DSX yeni kamikadze PUA-nı təqdim etdi – SKY STRİKER

 

 

Azərbaycanın Dövlət Sərhəd Xidməti İsrailin “Elbit Systems” şirkətindən “Sky Striker” kamikadze pilotsuz uçuş aparatları (PUA) alıb.

“AzeriDefence”nin məlumatına görə, bu gün Prezident İlham Əliyevin DSX-nin hərbi bazasına səfəri zamanı Xidmətin istifadəsinə yeni daxil olan silah və texnikalar təqdim olunub. Təqdimatı keçirilən yeni silah sistemləri arasında “Sky Striker” ilk dəfə nümayiş etdirilib.

2016-cı ildə yaradılmış “Sky Striker” kamikadze PUA 5 və ya 10 kq döyüş başlığı daşıya bilir. Elektrik mühərrikə sahib “Sky Striker” səssiz uçuşu ilə xarici analoqlarından fərqlənir. PUA-nın uçuş sürəti 185 km/saat, havada qalma müddəti 2 saatdır. Kamikadze PUA hədəfə 300 knt sürətlə şığıyaraq partlayışla məhv edir.

Azərbaycan DSX “Sky Striker”in ilk xarici operatorudur.

Qeyd edək ki, hazırda DSX həm də İsrailin İAİ şirkətinin istehsalı olan “Harop” kamikadze-PUA-lara sahibdir. “Harop” kamikadze-PUA 2016-cı ilin aprel ayında baş vermiş 5 günlük müharibədə istifadə olunub.

2019-01-10 / 12:58
Facebook