Uzun fasilədən sonra Ramiz Əzizbəyli yeni filmdə rol alıb

 

Uzun fasilədən sonra Azərbaycanın Xalq artisti, professor Ramiz Əzizbəyli yeni çəkilən filmdə baş rollardan birini ifa edib.

Bu barədə filminin rejissoru Ramil Adiloğlu məlumat verib. O bildirib ki, Ramiz Əzizbəyli səhhəti ilə bağlı həkim nəzarətində olmasına baxmayaraq “Sən anlat Hacıqabul” komediya janrında olan filmdən imtina etməyib. Əksinə, cəsarətlə çəkilişlərə qatılmağa razılıq verib: “Ramiz müəllim çəkilişlərə qatılaraq həm maraqlı fikirləri, həm də yüksək sənət nümayişi ilə hər bir sənətçiyə örnək olub. O, tamaşaçıların marağına səbəb olacaq rolu canlandırıb. Nəhayət ki, Ramiz Əzizbəylini sevənlər onu ekranlarda maraqlı aktyor oyunu ilə görəcəklər. Onu sevənlər çox da intizarda qalmayacaq, belə ki, film tezliklə təqdim olunacaq.”

R.Adiloğlu onu da qeyd edib ki, “Sən anlat Hacıqabul” filmi “Aşkarlanmış lent” (“Found footage”) janrında çəkilən Azərbaycanda ilk ekran əsəridir.

Filmdə digər baş rol ifaçısı isə aparıcı və aktyor Elşad Zarafatsızdır. Filmin quruluşçu rəssamı Zaur Abdullayev, montaj müəllifi Oqtay Nəbzdir.

Qeyd edək ki, Xalq artisti R.Əzizbəyli uzun zamandır bir sıra xəstəliklərdən əziyyət çəkir.

2019-03-19 / 11:30
Facebook