Vyanada Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə

15075450844413929597_1000x669

Vyana şəhəri Marqareten rayonunun bələdiyyə binasında Azərbaycan muğamlarına həsr olunmuş ədəbi-bədii gecə keçirilib.

Gecədə tanınmış musiqiçi Fərəməz Gərmrudinin məruzəsi dinlənilib. Muğamların tarixindən bəhs edən natiq Azərbaycan və İran muğamları arasında oxşar və fərqli cəhətlərdən danışıb. Sözlə musiqinin vəhdətindən, muğamın yaratdığı ecazdan bəhs edib.

Muğamın Azərbaycan klassik xalq musiqisinin əsas janrlarından olduğunu söyləyən F.Gərmrudi deyib ki, muğamlar muğam dəsgahları, kiçik həcmli muğamlar, zərbi muğamlar və simfonik muğamlara bölünür. Həmçinin qeyd olunub ki, çağdaş Azərbaycan musiqisində 7 əsas, 3 köməkçi muğam var.

Ayrı-ayrı muğamların xüsusiyyətlərindən bəhs edən məruzəçi muğam dəsgahları barədə də iştirakçılara məlumat verib.

Sonra Fərəməz Gərmrudi udda muğam ifa edib, Azərbaycan xalq mahnılarını səsləndirib, eləcə də tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbirin sonunda dünyanın müxtəlif ölkələrində baş verən münaqişələrdə ən böyük zərbəyə məruz qalan şəxslərə - körpə uşaqlara həsr olunmuş videofilm təqdim olunub.

Qeyd edək ki, F. Gərmrudinin bəstələdiyi bir çox mahnılar musiqi xəzinəmizi daha da zənginləşdirib. O, musiqi əsərləri bəstələməklə, oxumaqla yanaşı, həmçinin mahir ud ifaçısı kimi də şöhrət qazanıb. F. Gərmrudi rəhbərlik etdiyi muğam qrupu ilə dünyanın müxtəlif ölkələrində, eləcə də Vyanada dəfələrlə konsert proqramları ilə çıxış edib.

2017-10-09 / 14:59
Facebook