“Jara-2018” Lyubov Uspenskayanın yaradıcılıq gecəsi ilə başa çatıb

 

 

Bakıda "Jara-2018" Beynəlxalq Musiqi Festivalının dördüncü – sonuncu günü Rusiyanın tanınmış müğənnisi Lyubov Uspenskayanın yaradıcılıq gecəsi keçirilib.

Verilən məlumata görə, gecədə Nastasya Samburskaya, Anastasiya Spiridonova, Ani Lorak, Qriqori Leps, Anjelika Aqurbaş, Denis Klyaver, Slava, EMIN, Qlyuk'oza, İntars Busulis və başqaları Lyubov Uspenskayanın repertuarından mahnılar səsləndiriblər.

Çıxış edən Lyubov Uspenskaya yaradıcılıq gecəsinin Bakıda keçirilməsindən məmnunluğunu bildirib və hər kəsə təşəkkür edib. Daha sonra tanınmış müğənni sevimli mahnılarını ifa edib. Onun Azərbaycan dilində oxuduğu "Ağ çiçəyim" mahnısı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Gecədə Lyubov Uspenskaya Soso Pavliaşvili, Dominik Coker, Aleksandr Panayotov və başqaları ilə duetlər də oxuyub. Şövqlü ifa və rəqslər tamaşaçılarda xoş anlar yaşadıb.

Lyubov Uspenskayanın yaradıcılıq gecəsi “Jara-2018” çərçivəsində sonuncu tədbir olub.

Festival iştirakçıların səhnəyə çıxaraq birgə ifası və atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, festivalda çıxış edən 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi dörd gün ərzində Bakının mədəni həyatına sevgi, hərarət, coşqunluq gətirdi. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun musiqini dinləyə bildilər. Başqa cür ola da bilməz. Belə ki, “Jara-2018”in hazırlıq işlərinə ondan əvvəlki festival yekunlaşdıqdan bir neçə gün sonra başlanılmışdı. Festivalı yüksək səviyyədə keçirmək üçün təşkilatçılar maksimum səylə çalışıblar. Çünki onlar festival zamanı tamaşaçıların unudulmaz anlar yaşayacaqlarına söz vermişdilər. “Jara”nın hər gününün konsert proqramı, müğənnilərin bir-birindən maraqlı ifaları, müxtəlif instalyasiyalar, əsrarəngiz şou, bir sözlə, mərasimin möhtəşəmliyi təşkilatçıların verdikləri sözə əməl etdiklərini təsdiqlədi. Musiqi ilə yanaşı, xoreoqrafiya səhnəcikləri, fərqli dekorasiyalar, işıq və lazer şousu tamaşaçıların zövqünü oxşadı. Təşkilatçıların ən xırda detalları belə nəzərə almaları, müasir səhnə tərtibatı, məşhur müğənnilərin bir-birindən gözəl mahnıları, gözlənildiyi kimi, “Jara”nı unudulmaz anlar, xoş xatirələr və əsl bayram tədbirinə çevirdi.

Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

2018-07-30 / 12:13
Facebook