STAR zavodunun işə düşəcəyi tarix açıqlanıb

 

 

Bakı. 12 oktyabr. REPORT.AZ/ Oktyabrın 19-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR Neft Emalı Zavodunun (NEZ) açılış mərasimi keçiriləcək.

“Report” xəbər verir ki, bunu “STAR Rafineri A.Ş.”nin baş direktoru Mesut İlter “Anadolu” agentliyinə bildirib.

O xatırladıb ki, hazırda zavodda sınaq məqsədilə istehsal həyata keçirilir. M. İlter zavodun 2019-cu ilin yanvar ayından etibarən tam gücdə ( illik 10 mln. ton) istismarda olacağını qeyd edib: “STAR “Petkim” neft-kimya kompleksinin əsas xam maddələri olan nafta, reformat və qarışıq ksilol tələbatını qarşılayacaq. Zavod “Petkim”i xam maddə ilə təmin etməklə yanaşı, Türkiyə üçün strateji əhəmiyyətə malik olan dizel yanacağı, təyyarə yanacağı, LPG kimi neft məhsulları istehsal edərək ölkə iqtisadiyyatına da fayda verəcək. Türkiyədə dizel yanacağının istehlakı hər il 7-8% artır. Belə ki, ötən il ölkədə 10,5 mln. ton mqdarında dizel yanacağı istehsal edilib, lakin istehlakın həcmi 24 mln. ton təşkil edib. Tələbatın 13 mln. tonu idxal hesabına ödənilib, yəni keçən il istehlak edilən dizel yanacağının 56%-i idxal olunub. STAR zavodunda ildə 5 mln. ton dizel yanacağı istehsal ediləcək ki, bu da bu məhsulun idxal faizini 40%-dən aşağı salacaq”.

Baş direktor STAR-ın Türkiyənin təyyarə yanacağı ehtiyacını isə tam təmin edəcəyini bildirib. “İstanbulda yeni Hava Limanının açılması və turizm sektorundakı artım səbəbindən Türkiyənin təyyarə yanacağı istehlakının sürətlə artacağı proqnozlaşdırılır. STAR zavodu illik 1,6 mln. ton miqdarında istehsalla Türkiyənin təyyarə yanacağı tələbatını ödəyəcək.Türkiyədə ildə 3,7 mln. ton LPG istehlak edilir və bunun da 80%-i idxal olunur. STAR zavodu istismara verildikdən sonra idxal faizi 70%-ə düşəcək. Bunları nəzərə alaraq, STAR zavodunun Türkiyənin xarici ticarət balansındakı cari kəsirini 1,5 mlrd. dollar azaldacağı proqnozlaşdırılır. Bu, ən az məbləğdir. Düşünürəm ki, neftin qiymətindən asılı olaraq bu məbləğ daha da artacaq”, - M. İlter vurğulayıb.

O qeyd edib ki, neftin qiymətindən asılı olaraq zavodun dövriyyəsi hər il 6-8 mlrd. dollar olacaq: “STAR Türkiyədə ilk dəfə neft emalı –neft-kimya inteqrasiyasını yaradıb və Avropanın ən müasir zavodudur”.

M.İlter vurğulayıb ki, sərmayələrin azaldığı bir vaxtda zavodun istismara daxil olması SOCAR-ın və Azərbaycanın Türkiyə iqtisadiyyatına etibarının göstəricisidir.

Qeyd edək ki, STAR zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Zavod fəaliyyətə başladıqdan sonra burada ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 160 min ton kükürd və digər məhsullar istehsal olunacaq.

Bu ilin avqust ayında STAR zavodu üçün “Absheron” adlı tankerlə 80 min ton həcmində “AzeriLight” markalı ilk xam neft yükü çatdırılıb.

Zavodun ümumi investisiya dəyəri 6,3 mlrd. dollar təşkil edir.

2018-10-12 / 18:33
Facebook