Dmitri Savelyev: Azərbaycan öz regionunda təhlükəsizliyin qarantıdır

 

 

Son vaxtlar sülhə və təhlükəsizliyə təhdidin artması mənfi siyasi meyillərin aradan qaldırılmasına yeni yanaşma hazırlanması üçün dövlətlərin kollektiv tədbirlər görməsini tələb edir. Məhz bu səbəbdən, müasir politologiya getdikcə daha artıq dərəcədə akademik fənnə yox, azadlığın və sülhün qorunması prinsipləri, formaları və üsulları barədə tətbiqi elmə çevrilir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RAD) mətbuat xidmətindən verilən məlumata görə, politoloqların Moskvada keçirilmiş VIII Ümumrusiya Konqresinin iştirakçıları öz çıxışlarında bu barədə danışıblar. Bu Konqres bütün peşəkar birlik üçün siyasət elminin üç illik inkişaf dövrünə yekun vuran əlamətdar hadisədir. Mahiyyət etibarilə beynəlxalq xarakter daşıyan bu forumda dünyada baş verən ən aktual siyasi proseslər müzakirə edilir. Budəfəki Konqresin işində Rusiyanın 60 regionundakı və dünyanın 36 ölkəsindəki universitetləri və tədqiqat mərkəzlərini təmsil edən 1200-dən çox politoloq iştirak edib. Üç gün ərzində 110-dan çox müxtəlif tədbir: “dəyirmi masa”, panel diskussiyaları və seksiyalar keçirilib. Konqresin əsas mövzusu dövlətlərin münaqişəsiz inkişafı və dünya nizami yollarının axtarışı ilə bağlı idi.

Forumun açılışında Rusiya XİN rəhbəri Sergey Lavrovun Konqres iştirakçılarına təbrik məktubu oxunub. Sənəddə deyilir: “Bu gün siyasətin reallaşdığı intellektual mühiti formalaşdıran politoloqların rolu həmişəkindən daha yüksəkdir. İlk növbədə, ona görə ki, Rusiya ilə ABŞ arasında faktiki olaraq yeni soyuq müharibə başlanıb. Bu, həm siyasi dialoqun dayandırılmasında və iqtisadi sanksiyalarda, həm də dünyanın aparıcı ölkələri arasında hərbi-siyasi rəqabətin genişlənməsində ifadə olunur”.

Rusiya Siyasi Elmlər Assosiasiyasının prezidenti Oksana Qaman-Qolutvina deyir: “İkinci Dünya müharibəsindən sonra qlobal nizamlama təsisatları planetdə 70 ilin müharibəsiz keçməsini təmin ediblər. Lakin müharibənin dəhşətləri ilə tanış olmayan siyasətçilərin bir neçə nəsli yetişib, nəticədə insanlarda belə bir utopik inam formalaşıb ki, guya dünyamiqyaslı nüvə müharibəsi mümkün deyil, lakin bu heç də belə deyil”. Politoloqların Konqresinin gündəliyində nüvə qüvvələrinin sabitliyinin pozulmasının qarşısını almaq imkanlarının axtarışı mühüm mövzuya çevrilib.

Sözügedən Konqresə oxşar tədbirlər siyasətin və beynəlxalq münasibətlərin qlobal aspektlərinə dünyanın müxtəlif ölkələrinin mövqeyindən nəzər salmaq və ictimai həyatın nəbzini tutmaq üçün unikal imkan yaratmaqla, dünyada mövcud vəziyyətin keyfiyyətli ekspertizasını təmin edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru, akademik Anatoli Torkunovun fikrincə, “mövcud siyasi təhdidlər nəzəriyyəçilərin gələcəyin proqnozlaşdırılmasına və layihələndirilməsinə istiqamətlənmiş fikirlərini dərindən və adekvat şəkildə anlamağı tələb edir”.

RAD Mərkəzinin rəhbəri Nataliya Krasovskaya əmindir: “Siyasətdə və rəsmi dövlətlərarası əlaqələr səviyyəsində böhran şəraitində bu cür elmi forumların rolu xüsusilə böyükdür. Elm sərhəd tanımır, buna görə də həm elmi diplomatiya, həm də xalq diplomatiyası yumşaq qüvvənin iki formasıdır, zaman keçdikcə onların dünyada rolu daha da artacaq. Mənim fikrimcə, Konqresdə Azərbaycan politoloqlarının məruzələri ən əhəmiyyətli məruzələrdən olub. Bu ölkə lokal silahlı münaqişələrin ağırlığını öz üzərində tam həcmdə hiss edib, lakin münasibətləri multikulturalizm və dinc yanaşı yaşama prinsipləri əsasında qurmaq istəyini itirməyib”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xarici siyasətin təhlili şöbəsinin elmi işçisi Nəcibə Mustafayeva öz çıxışında deyib: “Dövlətlər arasında qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan sivil münasibətləri təmin edəcək dəqiq hüquqi tənzimləmə olmadan dövlətlər inkişaf və əməkdaşlıq edə bilməzlər. Bu gün dünyada mövcud problemlərin çoxtərəfli diplomatiya çərçivəsində və beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün kollektiv təhlükəsizlik sisteminin dirçəldilməsi zəruridir. Yalnız bu halda bütün bəşəriyyət üçün möhkəm sülhə və təhlükəsiz gələcəyə yeni ümidlər yarana bilər”.

Çoxqütblü dünya sisteminin formalaşması bir sıra ölkələrin xarici siyasəti üçün üstünlüklər yaratmaqla bərabər, həm də ağrılı böhran prosesləri ilə müşayiət olunur. Məsələn, Qərbin aparıcı dövlətləri özlərinin üstünlüyünün resurs bazasını, o cümlədən postsovet məkanı hesabına qoruyub saxlamağa və genişləndirməyə çalışırlar. RF İctimai Palatasının katibi Valeri Fadeyevin sözlərinə görə, burada Rusiya özünün müttəfiqləri ilə birlikdə dünya arenasında “siyasi sistemin nizamlanmasında, ən fundamental xarakterli qlobal problemlərin həllində nümunə göstərməyə qabildir. Xoşbəxtlikdən, bizim çox güclü ehtiyatımız var”.

Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev həmkarlarının çıxışlarını yekunlaşdıraraq deyib: “Rusiyanın bu cür etibarlı müttəfiqlərindən biri siyasi baxımdan güclü ölkə olan Azərbaycandır. Hamımız görürük ki, Azərbaycan dünyadakı iri münaqişələrin həlli üçün vasitəçilik səyləri göstərir. Bu ölkə humanitar forumların və sammitlərin keçirildiyi ən mühüm danışıq məkanlarından biridir. Öz regionunda siyasi ab-havanı müəyyən edən Azərbaycan təhlükəsizliyin qarantıdır. Bu mövqe ilbəil daha da güclənir”.

Fəridə Abdullayeva

2018-12-10 / 17:37
AZERBAIJAN REALITIES MULTIMEDIA
VALYUTA MƏZƏNNƏLƏRİ
$ USD 1.7
EUR 1.9288
Facebook