Dahi bəstəkar Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-da təntənə ilə qeyd edilib

 

 

Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil qərargahında təntənə ilə qeyd edilib.

Tədbirdə Azərbaycanın xarici işlər və mədəniyyət nazirləri, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, eləcə də Parisdə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Fransa ictimaiyyətinin, işgüzar dairələrin, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi bəstəkarın yaradıcılığı ilə yaxından tanış olublar. Qara Qarayevin həyat və yaradıcılığına həsr olunan jurnal və onun əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək dahi bəstəkar Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb. Bildirib ki, yaradıcılığı boyu ayrı-ayrı klassiklərin, xüsusilə Nizaminin və Füzulinin əsərlərinə müraciət edən Qara Qarayev “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir bəy Hacıbəylidən öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alıb.

Səfir böyük bəstəkarın 110-na qədər əsər yazaraq, milli musiqi tariximizdə dərin iz qoyduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilib, onun adına küçə, metro stansiyası var. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakının mərkəzində Qara Qarayevin abidəsinin açılışı olub.

UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayevin musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.

Yubiley tədbiri böyük bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

Fuad İbrahimovun dirijorluq etdiyi konsertdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında böyük bəstəkarın əsərləri səsləndirilib. Orkestri Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov, Cəmil Sədizadə, Elvin Xoca Qəniyev (virtuoz skripka) müşayiət ediblər.

Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərindən fraqmentlər göstərilib.

Dahi bəstəkarın əsərləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

2018-05-15 / 11:24
Facebook