Ermənistan ordusunun il ərzində baş verən itkiləri - CƏDVƏL

2019-cu ilin 1 yanvar-31 mart tarixləri ərzində işğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan bölmələr də daxil olmaqla Ermənistan ordusunun itkiləri haqqında məlumat yayılıb. 
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, qeyd edilən dövr ərzində açıq mənbələrdən və Ermənistan Baş Prokurorluğuna göndərilən sorğular əsasında 13 erməni hərbi qulluqçunun ölüm faktının qeydə alındığı bildirilir. 

Qeyri-döyüş itkiləri 

• Yanvarın 1-də döyüş mövqeyində müqaviləli hərbi qulluqçu Edqar Eduardi Qriqoryanın meyidi aşkarlanıb. İntihar həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb. 

• Yanvarın 1-də Tavus vilayətində öz avtomobilini idarə edərkən törətdiyi qəza nəticəsində müqaviləli hərbi qulluqçu Qevork Çobanyan ölüb. 

• Yanvarın 6-da bir sıra ağır xəstəlikləri olan gizir Slava Qevorkyan xəstəxanada ölüb. 

• Yanvarın 13-də Sünik vilayətində avtomobil qəzası nəticəsində müqaviləli hərbi qulluqçu Xoren Qevorkyan ölüb. 

• Yanvarın 24-də xərçəng xəstəliyindən polkovnik-leytenant Karen Lalayan ölüb.

• Fevralın 11-də döyüş mövqeyində müddətli xidmət hərbi qulluqçusu baş leytenant Mesrop Rubiki Qriqoryan ölüb. 

• Fevralın 12-də ürək dayanmasından müddətli xidmət hərbi qulluqçusu Frunzik Valeri Tamazyan ölüb.

• Fevralın 24-də Tavus vilayətində öz avtomobilini idarə edərkən törətdiyi qəza nəticəsində müqaviləli hərbi qulluqçu Armen Qriqoryan ölüb. 

• Martın 10-da Kotayk vilayətində bir başqa şəxsin idarə etdiyi avtomobilin elektrik dirəyinə çırpılması nəticəsində baş verən qəzada müqaviləli hərbi qulluqçular Derenik Danielyan və Merujan Hakobyan ölüblər.

• Martın 12-də işğal altında olan Qarabağın şimal-şərq istiqamətindəki döyüş mövqeyində əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli xidmət hərbi qulluqçu Karen Artaki Karapetyan ölüb. Qətl törətmə maddəsi üzrə cinayət işi açılıb.

• Martın 12-də Ermənistanın şimal-şərq istiqamətindəki döyüş mövqeyində əsgər yoldaşına tibbi yardım göstərmək üçün bir mövqedən digərinə gedərkən əsgər, tibb təlimatçısı Hamlet Hraçi Avakyan yolda sürüşərək, dərəyə yuvarlanıb. 

• Martın 26-da işğal altında olan Qarabağın şimal-şərq istiqamətindəki hərbi hissədə əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində müddətli xidmət hərbi qulluqçu Ara Qevorki Arakelyan ölüb. 
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) dəfələrlə Ermənistan silahlı bölmələrində qeydə alınan itkilərin açıqlanan rəsmi rəqəmlərdən daha çox olduğunu bəyan edib. Nazirlik bildirib ki, Ermənistan hərbi rəhbərliyi silahlı qüvvələrdə baş verən çoxsaylı itkini əhalidən gizlədir.
 
2019-04-10 / 13:26
Facebook