Bakı sakinləri və turistlər üçün xüsusi imkanlar yaradan yeni "Baku Card" istifadəyə veriləcək

 

Bu gün Milli Turizm Təbliğat Bürosu, Bakı Nəqliyyat Agentliyi və "PASHA Travel" şirkəti arasında Bakı şəhərinin rəsmi şəhər kartını yaratmaq məqsədilə memorandum imzalanıb.

Memorandumu Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktorunun müşaviri Mübariz Abbasov və “PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid imzalayıb.

M.Abbasov bildirib ki, BNA bu layihəni dəstəkləyir. "Çalışırıq ki, Agentlik hansı islahatlar aparıbsa, bundan sonra da həmin işlər davam etdirilsin. Yarandığı gündən Nəqliyyat Agentliyi Azərbaycan prezidenti İlham Əliyevin tapşırıqlarını layiqincə həyata keçirir, infrastruktur sahəsində islahatlar aparır. Nəqliyyatda nağdsız ödəniş sisteminə keçilib. Hazırda Bakıda 22 marşrut xətti üzrə 540 avtobusda "Bakı Kart" vasitəsilə nağdsız ödəniş həyata keçirilir".

Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev qeyd edib ki, bu layihənin əhəmiyyətli tərəfi odur ki, turizm sənayesinin bütün üzvləri bu prosesdə yaxından iştirak etməlidir: "Turizmin inkişafında yalnız dövlət deyil, biznes qurumları da çalışmalıdır. Turizm sahəsinin inkişafı ilə bağlı görüləcək xeyli işlər var. Bunlar arasında ən mühümü turistlərlə bağlı statistik məlumatların əldə olunmasıdır. Biz bu kart vasitəsilə turistlərin hansı obyektləri ziyarət etdiyini öyrənəcəyik və çatışmazlıqları aradan qaldıracağıq".

"PASHA Travel” şirkətinin əməliyyatlar üzrə baş direktoru Florian Sengstschmid bildirib ki, növbəti bir neçə ay ərzində kart satışa çıxarılacaq: "Bu kart bir çox üstünlüklər təqdim edir. Kart o səbəbdən yaradılır ki, turistlər nəqliyyatdan istifadə edə bilsin, eləcə də muzeylərə girişdə, mağazalarda endirim qazansınlar. Biz bu layihə ilə həm də yerli əhali üçün dəyər yaratmağa çalışmışıq ki, onlar da endirimlərdən yararlana bilsinlər. Kartın maliyyələşməsini "Paşa Travel həyata keçirir".

Qeyd edək ki, "Baku Card", Azərbaycanda ilk və yeganə Bakı şəhərinin rəsmi şəhər kartıdır. Kart sahibləri pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz və ya endirimli girişdən istifadə edəcək.  Bundan əlavə, “Baku Card” sahibləri mağazalar, kafelər, restoranlar və daha çox müxtəlif yerlərdə endirimlər və xüsusi təkliflər əldə edə biləcəklər. 24 saatlıq "Baku Card" 35 manat, 72 saatlıq "Baku Card" 60 manat və 1 həftəlik "Baku Card" 90 manata olacaq. 

 

2018-02-28 / 12:46
Facebook