Tahir Mirkişili: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür

 

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənəd təsdiq edildi. Xəzəryanı ölkələrin prezidentləri tərəfindən imzalanan Konvensiya regionda neft və qaz ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlini xeyli asanlaşdıracaq, su resurslarından istifadəni tənzimləyəcək.

Bu fikri Milli Məclisin deputatı, siyasi ekspert Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, İran Xəzərin bölünməsini “göl prinsipi” üzrə, yəni, hər bir ölkəyə bərabər pay verilməsi qaydasını təklif edirdi. Digər 4 ölkə isə “dəniz prinsipi” üzrə, yəni, orta xətt ilə müəyyən məsafədə hər bir ölkənin sektorlarının müəyyən olunmasını, dənizin ortasının isə ümumi istifadəyə verilməsini təklif edirdi. Ötən müddət ərzində Azərbaycan, Qazaxıstan və Rusiya, həmçinin Qazaxsan və Türkmənistan öz aralarında dənizin şimal hissəsinin orta xətt prinsipi ilə bölünməsini razılaşdırdılar.

“Bu məsələ ilə bağlı 22 il ərzində 5 sammit keçirilib. Nəhayət, avqustun 12-də keçirilən beşinci Zirvə toplantısında Xəzərin dibinin “dəniz prinsipi”, suyunun isə “göl prinsipi” əsasında bölünməsi razılaşdırıldı. 1982-ci ildə qəbul edilmiş BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyasının prinsipləri dənizin dibinin bölünməsini əhatə edir. Konvensiyasını bütövlükdə Xəzər dənizinə aid etmək mümkün deyil. Belə ki, konvensiyadakı “dəniz” anlayışına Xəzər uyğun gəlmir. Eyni zamanda, Xəzərin suyunun və təkinin tərkibi, forması onu göl adlandırmağa da imkan vermir. Məhz bu xüsusiyyətlər Xəzər haqqında ayrıca sazişin olmasını labüd edirdi”, - deyə T.Mirkişili vurğulayıb.

Deputat bildirib ki, Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü və “qazan-qazan” prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi.

Azərbaycanın sənədin razılaşdırılmasındakı mühüm rolundan bəhs edən deputat 2010-cu ildə Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilmiş III Zirvə Toplantısının ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verdiyini ifadə edib.

Tahir Mirkişili deyib: “İndiyə qədər tənzimlənməyən Xəzərin hüquqi statusu Türkmənistan ilə Azərbaycan arasında sualtı Transxəzər Qaz Kəmərinin reallaşmasına da mane olurdu. Konvensiyaya görə, bu layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verəcək. Sənədə əsasən ekoloji standartlar nəzərə alınmaqla belə layihələr qonşu ölkələr arasında reallaşa bilər”.

Xəzər dənizinin hüquqi statusunu müəyyən edən Konvensiyanın imzalanmasının çox önəmli hadisə olduğunu söyləyən deputata bildirib ki, bu sənəd Azərbaycanın illər boyunca irəli sürdüyü mövqe ilə üst-üstə düşür və Xəzəryanı dövlətlərə fayda gətirəcək.

2018-08-13 / 16:28
Facebook