Azərbaycan ordusu hektarlarla ərazini necə azad etdi? – Təfərrüat...

 

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. 

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən məlumat verilib.

 Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi,  mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib.  Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafında yüksəkliklər “Qızılqaya” dağı  və “Qaraqaya” dağlrında yeni mövqelər ələ keçirilərək Dərələyəz mahalının Arpa  kəndində düşmənin fəaliyyəti (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına götürülmüşdür. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınmışdır. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza  nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km yeni yol çəkilmiş, 55 km-dən artıq yararsız yollar isə bərpa edilmişdir. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının Taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuşdur.

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

 

 

2018-06-09 / 11:49
Facebook