Alim Qasımov və Sami Yusuf Bakıda keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalında çıxış edəcəklər

 

 

Bu gün Azərbaycanda ilk dəfə olaraq Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayır. Sentyabrın 27-dən 30-dək keçiriləcək Festival şeir və sənətin yaşadılması məqsədi daşıyır. Festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşır.

Nəsiminin əsərləri təkcə böyük sənətkarlıqla yazıldığı üçün deyil, həm də insan ruhunun ən dərin qatlarına sirayət edən dərin məna və inandırıcı səmimiyyətə görə dəyərli hesab edilir. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət, musiqi növləri və bilik sahələrini əhatə edir.

Azərbaycanın dünyaca məşhur olan iki sənətçisi Alim Qasımov və Sami Yusuf da bu festivalda iştirak edəcəklər.

Azərbaycanın milli sərvəti hesab edilən Alim Qasımovun xalqımızın qədim mədəni irsinin ölməz nümunəsi olan muğamın dünyada tanıdılmasında böyük rolu var. Qədim musiqi ənənəsi və mədəni fenomen olan muğam klassik şeir və improvizasiyalı musiqini özündə ehtiva edən çox mürəkkəb bir sənət formasıdır. Alim Qasımovun nadir ifa tərzində əsrlərə söykənən muğam sənəti sanki müasir dövrün yenilikləri ilə bəhsə girir. Muğam ustasının bu valehedici ifası sayəsində Azərbaycanın musiqi zənginliyi bu gün dünyada yüksək qiymətləndirilir.

“New York Times” qəzeti yazır ki, Alim Qasımov insanları ehtiras və sədaqət, cazibə və mistisizm hissləri ilə ovsunlayan möhtəşəm spontanlıq qabiliyyətinə malik ən böyük ifaçılardan biridir. Fransanın nüfuzlu “Le Monde” qəzeti Alim Qasımovu dövrün ən gözəl səslərindən birinə sahib olan bir virtuoz kimi qələmə verib. Böyük Britaniyanın "The Guardian" qəzeti isə onu planetin ən məftunedici və emosional ifaçılarından biri adlandırıb. Alim Qasımov dünyada sülhün qorunmasına verdiyi töhfələrə görə Beynəlxalq IMC-UNESCO Musiqi Mükafatına layiq görülüb. "Musiqi üzrə Nobel mükafatı" hesab edilən bu nüfuzlu təltifə layiq görülməklə Alim Qasımovun adı Yehudi Menuhin, Dmitri Şostakoviç, Leonard Bernşteyn, Ravi Şankar, Olivier Messiaen və Daniel Barenboim kimi musiqi dühaları sırasına qoşulub.

Sami Yusuf Azərbaycan əsilli, milyonlarla dinləyicinin qəlbini fəth edən və yeni bir qlobal musiqi janrının inkişafına səbəb olan dünya şöhrətli Britaniya müğənnisi və bəstəkarıdır. Əslən azərbaycanlı olan Saminin baba və nənəsi keçmiş Sovet İttifaqı dövründə Bakıdan İrana köçüb. Beləliklə, o, Tehran şəhərində dünyaya göz açıb. Onun 3 yaşı olanda isə valideynləri Böyük Britaniyaya köçüb. Bu günədək Sami valideynləri ilə birlikdə bu ölkədə yaşayır. S.Yusuf hələ uşaqlıqdan musiqiyə böyük həvəs göstərir və bu maraq onu musiqi təhsili almaq üçün dünyanın ən məşhur musiqi ocaqlarından birinə - Kral Musiqi Akademiyasına (RADA) gətirib çıxarır.

Bu günə qədər 34 milyondan çox satılan albomla Sami Yusuf musiqisinin təsirini qiymətləndirməmək olmur. BBC məşhur müğənnini "meqa star" adlandırır. Onun musiqisində olan müsbət mesaj dünyada sülh və harmoniyanın qorunmasına səsləyir və ifasında istifadə etdiyi mənəvi dəyərləri əks etdirən qlobal ritmlər və melodiyalar dünyada bütün dinləyiciləri məftun edir. O, Azərbaycan, Əndəlüs, Ərəbistan, Şimali Afrika, Mərkəzi Asiya və Çinin minillik musiqi ənənələrini özündə ehtiva edən möhtəşəm bir musiqi kolleksiyasına sahibdir. Alim Qasımovla yanaşı, Sami Yusuf də bu gün dünyaca məşhur Azərbaycan əsilli musiqiçilərdən hesab edilir.

Şamaxıda keçirilən festivalın açılış mərasiminə iştirak etdikdən sonra sıx iş qrafikinə baxmayaraq, S.Yusuf əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Bakıya gəlib. Onun mahnıları insanları çox ruhlandırır və milyonlarla dinləyiciləri məftun edir. “National Geographic” jurnalında işləyən dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin bacısı Pəriçöhr Deqatinin XV əsrə məxsus, UNESCO tərəfindən tanınmış Şirvanşahlar Sarayı və orta əsrlər dövrünün görkəmli azərbaycanlı filosofu Seyid Yəhya Bakuvinin türbəsi yaxınlığında yerləşən evində S.Yusufu qonaq kimi qəbul etdiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu tarixi binanın damından paytaxta möhtəşəm bir mənzərə açılır. Sami Yusuf Şirvanşahlar Sarayının yanında yerləşən Pəriçöhr Deqatinin evində əyləşib Şərqdən Qərbə doğru geniş ərazidə yayılan adət-ənənələrdən ilhamlanaraq müzakirələr aparır, öz əcdadlarının vətəni ilə gələcək əməkdaşlıq imkanları, eləcə də Azərbaycanın musiqi və bədii irsinin zənginliyindən söhbət açır. Onun dediyi kimi, gələcək planlarına Alim Qasımovun iştirakı ilə xüsusi muğam seqmenti və Bakıda Sami Yusufun solo konsertləri çərçivəsində ənənəvi rəqs nümayişinin təşkili daxildir.

 

2018-09-28 / 18:50
Facebook