Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gəlmiş “Son iclas” bədii-sənədli filminin Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında təqdimatı keçirilib

 

 

Böyük Britaniyanın və dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biri olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Londonda təşkil olunan təqdimatda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və mövcud olduğu 23 ay ərzində qazandığı nailiyyətlər barədə danışıb.

“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Son iclas” filmi haqqında danışıb. O, BP şirkətinin bu filmin ərsəyə gəlməsində iştirakından qürur duyduqlarını bildirib.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat mərasiminin iştirakçısı Bob Batler filmlə bağlı təəssüratlarını bölüşərək deyib: “Filmi izlədikdən sonra Azərbaycanın tarixi haqqında çox maraqlı faktlar öyrəndim. Bu film yüksək səviyyədə çəkilib, zövq aldım”.

Mərasimin digər iştirakçısı Nikolas Sauzvel bildirib: “Əla ekran əsəri izlədik, aktyorların oyununu xüsusi qeyd etmək istəyirəm. Bu, tamaşaçıya Azərbaycanın tarixi haqqında məlumat vermək baxımdan əla filmdir. Yüz il əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilib. Bu, hətta Böyük Britaniyadan da əvvəl olub. Azərbaycanda olmamışam, amma ölkəniz haqqında təsəvvürlərim çox müsbətdir. Tezliklə oraya səfər etməyi planlaşdırıram”.

Antropoloq alim Tamara Draqadze qeyd edib: “Filmdən zövq aldım. Peşəkar bir sənət əsəri izlədim. Aktyorların oyunu, səhnə quruluşu, hər şey əla idi. Arxiv materiallarından istifadə edilməsi filmin belə gözəl alınmasına səbəb olub”.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibətilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilib. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.

“Son iclas” filminin ilk təqdimatı mayın 25-də Bakıda Heydər Əliyev Mərkəzində olub.

2018-10-31 / 14:23
Facebook