən dövr ərzində sənaye potensialının inkişafı ilə bağlı göstəricilərin yüksək dinamikasına nail olunmuşdur ki, bunun nəticəsində sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 9,1 faiz artmışdır. 2016-cı ildən tətbiqinə başlanmış investisiya təşviqi mexanizmi müsbət nəticələr verməkdədir. Hazırda bu proqram 300-dən çox layihəni əhatə edir ki, onlardan 107-si 2018-ci ildə icra olunub. İnvestisiya təşviqi proqramı çərçivəsində həyata keçirilən layihələrin dəyəri 2,8 milyard manatdır. İndiyə qədər bu layihələrin icrası nəticəsində 12 min iş yeri yaradılmışdır. 2018-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının ərazisində "SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodu fəaliyyətə başlamışdır.

Azərbaycan iqtisadiyyatında rəqabətliyin artırılması özünün müsbət əksini nüfuzlu beynəlxalq təşkilatların və aparıcı maliyyə qurumlarının reytinq cədvəllərində tapmışdır. Məsələn, Davos Forumunun hesablamalarına əsasən, ölkəmiz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yeri tutur. Dünya Bankının "Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir.

Regionların inkişafı sahəsində həyata keçirilmiş dövlət proqramlarında və digər direktiv sənədlərdə nəzərdə tutulmuş vəzifələrin icrası qeyri-neft sektorunun inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına mühüm təkan vermişdir. Regionların III sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ötən bir il ərzində bölgələrdə əhəmiyyətli infrastruktur layihələri icra edilmiş, yeni sənaye müəssisələri yaradılmışdır. Bununla yanaşı, regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı Azərbaycan Prezidenti tərəfindən bir çox sərəncamlar imzalanmışdır. Azərbaycan Prezidentinin 2019-cu il 29 yanvar tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Azərbaycan Prezidenti 2018-ci ildə Azərbaycanın bölgələrinə 24 səfər etmişdir.

Məlumdur ki, regionların iqtisadiyyatı əsasən aqrar sahə ilə bağlıdır. Ötən il kənd təsərrüfatı sahəsində çalışanlara 370,0 milyon manat məbləğində subsidiya və güzəştlər verilmişdir. Prezident İlham Əliyevin göstərişi ilə ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük, çayçılıq, sitrus meyvəçiliyi, çəltikçilik və arıçılığın dirçəldilməsi, fındıq, badam, xurma, zeytun, nar bağlarının genişləndirilməsi istiqamətində görülən işlər ölkənin ixrac potensialını əhəmiyyətli dərəcədə artırmışdır.

Enerji-nəqliyyat layihələrinin regional və beynəlxalq əhəmiyyəti

Azərbaycanın yaxından iştirak etdiyi nəhəng transmilli layihələrin reallaşması Avrasiyanın enerji və nəqliyyat xəritəsində ciddi dəyişikliklər yaratmışdır. 2018-ci il mayın 29-da "Cənub qaz dəhlizi”nin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimi olmuşdur. Bu layihələrin həyata keçirilməsi Azərbaycanın regionda və Avropada geoiqtisadi əhəmiyyətinin artmasında, Qərb ölkələri ilə münasibətlərin daha yüksək pilləyə qalxmasında vacib əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də böyük işlər görülmüşdür. 2018-ci il sentyabrın 18-də 204 kilometr uzunluğunda Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolu istifadəyə verilmişdir. Ümumiyyətlə, respublika üzrə 2018-ci ildə 2 min kilometr avtomobil yolu çəkilmişdir.

Sosial-mədəni xidmət sahələrinin və təsərrüfat infrastrukturunun inkişafı

Ötən bir il ərzində ölkənin sosial-mədəni xidmət sahələrində və təsərrüfat infrastrukturunda mühüm yeniliklər baş vermişdir. Tarixi bina, muzey, teatr və kitabxanalarda yenidənqurma işləri davam etdirilmiş, ölkənin bütün ali təhsil ocaqları, həmçinin AMEA-nın nəzdində olan institut və müəssisələr təmir edilərək yeni avadanlıqla təchiz olunmuşdur. 2018-ci ilin avqust ayında Böyük Britaniyanın müxtəlif aviaşirkətlər və aeroportlar tərəfindən göstərilən xidmətin keyfiyyətini öyrənmək üzrə ixtisaslaşmış nüfuzlu özəl konsaltinq şirkəti "Skytrax” beşulduzlu hava limanlarının reytinqini müəyyənləşdirmişdir. Reytinqə görə, Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın beşulduzlu 9 əsas hava limanı siyahısına daxil olmuşdur. 2018-ci ilin sentyabrında isə Azərbaycanın daha bir telekommunikasiya peyki "Azerspace-2” orbitə çıxarılmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son 1 ildə ölkədə turizm sənayesinin formalaşdırılması, yüksəkkeyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi məqsədilə əsaslı islahatlar və mühüm tədbirlər həyata keçirilmişdir. Turizm və dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılmışdır. Əlverişli biznes və investisiya mühiti nəticəsində Bakıda və regionlarda yüksək standartlara cavab verən turizm müəssisələri fəaliyyətə başlamışdır.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin İmişli rayonunda və Şəki şəhərində yeni mərkəzləri istifadəyə verilmiş, 2019-cu ildə isə regionlarda bu cür 5 mərkəzin fəaliyyətə başlaması nəzərdə tutulmuşdur. Prezident İlham Əliyev 2018-ci ilin avqustunda əhalinin məşğulluğu, əmək və sosial müdafiəsi ilə bağlı çevik və innovativ xidmətlər göstərilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyini (DOST) yaratmışdır.

Milli maraqlara söykənən xarici siyasətin və ordu quruculuğunun uğurlu nəticələri

Ötən bir il ərzində beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində ölkəmizin dünya birliyində nüfuzu daha da artmışdır. Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin sayəsində Azərbaycanın dünya dövlətləri və beynəlxalq güc mərkəzləri ilə səmərəli, işgüzar və bərabərhüquqlu münasibətləri daha da möhkəmlənmişdir. Prezident İlham Əliyev təkcə 2018-ci ildə xarici ölkələrə 16 səfər etmiş, xarici ölkələrin 16 dövlət və hökumət başçısı isə Azərbaycana səfərə gəlmişdir. Hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin imzalanması üzərində iş gedir. Tərəflər arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açan bu sənədin bu il imzalanacağı gözlənilir. 2018-ci ilin avqust ayında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir.

Prezident İlham Əliyev xarici ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini onların diqqətinə çatdırmışdır. Bu istiqamətdə aparılan qətiyyətli və prinsipial siyasət nəticəsində Ermənistanın yeni rəhbərliyinin danışıqlardan yayınmaq, danışıqların formatının dəyişdirilməsi cəhdlərinin qarşısı alınmışdır. Keçən dövr ərzində nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilmişdir. 2018-ci il iyulun 11-də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetlərinə dair imzalanmış sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də öz əksini tapmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək, hörmət ifadə olunmuşdur. 2018-ci ilin iyul ayında NATO-nun Brüssel Zirvə görüşündə qəbul edilmiş yekun bəyannamədə də Azərbaycanın ərazi bütövlüyü dəstəklənmişdir. Ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilmişdir. Bu il isə paytaxtımızda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək və Azərbaycan bu böyük təşkilata sədrlik edəcəkdir. Şübhəsiz, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək Azərbaycanın nüfuzunu daha da artıracaq, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. Bütün bunların nəticəsidir ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür. Ötən dövr ərzində ölkəmizin hərbi potensialının daha da gücləndirilməsi Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasına daxil olmasında mühüm rol oynamışdır. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutmuşdur.

2018-ci il iyunun 26-da Bakı şəhərinin Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirilmişdir. 240-dan çox hərbi texnika, gəmi, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu parad Azərbaycanın Silahlı Qüvvələrinin maddi-texniki təchizat baxımından gücünü bütün dünyaya nümayiş etdirdi.

Davamlı inkişaf və beynəlxalq təşkilatların, sosioloji sorğu mərkəzlərinin hesabatları

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında isə Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək, 2018-ci ildə dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerə qalxmış, dünyanın bir çox ölkələrini geridə qoyaraq Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqe tutmuşdur. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019” hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü” alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yeri tutmuşdur. Bu forumun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünya ölkələri içərisində 30-cu yeri tutur.

Dövlətin və cəmiyyətin bütün sahələrini əhatə edən dəyişikliklərin baş verdiyi ötən bir il ərzində Azərbaycan xalqı həmişə öz liderinə güvənmiş, ona ən güclü dayaq olmuşdur. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət kursu, həyata keçirdiyi islahatlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu fikri Fransanın "Opinion Way” şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda keçirdi rəy sorğusunun yekunları da təsdiq edir. Təşkilatın Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin bütün bölgələrində apardığı sorğularda respondentlərin 85,1%-i Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri müsbət qiymətləndirdiyini bildirmişdir.

"Opinion Way”in "Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5%-i müsbət cavab vermışdır. Rəyi soruşulanların mütləq əksəriyyəti, 80%-ə qədəri Prezident İlham Əliyevin öz seçkiqabağı vədlərini tam yerinə yetirdiyi qənaətindədir.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir.

 

Əli Həsənov,

tarix elmləri doktoru, professor

2019-04-11 / 13:46
Facebook