Yüksək Texnologiyalar Parkında Reyhan Camalovanın “Rainergy” qurğusunun təkmilləşdirilməsi üçün lazımi şərait yaradılacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında (YTP) gənc startapçı Reyhan Camalovanın “Rainergy” layihəsinin həyata keçirilməsi, ixtira olunan qurğunun təkmilləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Bunu gənc ixtiraçı ilə YTP-də keçirilən görüşdə parkın biznes inkubasiya mərkəzinin müdiri Vüsal Süleymanlı söyləyib.

YTP-dən bildiriblər ki, görüşdə Reyhan Camalova ixtirası haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yağış suyundan enerji istehsalını nəzərdə tutan “Rainergy” qurğusu dörd əsas hissədən - yağış suyu kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır. Bu da təqribi 22 vat enerji deməkdir. Reyhan Camalovanın layihəsi alternativ enerji mənbələrinin dünyada aktuallaşdığı dövrdə, xüsusilə yağıntıların çox olduğu Hindistan və İndoneziya kimi ölkələr üçün əlverişlidir.

Qeyd edək ki, 15 yaşlı Reyhan Camalovanın ixtirası noyabrda Hindistanda keçirilən Qlobal Sahibkarlıq Forumunda böyük marağa səbəb olub, ABŞ Prezidentinin baş müşaviri və qızı İvanka Trampın diqqətini çəkib.

2017-12-21 / 11:40
Facebook