Futbol azarkeşlərimizə istehza edən jurnalist üzr istədi

 

 

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı ev oyununda bir qrup “Qarabağ” azarkeşinin açdığı pankartı Türkiyənin “Sabah” qəzetində lağa qoyan jurnalist Mevlut Tezel buna görə sərt tənqidlərə məruz qalıb.
Yazı elə ötən gecə “Sabah”ın internet portalından silinsə də, bu gün sözügedən yazar özü sosial şəbəkə vasitəsilə Azərbaycan xalqından buna görə üzr istəyib. Artıq haqqında bəhs etdiyimiz nəşr də sözügedən məsələ ilə bağlı mövqeyini açıqlayıb. Mövzu ilə bağlı dərc olunan son yazıda qeyd olunur ki, M.Tezelin ötən gün qələmə aldığı bəzi cümlələr sosial şəbəkələrdə yanlış anlaşılıb. Yazar özü isə “Bizim Azərbaycan və Qarabağ sevgimizi kimsə sorgu-sual edə bilməz” deyib.

M.Tezelin bu gün “Sabah”da dərc olunan yazısında qeyd etdikləri də maraq doğurur:

“Qarabağ”ın “Atletiko” ilə ev oyununda bəzi tərəfdarların klubun adını yazaraq şəffaf fayla qoyduğunu gördükdə, onların bu təvazökar addımına dair zarafatyana bir yazı yazmağa çalışdım. Amma sosial şəbəkələrdə böyük hücuma məruz qaldım. Bəziləri təşkilatlanmış şəkildə hərəkət etdi: erməni, FETÖ-çü olduğumu və s. yazdılar. Mənə və ailəmə edilən təhqirləri isə burada yazmağa tərbiyəm icazə vermir. Yazdığım yazı ortadadır. Mən yazıdakı “əzik” bənzətməsini də tribunalarda böyük örnəklərini görməyə alışdığımız “koreografi”lər arasında müqayisə aparmaq üçün işlətdim. Yazıda qətiyyən Azərbaycan xalqını və “Qarabağ” tərəfdarlarını təhqir edəcək bir ifadə yoxdu. Qarabağ Azərbaycan xalqı ilə nə alıb verə bilmədiyim ola bilər ki? Azərbaycan xalqına və Qarabağdakı haqlı mücadiləsinə sonsuz hörmət və dəstək göstərən bir qəzetdə çalışıram. “Qarabağ” azarkeşlərini təhqir etməyim üçün mənim dəli olmağım lazımdır!”

M.Tezel yazının sonunda bir daha Azərbaycan xalqından və “Qarabağ” tərəfdarlarından üzr istəyib:

“Yazım yanlış anlaşıldısa və ya düşüncələrimi tam olaraq oxucularıma çatdıra bilmədimsə (necə ki, elə oldu), qardaş Azərbaycan xalqı və “Qarabağ” azarkeşlərindən üzr istəyirəm”.

2017-10-23 / 09:46
Facebook